Parlamentdə etiraz: “Hansı vəsaitlə bahalı maşınlarda gəzirlər?"

Aktual

22.10.2024 - 17:23

Həkimlər Klinikalar SEO Xidməti

“Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edildi:  26 partiyanın 25-i büdcədən maliyyə alacaq

Milli Məclisin bu gün keçirilən iclasında “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunub. Müzakirə zamanı deputatlar təkliflərini səsləndiriblər. Hakim Yeni Azərbaycan Partiyasından olan deputat Siyavuş Novruzov siyasi partiyaların maliyyə hesabatı verməməsindən narazılıq edib: “Qanunvericilikdə var ki, partiya hesabat vermirsə, məhkəmə qaydasında buna baxılmalıdır. Hətta bu məsələ partiyanın ləğv olunmasına qədər gedib çıxmalıdır. Amma bəzi partiyalar hesabat vermir”.

“Bunlar hansı vəsaitlə yaşayırlar, cangüdən saxlayırlar, ən bahalı maşınlarda gəzirlər?”

Qanun qəbul ediləndən indiyə qədər AXCP və digər bir neçə partiya Mərkəzi Seçki Komissiyasına heç bir hesabat vermir. Qalan partiyalar isə hesabatlarının qarşısında “0” rəqəmini yazırlar. Yəni heç bir vəsait daxil olmayıb. O zaman sual meydana gəlir, bunlar hansı vəsaitlə yaşayırlar, cangüdən saxlayırlar, ən bahalı maşınlarda gəzirlər?  Hətta övladları xaricdə ən bahalı universitetdə təhsil alırlar. Bunu nə ilə edirlər? Onlar niyə hesabat vermirlər? Halbuki həmin partiyaların rəhbərləri 20 ildir işləmir. Bəs bunlar necə yaşayırlar? Əgər şəffaflıqdan danışırıqsa, bu məsələlər ortaya çıxmalıdır. Ona görə də biz bu qanunu hələ daha da sərtləşdirməliyik. Bütün partiyalar hesabat verməlidir”.

YAP-dan olan digər deputat Məlahət İbrahimqızı isə təklif edib ki, siyasi partiyalara üzv olmaq üçün yaş həddi aradan qaldırılsa, yaxşı olar: “ABŞ, Avstraliya, Kanada kimi ölkələrdə siyasi partiyalara üzv olmaq yaşı 14-dən başlayır. Düşünürəm ki, biz də bu məsələyə baxmalıyıq. Çünki bizdə seçib seçilmək üçün yaş həddi 18-dir. Eyni zamanda, partiyalara üzvlük yaşı da 18-dən başlayır. Bu adam 18 yaşa çatana qədər hansısa partiyaya üzv olmalıdır ki, onun səsvermədə, seçib seçilməkdə bir fikri formalaşsın”.

“Daxildə milli məsələlər ətrafında güclü siyasi həmrəyliyə nail olundu”

Deputat Azay Quliyev müzakirə zamanı bildirib ki, Vətən müharibəsində əldə edilən tarixi qələbədən sonra Prezident İlham Əliyevin təşəbbüsü və tövsiyəsi ilə ölkənin inkişafında siyasi partiyaların rolunun artırılması və demokratik təsisatların gücləndirilməsi məqsədilə yeni siyasi konfiqurasiya, siyasi partiyalarla etimad və dialoq mühiti yaradıldı: “2022-ci ildə “Siyasi Partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi ilə bu sahədə dövlət siyasətinin etibarlı hüquqi bazası formalaşdırıldı. Məhz bunun nəticəsidir ki, daxildə milli məsələlər ətrafında güclü siyasi həmrəyliyə nail olundu, o cümlədən sonuncu parlament seçkilərində ölkədə fəaliyyət göstərən 26 partiyadan 25-i iştirak etdi. Düşünürəm ki, müzakirəmizə təqdim olunan dəyişiklər də bu siyasətin məntiqi davamı kimi qiymətləndirilməlidir. Belə ki, bu dəyişiklər qanunvericilikdə mövcud boşluqların aradan qaldırılmasını, siyasi sistemin daha da təkmilləşdirilməsini və siyasi partiyaların fəaliyyətinin şəffaf və qanuni əsaslarla tənzimlənməsini nəzərdə tutur”.

