Parlamentdə Rusiyaya tənqid: “Laçın yolunda nəzarət postumuz olmalıdır”

Aktual

02.12.2022 - 15:24

Siyavuş Novruzov: “Xəritələr sizdədirsə, verin, çıxarın qoyun ortaya”

Fəzail Ağamalı: “O, bütün təlimatları Rusiyanın hərbi-siyasi rəhbərliyindən alır”

Milli Məclisin bu gün keçirilən iclasında Rusiyanın və Rusiya sülhməramlılarının Qarabağla bağlı fəaliyyəti tənqid edilib. AYNA xəbər verir ki, iclasda çıxış edən deputat Siyavuş Novruzov ad çəkmədən ötən gün açıqlama verən Rusiya xarici işlər naziri Sergey Lavrovun fikirlərinə etiraz edib.

Millət vəkili deyib ki, artıq dəfn edilən Minsk Qrupunun digər üzvü (Rusiyanı nəzərdə tutur - red) o boyda dövlətin marağından deyil, içərisində olan erməni yanğısından danışır: “Deyib ki, o vaxt belə təklif edirdik, qəbul etmədiniz. Sən niyə yalan deyirsən ki, Qarabağın statusu gələcəyə saxlansın. Bəli, Soçidə bunu etmək istəyirdiniz, amma Azərbaycan Prezidentinin qətiyyəti sayəsində olmadı, suyu süzülə-süzülə oranı tərk etdiniz. Cənab Prezident bəyan edib ki, status məsələsi yoxdur. Deyir onlar nəyi müzakirə edirlər, xəritələr bizdədir. Xəritələr sizdədirsə, verin, çıxarın qoyun ortaya. Azərbaycan deyir BMT-yə daxil olan sərhədlərlə məsələ həllini tapacaq”.

Deputat bildirib ki, Milli Məclisin dostluq qrupları fəal olmalıdır: “Sabah Rusiya Parlamentindən qərar gələndə deməməliyik ki, təəssüf edirik. Hər bir addıma ciddi şəkildə cavab verməliyik. Azərbaycan müstəqil dövlətdir və onun işinə qarışmağa heç kimin haqqı yoxdur”.

Deputat Fəzail Ağamalı isə deyib ki, Azərbaycan Laçın yolunda öz postunu yaratmalıdır: “Qarabağda bu gün fəaliyyət göstərən sülhməramlı qüvvələr, onun komandanı elə bir cəsarət sahibi deyil ki, özbaşına hərəkət etsin. O, bütün təlimatları Rusiyanın hərbi-siyasi rəhbərliyindən alır. Azərbaycanın təbii sərvətləri daşınır, onun əvəzində isə Azərbaycana silahlar gəlir. Bunu edənlər kimdir? Erməni speratçıları, erməni faşistləri. Bunu himayə edənlər kimlərdir? Azərbaycanın ərazisində müvəqqəti fəaliyyət göstərən sülhməramlı qüvvələr var”.

“Hesab edirəm ki, heç bir tərəddüd etmədən Laçın yolunda nəzarət postumuzu yaratmalıyıq”.

Müəllif: Ayna.az