Parlamentdə nazirliyə etiraz: “Olmaz ki, məsləhət verdiyi qədər də iş yeri açsın?”

Aktual

15.03.2024 - 15:20

Nazirlər Kabinetinə təkliflər verildi: “Ermənistana müraciət etməliyik ki, Qərbi Zəngəzurda quru və dəmir yollarını da çəkməyə hazırıq””

Bu gün Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı dinlənilib.  Baş nazir Əli Əsədovun təqdim etdiyi hesabat toplantısında Nazirlər Kabinetinin digər üzvləri də iştirak ediblər. Ə.Əsədov hesabatı təqdim etdikdən sonra müzakirə başlayıb, deputatlar fikir və təkliflərini səsləndiriblər.

Komitə sədri: “Təkcə büdcə vəsaitləri ilə Qarabağı tikmək qeyri-mümkündür”

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc Baş nazirin hesabatına münasibət bildirərkən deyib ki, hökumətin “Böyük Qayıdış” siyasəti işğaldan əvvəl Qarabağda 936 yaşayış məntəqəsini gələcəkdə 316-ya endirməyi nəzərdə tutur: “Vaxtilə yaponlar və almanlar da oxşar yolla gediblər. Amma təkcə büdcə vəsaitləri ilə Qarabağı tikmək qeyri-mümkündür. Texnika və qurğular, xammal və materialların idxalı 2023-cü ilin 1 yanvarından 10 il müddətinə ƏDV-dən azad olunub. Bu, müsbət addımdır. Lakin emal sənayesi və xidmət infrastrukturunu yaratmaq, onu iqtisadi sistemə qoşmaq üçün azad torpaqlarda “sıfır vergi” siyasətini tətbiq etsək, daxili-xarici investisiyanın yolunu açarıq. Hökumət xüsusi qaydalar hazırlaya, azad torpaqlara qayıtmaq istəyən, köçkün olmayan vətəndaşlara çağırış edə, şəffaf şərtlərlə bir kənddə 100 evi tikmək istəyən şirkətin planlarına icazə qarşılığında onların xərclərini qarşılaya bilər və dövlətin yükü paylaşılar”.

“Türk coğrafiyası azad torpaqlarda 100 məktəb inşa etsə, “Marşal planı”nın bir parçası olar”

“Türk Dövlətləri Birliyi ötən il beynəlxalq mövqelərini gücləndirib ki, bu, sevindirici haldır. İslam Konfransı Təşkilatı, o cümlədən, 156 milyonluq əhali, 1.3 trilyon dollarlıq ÜDM-ə malik olan türk coğrafiyası azad torpaqlarda 100 məktəb inşa etsə, “Marşal planı”nın bir parçası olar”, - deyə deputat vurğulayıb.

Komitə sədri bildirib ki, hökumət ABŞ və Avropa Birliyinə açıq müraciət edə bilər ki, işğalın nəticələrini aradan qaldırmaq üçün ölkəmizə kömək etsinlər: “Əgər milli tikinti şirkətlərinə onların inamı azdırsa, Beynəlxalq İnkişaf Agentliyinin xətti ilə öz tikinti qurumlarına sifariş versinlər. Ötən il Qarabağın bərpası üçün “Beynəlxalq Donor Konfransı” keçirilməsini təklif etmişdik. Bütün dövlətlərə dəvət göndərsək, gəlməyən ölkələrin ədalətə, sülhə münasibətini dünyaya göstərərik. Müharibəni xalqımız özü apardı, heç olmasa, 10 kəndi, 100 evin inşasını sabiq Minsk Qrupu üzərinə götürsün ki, BMT tribunasından danışmağa üzləri olsun”.

“Biz təhsili və texnologiyanı Qərbdə, ticarəti Şərqdə apara bilərik”

“Son 300 ildə elə bir quruluş olmayıb ki, biz torpaq itkilərinə və köçkünlüyə məruz qalmayaq. Prezident İlham Əliyev çoxəsrlik tarixi gedişi dəyişdirdi. Ermənistanla kommunikasiyalar ötən il də açılmadı. Azərbaycan Şərqi Zəngəzur yollarının tikintisini başa çatdırır. Biz Ermənistana müraciət etməliyik ki, Qərbi Zəngəzurda quru və dəmir yollarını da çəkməyə hazırıq, o şərtlə ki, bütün məsrəfləri geri almaq üçün rusum və ödənişlər müəyyən müddətə bizim büdcəyə ödəniləcək. Diplomatik münasibətləri olmayan iki ölkə arasında bu, ilk körpü olar”, - deyə millət vəkili vurğulayıb.

Z.Oruc Asiya Universiteti barpasını da təklif edib: “Seçkilər zamanı Asiya Universitetində görüşdə bəlli oldu ki, qlobal coğrafiyanı öyrədən təhsil müəssisəsi bağlanıb. 8 fakültəsi, 270 tələbəsi olan Asiya Universitetinə gənclər nədən gəlməyib? Bəlkə təbliğatı düzgün qurmamışıq?  Asiya qitəsində 4.4 milyard əhali yaşayır, Çin və Yaponiya ÜDM-ə görə 192 ölkə içərisində ilk onluqdadır. Böyük qitə ilə işləyən mütəxəssislər çox olsa, iqtisadiyyat şaxələnər, ixracın coğrafiyası genişlənər. Ölkəmizdə Qərb universiteti var, Avropa Birliyi ticarətimizdə 36 faizlik paya malikdir. Lakin sərt iqtisadi standartları olmayan Əfqanıstandan İraqa və Çinə qədər milyard manatlıq mal sata bilərik - İraqa 2012-ci ildə 418 milyon dollarlıq ticarət dövriyyəsi, indi 29 milyon dollara, Əfqanıstana isə 2014-də 275 milyondan 37 milyon dollara düşüb. Asiya Universitetini bərpa etmək, minlərlə kadr hazırlığına başlamaq gərəkdir. Biz təhsili və texnologiyanı Qərbdə, ticarəti Şərqdə apara bilərik”.