“Bütün partiyalar namizədlərinin topladıqları etibarlı səs sayına görə dövlət tərəfindən maliyyələşdiriləcəkdir”

Millət vəkili təklif olunan 3 dəyişiklik haqqında bir sıra məqamları qeyd edib: “Birinci, hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyesteri haqqında qanunda dövlət qeydiyatına alındıqdan sonra fəaliyyət göstərən qurumların siyahısına siyasi partiyalar da əlavə olunur. Çünki istənilən siyasi təşkilat qanunla müəyyən olunmuş qaydada rəsmi dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyətə başlamalıdır ki, bu da mövcud dünya praktikasına tam uyğundur. İkinci dəyişiklik dövlət reyestrində qeydə alınmış partiya üzvləri haqqında məlumatların aşkarlığı ilə bağlıdır. Yeni dəyişikliyə əsasən siyasi partiya üzvlərinin reyestri haqqında məlumatlarla hər kəsin tanış olmaq imkanı olmayacaq və üzvlər haqqında məlumatlar yalnız müvafiq sorğu əsasında qanunla müəyən edilmiş qurumlara təqdim olunacaq. Bu da çox prinsipial dəyişiklikdi, çünki xatırlayırsınızsa siyasi partiyalar haqqında qanun qəbul olunan zaman bəzi müxalifət partiyaları iddia edirdilər ki, onalrın üzvləri haqqında məlumatların açıq olması, bu şəxslərə təzyiq üçün şərait yarada bilər. Baxmayaraq ki, bu iddianın heç bir əsası yox idi, ancaq yenə də, bugünkü dəyişiklik qəbul olunarsa bu məsələ də qanun səviyyəsində birdəfəlik həll olunacaq. Üçüncü dəyişiklik partiyaların fəaliyyətində şəffaflıq və hesabatlılıq əmsalının artırılması haqqındadır. Belə ki, yeni dəyişikliyə əsasən bundan sonra Hesablama Palatası siyasi partiyaların da maliyyə fəaliyyətini yoxlaya biləcək. Bu da məntiqi yanaşmadır və məlum olduğu kimi, dünyanın bir çox ölkələrində dövlət büdcəsindən maliyyələşən partiyalara münasibətdə maliyyə nəzarət mexanizmləri tətbiq olunur. Həm də nəzərə alsaq ki, “Siyasi Partiyalar haqqında Qanuna” əsasən gələn ildən etibarən ilk dəfə olaraq yalnız parlamentdə mandat əldə edən 11 partiya deyil, parlament seçkilərində iştirak edən bütün partiyalar da namizədlərinin topladıqları etibarlı səs sayına görə dövlət tərəfindən maliyyələşdiriləcəkdir. Bu da digər 14 partiyanın dövlət büdcəsindən maliyyə alması deməkdir. Beləliklə, ölkədə fəaliyyət göstərən 26 siyasi partiyanın 25-i büdcədən maliyyə alacaqdır”.

“Hesab edirəm ki, dövlətin bu addımı həm siyasi partiyaların maliyyə müstəqilliyinə töhvə verəcək, həm də hakimiyyətin dialoq siyasətinin nəticələrindən biri kimi siyasi institutlara öz missiyalarını yerinə yetirmək və təşkilatlanmaq üçün əlavə imkanlar yaradacaq. Təklif olunan qanun layihələrinin məzmunu və fəlsəfəsi ölkədə həyata keçirilən siyasi islahatların hüquqi bazasının təkmilləşdirilməsinə xidmət edir”, - millət vəkili fikrini yekunlaşdırıb.

“Rəhbərlik etdiyim partiyanı hakimiyyətə qulluq etməkdə günahlandırırlar”

