“Hər iki ölkədə ÜDM artımı Avropa İttifaqından yüksəkdir”
“Qərbin sanksiyalar təzyiqi Rusiya və Belarusun 2023-cü ili yüksək makroiqtisadi göstəricilərlə başa vurmasına mane olmadı”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk deyib.
Onun sözlərinə görə, hər iki ölkədə ÜDM artımı Avropa İttifaqından yüksəkdir.
Rusiya və Belarus İttifaq Dövləti Nazirlər Şurasının Yüksək Səviyyəli Qrupunun iclasında çıxış edən Overçuk qeyd edib ki, Rusiyada 2023-cü ilin sonunda ÜDM artımının ən azı 3,5% olacağı gözlənilir. Belarusda bu, 11 ayda 3,8% təşkil edib.
“Mən qeyd etmək istəyirəm ki, bu rəqəmlər bizə qarşı sanksiyalar tətbiq edən Avropadan qat-qat yüksəkdir”, - Baş nazirin müavini vurğulayıb.
Overçuk əlavə edib ki, bu ilin yanvar-oktyabr aylarında ölkələr arasında ticarət dövriyyəsinin artımı ötən ilin göstəriciləri ilə müqayisədə 8,4% təşkil edib.