Pandemiya dövlətin nəzarətindədir, amma dərmanı vətəndaş alsın

Cəmiyyət

30.06.2020 - 10:39

Evdə müalicə alan COVID-19 xəstələrinə pulsuz dərmanlar veriləcəkmi – Cavab yoxdur

 

Nikolay Qoqolun "Müfəttiş" adlı ölməz komediyasında xəstəxanalar da daxil olmaqla, xeyriyyə müəssisələrinin qəyyumu Artemiy Filippoviç Zemlyanika deyir ki, “adi insanlara bahalı dərmanlar verməyə ehtiyac yoxdur, adi inasanlar onsuz da ölsə, öləcək, sağalsa, sağalacaq”.

 

24 iyun 2020-ci ildə Səhiyyə nazirinin müavini Viktor Qasımov Azərbaycanda asimptomatik yoluxmuş COVID-19 xəstələrinin artıq evdə müalicəsinə başlandığını elan etdi. Nazir müavini dedi ki, belə xəstələrə nəzarət yerli poliklinikalar tərəfindən həyata keçirilir.

Səhiyyə Nazirliyi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı ...

28 iyun 2020-ci il tarixində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) asimptomatik COVID-19 infeksiyasına yoluxanların ev şəraitində müalicəsinə nəzarət etmək niyyətində olduğunu bəyan etdi. TƏBİB tərəfindən aparılan monitorinq zamanı xəstələrə evlərini tərk etmək və ziyarətçiləri qəbul etmək qəti qadağandır. Xəstələr və onların qohumlarına xüsusi təyin edilən tibb işçiləri tərəfindən tənəffüs gigiyenası ilə əlaqədar təlimatlar verilməli, həmçinin xəstələrin qohumları xəstəliyin profilaktikası barədə tam məlumatlandırılmalıdır. Xəstəyə qulluğu şəxsi qoruyucu vasitələrdən istifadə edən qohumlardan yalnız biri etməlidir.

 

TƏBİB-in açıqlamasında, xəstələrin ev şəraitində müalicəsi zamanı onların dərman təminatının kimin öhdəsinə düşdüyü barədə heç nə deyilmir. Qeyd etmək istəyirik ki, asimptomatik COVID-19 xəstələrinin ev şəraitində müalicəsi Rusiyada və Avropanın bir çox ölkəsində mövcuddur. Lakin bu ölkələrdə evdə müalicə alan xəstələr dövlət tərəfindən lazım olan bütün dərmanlarla təmin olunur.

 

Beləliklə, 16 iyun 2020-ci il ildə Britaniya hökuməti koronavirusun müalicəsi üçün “Deksametazon” dərmanından istifadəyə razılıq verdi. Ölkənin Səhiyyə Nazirliyindən verilən məlumata görə, aparılan testlər göstərib ki, bu dərman oksigen müalicəsinə ehtiyacı olan xəstələr arasında ölüm riskini əhəmiyyətli dərəcədə azaldır. İngiltərədə evdə müalicə alan bütün asimptomatik yoluxmuş xəstələrə bu dərman pulsuz verilir.

 

9 aprel 2020-ci ildə Rusiya Səhiyyə Nazirliyi koronavirusa dair təlimatların beşinci versiyasını nəşr etdi. Orada istifadə üçün tövsiyə edilə bilən bir neçə dərman təyin olundu. Səhiyyə Nazirliyi tərəfindən tövsiyə olunan dərmanlar "Chloroquine", "Hydroxychloroquine", "Lopinavir + Ritonavir", "Azithromycin" preparatlarıdır. Rusiyada evdə müalicə alan bütün asimptomatik COVID-19 xəstələri də bu dərmanlarla pulsuz təmin edilir.

 

Bəs bizdə necə, asimptomatik COVID-19 xəstələrinə pulsuz dərmanlar veriləcəkmi?

 

Sualımıza cavab almaq üçün TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvana Əliyeva ilə əlaqə saxlamağa çalışdıq. Ancaq təəssüf ki, bu cəhdimiz uğursuzluğa düçar oldu. Sonra yerli rayon poliklinikaları ilə əlaqə qurmağı qərara aldıq, çünki Səhiyyə nazirinin müavini Viktor Qasımovun dediyinə görə, asimptomatik yoluxmuş insanların müalicəsinə nəzarət məhz bu qurumlara tapşırılıb.

TƏBİB: Azərbaycanda indiyədək 66 677 COVID-19 testi icra olunub

12 saylı poliklinikanın əməkdaşlarının AYNA-ya danışdıqlarına görə, koronavirus xəstələrinə hansısa pulsuz dərmanlar verilməsi barədə onlarda məlumat yoxdur. Evdə müzlicə alan xəstələrə pulsuz dərmanların nəzərdə tutulmamasını bizə 9 saylı poliklinikanın əməkdaşları da təsdiqlədilər.

 

TƏBİB-in təlimatlarına görə, evdə müalicə alan xəstəyə fərdi qoruyucu vasitələrdən istifadə edilməsi şərti ilə, ailə üzvlərindən kimsə bir nəfər qayğı göstərməlidir. İndi belə çıxır ki, xəstənin ailə üzvləri təkcə ona qulluq etməməli, həm də dərman almalı olacaqlar.

 

Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, COVID-19 virusuna yoluxmuş insanlar üçün bütün dərmanlar pulsuz verilməlidir: “Dövlət pandemiya ilə mübarizəni tam nəzarətə götürdüyünü deyir. Bu, o deməkdir ki, koronavirus xəstələri üçün də bütün dərmanlar dövlət tərəfindən pulsuz verilməlidir”.

 

Ölkənin baş infeksionisti Cəlal İsaevin isə o fikirdədir ki, asimptomatik yoluxmuş COVID-19 xəstələri üçün pulsuz dərman təminatına ehtiyac yoxdur: “Onlara immunitet sistemini gücləndirmək üçün dərmanlar lazımdır. Və bu dərmanlar kifayət qədər ucuzdur”.

Müəllif: Rəşad Rüstəmov