““Siyasi partiyalar haqqında” qanuna edilən dəyişikliklər siyasi partiyaların fəaliyyətində hüquqi boşluqların doldurulmasına kömək edəcək. Bu gün siyasi partiyaların şəffaf fəaliyyət göstərməsi üçün hüquqi baza var. Bununla yanaşı, siyasi partiyaların daha da güclənməsi lazımdır ki, bütün siyasi müzakirələr və məsələlər siyasi partiyalar müstəvisində olsun. Vətəndaşlar da bilsin ki, onlar üçün siyasi fəaliyyət və müzakirə siyasi partiya müstəvisində olan zaman fayda verir. Onlar da gedib şübhəli hərəkatlara, qurumlara və birliklərə qoşulmasın”. Bu sözləri isə çıxışında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Millət vəkilinin sözlərinə görə, siyasi partiyalar demokratiyanın tərkib hissəsidir: “Siyasi partiyalar yoxdursa, demokratiyanın ölçüsü də yoxdur. Bu baxımdan, onların ölçü göstərə biləcək səviyyədə inkişafı vacibdir. Bu həm də onun üçün lazımdır ki, onlar beynəlxalq birliklərdə öz maddi-texniki bazaları ilə sərbəst şəkildə iştirak edə, Azərbaycan adına işlər görə və ölkəmizi layiqincə təmsil edə bilsinlər. Siyasi partiyaların maddi-texniki bazası elə olmalıdır ki, onlar həm ölkə daxilində, həm də sərhədlərimizdən kənarda xalqa və dövlətə xidmət etməkdə sıxıntı ilə üzləşməsin”.

“Xeyli boşluqlar və təhlükələr görür, əsassız ittihamlar eşidirəm. Məni və rəhbərlik etdiyim Milli Cəbhə Partiyasını hakimiyyətə qulluq etməkdə günahlandırırlar. Böyük yanlışlıqdır. Biz Azərbaycan xalqına xidmət edirik. Sosial-demokratiya ideologiyası əsasında fəaliyyət göstərərək bütün antikonstitusion fəaliyyətlərə qarşı çıxırıq. Heç bir xarici qüvvəyə bağlı deyilik, xarici təşkilatın və ya iqtidar nümayəndələrinin göstərişləri ilə siyasət qurmuruq. Bizi günahlandıran AXCP sədri Əli Kərimli, Milli Şura kimi təşkilatlar isə göstərişləri xaricdən alır. Biz sizlərin dediyi kimi, daxildən göstəriş alsaq belə, bu ölkəmiz və xalqımız üçün təhlükəli deyil. Təəssüflə deməliyəm ki, sizlər isə Azərbaycan dövlətinin birmənalı maraqları olan yerdə belə ikibaşlı bəyanatlar və ikibaşlı açıqlamalar verirsiniz. Özünüzü fədakar kimi göstərirsiniz. Amma siyasəti və doplomatiyanı bilənlər gözəl başa düşür ki, sizin xeyli açıqlamalarınız ancaq və ancaq xarici aləm üçün deyilir. Yəni hakimiyyəti ələ keçirmək üçün heç nədən çəkinmək olmaz və ən ağır şərtlərə də razıyıq”, - millət vəkili qeyd edib.

“Əli Kərimliyə məsləhət görürəm ki, gözünü açıb bir daha diqqətlə baxsın”

R.Nurullayev sual edib ki, “əgər xaricdən vəd olunanlar bu qədər gözəl, cəzbedici idisə, niyə Moldovada Avropaya inteqrasiya əleyhdarları az qala referendumu udmuşdurlar?” – “Bu düşünmək üçün ciddi məsələdir. Moldovanlar Avropaya vizasız gedir, işləyir, güclü vəsait alır. Onlar Avropanın direktivası altında olmağa yox deyir, suveren, müstəqil siyasət yürütmək istəyir. Bunu Əli Kərimli də düşünsün. 26 oktyabrda Gürcüstanda parlament seçkiləri olacaq. Gürcüstan demək olar ki, Avropaya yox deyib. Axı gürcülər də vizasız gedib-gəlir, orada işləyir, hər cür dəstək alır, amma boyunduruq altına düşmək istəmir?” Deputat əlavə edib ki, Ukraynaya baxın, o dağılıb, məhv olub və məhv olmaqda davam edir: “Əli Kərimli və Milli Şura deyir ki, azadlıq, müstəqillik qurban tələb edir. Minlərlə qurban olmasa, azadlıq və müstəqillik, suverenlik olmaz”. Əli Kərimliyə məsləhət görürəm ki, gözünü açıb bir daha diqqətlə baxsın. Biz 30 min qurban vermişik, 20 faiz torpağımız dağıdılıb, 30 il bir milyon qaçqın-köçkün ən ağır şərtlər altında yaşayır. Daha bundan da ağır qurban vermək olar? Bundan sonra bir nəfər də qurban vermək olmaz. İndi ən ümdə məqsəd abad Azərbaycan qurmaq və insanlara layiqli həyat bəxş etmək üçün çalışmaqdır”.

Müzakirələrdən sonra qanuna dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

Müəllif: Anar Bayramoğlu