“Cennifer Lopezə görə Penitensiar Xidmətdən qovuldum” – <font color=red> İLGİNC İDDİA</font>

Cəmiyyət

28.10.2019 - 16:11

“Məhkəməyə müraciət edə bilər və sübut etməlidir ki, onu heç bir əsası olmadan tutduğu vəzifədən uzaqlaşdırıblar”

 

Rasim Əfqan oğlu Tağıyev iddia edir ki, onu 3 il öncə heç bir əsaslı səbəb gətirmədən, 12 il çalışdığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən uzaqlaşdırıblar. AYNA-ya müraciət edən Rasim Tağıyevin sözlərinə görə, onu işdən uzaqlaşdırarkən, öz “Facebook” səhifəsində bir neçə məşhurun şəklini bəyənməkdə ittiham ediblər.

 

“Hərbi xidmət də daxil olmaqla, 12 il ədliyyə orqanlarında qüsursuz, problemsiz xidmət etmişəm. 2016-cı ilin sentyabrın 4-də, səhər saat 9-da Penitensiar Xidmətin Əməliyyat rejim işləri üzrə rəis müavini Mirsaleh Seyidov və təhqiqat rəisi Elşən Həsənov məni Penitensiar Xidmətin bir otağına saldılar. Başladılar məni təhqir etməyə. Nə baş verdiyini anlamırdım. Təhqiramiz ifadələr, təzyiqlər altında məndən izahat yazmağımı tələb edirdilər. Guya mən 21.08.2016-cı il tarixdə gecə saat 20:00-da “Facebook”da Cennifer Lopezin, Ancelina Colinin və Rövşən Canıyevin (Lənkəranski - red.) şəkillərini "layk" etmişəm”, - deyə şikayətçi bildirir.

 

“Ancaq mən onlar deyən tarixdə və saatda 9 saylı cəzaçəkmə müəssisəsində gecə xidmətində olmuşam. Bunu onlara da dedim və heç bir izahat yazmayacağımı israr etdim. Məni orada 9 saat ac-susuz, havasız saxladılar, qarşıma müxtəlif şəkillər atdılar, təhdid edərək izahat yazmağımı tələb etdilər. Buna baxmayaraq, öz bildiyimi etdim, heç nə yazmadım. Axşam saat 6-ya qalmış bildilər ki, həmin gün gecə növbəsindəyəm və məni buraxdılar", - o, əlavə edir.

 

Tağıyevin sözlərinə görə, müəssisəyə qayıtdıqdan bir az sonra, Azər adlı rəis müavini onu yanına çağırıb: "Elə mənim yanımdaca telefonla Mirsaleh Seyidov və Elşən Həsənovla danışdı. Sonra mənə 3 gün vaxt qoydu və bildirdi ki, 3 gün ərzində 3500 manat gətirməsəm, cənab generala məruzə edəcək və xidmətimə son qoyulacaq. Verdikləri vaxtda pulu tapa bilmədim, sentyabrın 30-da məni işimdən azad etdilər”.

 

Şikayətçi iddia edir ki, onun başına gələn bu hadisədən sonra, oxşar hadisə bir başqasının da başına gətirildiyinə görə, Elşən Həsənov tutduğu vəzifədən uzaqlaşdırılıb: “Mirsaleh Seyidova isə, adamı və pulu olduğuna görə dəymirlər. 12 il xidmət etmişdim, şəxsi işim gül kimiydi, hələ də mənə qaranlıq qalıb ki, məni niyə işdən çıxartdılar. Bu il may ayının 7-də Prezident Administrasiyasında qəbulda oldum, başıma gətirilənləri danışdım. Xahiş etdim ki, güvəndiyim tək insan olan cənab Prezidentimizin tapşırığı ilə bu məsələ araşdırılsın, məni işimə bərpa etsinlər”.

R.Tağıyevin bu müraciətindən sonra ona Penitensiar Xidmətdən məktub göndərilib. Sözügedən məktubda qeyd olunub ki, onun 9 saylı cəzaçəkmə müəssisəsində xidmət etdiyi müddətdə qanunazidd tələb və davranışlara məruz qalaraq ədliyyə orqanlarından xaric edilməsi və qulluğa bərpa olunmaq istəyi barədə müraciətinə Penitensiar Xidmətin Daxili təhqiqat şöbəsində baxılıb.

 

Məktubda vurğulanıb ki, ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə əsasən, əvvəllər yol verdiyiniz kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər ədliyyə orqanlarında qulluğa qəbul edilə bilməzlər: "İzah olunur ki, müraciətinizdə qeyd olunmuş xüsusatlar üzrə aidiyyəti hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət edə bilərsiniz”.

Image result for Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, ədliyyə polkovniki Mehman Sadıqov

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, ədliyyə polkovniki Mehman Sadıqov da AYNA-ya açıqlamasında bildirib ki, əgər Rasim Tağıyev işdən çıxarılmasından narazı idisə, birbaşa məhkəməyə müraciət edə bilərdi: “İndi də məhkəməyə müraciət edə bilər və sübut etməlidir ki, onu heç bir əsası olmadan tutduğu vəzifədən uzaqlaşdırıblar”.

 

“Hansısa bir şəxs ədliyyə orqanlarından xaric edilibsə, deməli, rəhbərliyin əlində həmin şəxslə bağlı ciddi əsaslar var. Cennifer Lopezin, Rövşən Canıyevin və s. şəxslərin şəklinə “layk” qoymağa görə heç vaxt heç kimi orqandan xaric etməyiblər. Bu şəxs, sadəcə böhtan atır”, - deyə M.Sadıqov vurğulayıb.

Müəllif: Rumiyyə Miraslan