“Nazirlər Kabinetinin hesabatı martda yox, mayda təqdim edilsin”

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Tahir Mirkişili çıxışı zamanı təklif edib ki, Nazirlər Kabineti öz fəaliyyəti haqqında hesabatını hər il Milli Məclisin yaz sessiyasının 5-ci iclasında deyil, may ayında təqdim etsin: “Məncə, hökumətin hesabatının hər il may ayında təqdim olunması daha məqsədə uyğun olardı. Bu, həm də hesabatda təqdim edilmiş məlumatların daha dolğun və daha tam olmasına imkan verər. Hesabatda dövlət proqramlarının icrası haqqında daha geniş məlumatın verilməsi vacibdir. Bu həm də deputatların öz dairələrində görülən işlər haqda daha geniş məlumata sahib olmasına, deputat-seçici münasibətlərinin inkişafına səbəb olardı”.

Komitə sədri: “Təxirə salınmadan onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə edilməsi təmin olunmalıdır”

Deputat Soltan Məmmədov isə hökumət qarşısında narkoloji xəstəlikdən əziyyət çəkən vətəndaşlarla bağlı məsələ qaldırıb. Millət vəkili deyib ki, belə xəstələrin müalicə və reabilitasiya prosedurları xüsusi həssaslıq tələb edir: “Ona görə də bu müəssisələrin “Narkoloji xidmət və nəzarət haqqında” qanunun tələblərinə uyğun olaraq fəaliyyət göstərməsinə nəzarətin gücləndirilməsi vacibdir. Narkoloji yardım sahəsində xidmət göstərən hüquqi şəxslərin fəaliyyətinin Səhiyyə Nazirliyi tərəfindən verilmiş xüsusi razılıq əsasında həyata keçirməsi də mühüm əhəmiyyət kəsb edir. Bu müəssisələr müəyyən edilmiş müalicə protokollarından kənara çıxma hallarına yol verməməlidirlər”.

“Eyni zamanda, uşaqların peyvənd proqramlarına cəlb olunması məsələsinə yenidən baxmaq, ehtiyac olduğu halda bəzi digər xəstəliklərə qarşı vaksinasiyanı da Milli Pevənd Təqviminə daxil etmək olar. Biz bu mövzuda Səhiyyə Nazirliyi ilə mütəmadi müzakirələr aparırıq və təqdirəlayiq haldır ki, nazirlik məsələni xüsusi diqqətdə saxlayır”, - millət vəkili əlavə edib.

Səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanov isə çıxışında bildirib ki, onkoloji xəstəliklərin sığorta ilə əhatə olunmaması anlaşılan deyil: “İcbari tibbi sığorta fondunun maliyyə vəsaiti hesabat ilində 2 milyard manata yaxınlaşıb. İcbari tibbi sığorta ilə əhatə olunan cərrahi əməliyyatlara qoyulan say məhdudiyyətinin aradan qaldırılacağına ümid edir. 154 özəl xəstəxana sığortaya cəlb edilənlər sırasına əlavə edilib. Əhalinin sığortadan məmnunluğunun artması ilə yanaşı 5 milyondan çox insan 22 milyondan çox müraciət edib. Ümumiyyətlə, çox az sayda tibbi xidmətlər istisna olmaqla, bütün xidmətlər sığorta ilə əhatə olunmalıdır. Onkoloji xəstəliklərin sığorta ilə əhatə olunmaması başa düşülən deyil. Səbəb bu xəstəliyin müalicəsinin çox maliyyə tutumu olması göstərilir. Hesab edirəm ki, təxirə salınmadan onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə edilməsi təmin olunmalıdır, dərman vasitələri sığorta ilə qarşılanmalıdır”.

Deputat Fazil Mustafa isə çıxışında deyib ki, "Qarabağ” futbol klubunun dünənki uğuru göstərdi ki, maliyyə müstəqilliyi olan bir komanda Avropada Azərbaycan idmanının bu qədər üstünlüklərini göstərə bilər: “Bürokratiya müdaxilə etmədikcə, inkişaf daha çox olur. İdmanımızın inkişafına bu istiqamətdə diqqət yetirməliyik”.

“Bundan əlavə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 643 min nəfərə peşəyönümlü məsləhət verib, 486 min nəfərə iş yeri açdığı qeyd olunur. Olmaz ki, iş yeri açdığı qədər məsləhət, məsləhət verdiyi qədər də iş yeri açsın? İşə düzəldirlər bir ildən sonra çağırırlar ki, müqavilənin müddəti bitib. Bundan sonra isə onun yerinə başqa adamı götürürlər. Bu nöqsanlar aradan qaldırılmalıdır”.

Müəllif: Anar Bayramoğlu