Overçukun açıqlaması və cavab istəyən iki sual

Aktual

09.06.2023 - 17:09

"Moskva Ümumdünya Gömrük Təşkilatının Ermənistanla Azərbaycan arasında gömrük fəaliyyəti göstərməsinin əleyhinədir"

"İyunun 2-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinləri arasında növbəti görüş keçirildi". AYNA xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib. 

Onun sözlərinə görə, tərəflər yüklərin daşınmasında gömrük nəzarətinin necə həyata keçiriləcəyi ilə bağlı razılığa gəliblər. 

Rusiyalı rəsmi danışıqların 9 saat çəkdiyini və ümumi razılaşmanın əldə olunduğunu bildirib. 

Mətnin hazırlandığını deyən Overçuk iki-üç uyğunsuzluq olduğunu və onlar üçün əlavə müzakirə keçiriləcəyini vurğulayıb. Rusiya Baş nazirinin müavinin sözlərinə görə, bu, dəmir yolu, pasport, sərhəd, gömrük nəzarəti olan adi sərhəd olacaq: “Heç kim Ermənistanın suverenliyinə şübhə etmir. Bütün tərəflər mümkün qədər tez işə başlamaq istəyir”.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Overçukun açıqlamasından çıxış edərək iki sualın cavabına ehtiyac var: "Birincisi, Ermənistan tərəfdən sərhəd və gömrük xidməti necə həyata keçiriləcək, bu Ermənistanın sərhədçiləri və gömrükçüləri olacaq, yoxsa nəzarəti Rusiya həyata keçirəcək? İkincisi, Azərbaycan və Ermənistan Ümumdünya Gömrük Təşkilatının dəstəyindən yararlanacaqlarmı? Bu sual ona görə aktualdır ki Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında mayın 14-də Brüsseldə Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə Ümumdünya Gömrük Təşkilatının imkanlarından istifadə edilməsi barədə şifahi razılıq əldə edilmişdi. Bu barədə görüşdən sonra Şarl Mişelin açıqlaması olmuşdu. Overçuk Mişeldən fərqli olaraq açıqlamasında Ümumdünya Gömrük Təşkilatının adını çəkməyib. Deməli, Moskva bu təşkilatın Ermənistanla Azərbaycan arasında gömrük fəaliyyəti göstərməsinin əleyhinədir, bu rolda özünü görür".

Müəllif: Ayna.az