Ostin ABŞ-ın müdafiə xərclərini 50 milyard dollar artırmağı tövsiyə edib

Dünya

13.01.2025 - 13:07

Həkimlər Klinikalar SEO Xidməti

Yaxın illərdə Pentaqonun büdcəsi 1 trilyon dolları keçə bilər

Pentaqon rəhbəri Lloyd Ostin ABŞ hökumətinə 2026-cı maliyyə ilində müdafiə xərclərini təxminən 50 milyard dollar artırmağı tövsiyə edib. AYNA “Bloomberg”ə istinadən xəbər verir ki, yaxın illərdə Pentaqonun büdcəsi 1 trilyon dolları keçə bilər.

ABŞ müdafiə naziri öz tövsiyəsini ABŞ-ın İdarəetmə və Büdcə Ofisinə (OMB) ötən il noyabrın 27-də göndərdiyi məktubda açıqlayıb.

Ostin 2027-30-cu maliyyə illərində ABŞ ÜDM-nin təxminən 3%-ni müdafiəyə xərcləməyə çağırıb.

Ostin OMB-yə 2026-cı maliyyə ilində 926,5 milyard dollar, 2027-ci ildə 972,8 milyard dollar və 2028-ci ildə 1 trilyon dollardan çox vəsaitin xərclənməsini nəzərdə tutan yeni ABŞ administrasiyasının təklif etdiyi beşillik müdafiə planını saxlamağı tövsiyə edib. Nazir qeyd edib ki, yalnız Pentaqon üçün nəzərdə tutulan maliyyəyə Ukrayna və İsrailə yardım daxil olmayacaq.

Pentaqonun sözçüsü məlumatı şərh etməkdən imtina edib. “Bloomberg” qeyd edir ki, müdafiə nazirinin məktubu Konqres üzvlərinə Prezident Donald Tramp vəzifəyə gəldikdən sonra müdafiə xərclərini artırmaq üçün “siyasi örtük” ola bilər. Amma hələlik Trampın bu planı dəstəkləyib-dəstəyməyəcəyi məlum deyil.

Müəllif: Ayna.az