Ortada üç ölüm, qarşıda “yaşıl işıq” – <font color=red> Nə Qoçxanidir belə?!</font>

Cəmiyyət

18.05.2020 - 19:56

İranlı həkimin Bakı “macəraları” davam edir, müvafiq qurumlar isə susur

 

Azərbaycanda əcnəbi həkimlərin nüfuzu normadan çox böyükdür. Bu “avtoritet” mənzərənin təqsirkarları - bəzi həkimlərin vəziyyətini araşdırmadan onları ölkəyə buraxanlar və onların pulunu alıb reklamını (əsasən TV-lərdə) edənlərdir.

 

Dosye: İran vətəndaşı Sirus Qoçxani 2008-cı ildən Azərbaycandadır. Həkim İranda tibbi təhsil alıb. Amma estetik cərrah üzrə ixtisaslaşması məsələsi qeyri-müəyyəndir. 12 ildir, Bakıda tibbi fəaliyyət göstərir. Etdiyi üç uğursuz estetik əməliyyat nəticəsində xəstələri ölüb. 2017-ci ildə Leyla Oruclunun (21 yaş), 2019-cu ildə həkim-ginekoloq Sona Vəliyevanın, 2020-ci ilin mayında isə 24 yaşlı Turanə Musazədənin ölümü ilə nəticələnən estetik əməliyyatların müəllifidir.

 

Əvvəlki hadisələrin üstü ort-basdır edilərək unudulsa da, son hadisə bu həkim haqqında ciddi cəzanı tələb edir. Həkim indiyədək peşəsindən uzaqlaşdırılma cəzası belə, almayıb. Üstəlik də, əlində xəstə öldüyü halda, hələ də pasiyent “ov”u davam edib. Halbuki həkimin qanuni yolla təqsiri ya sübuta yetirilməli, ya da təmizə çıxan həkimin şanssız olduğu bəyan edilməli idi.

Baku Medical Plaza - Dr. Siruz Qoçxani

Qoçxaninin “qoçu”luğunun, əlbəttə ki, bir səbəbi var! İkinci və üçüncü ölüm hadisəsi “Baku Medical Plaza”da baş verib. İlkin olaraq hadisəyə, məcburiyyət qarşısında cavab verən Səhiyyə Nazirliyi belə reaksiya verib: “Özəl xəstəxanada baş verənə biz cavabdeh deyilik”.

 

Məgər, adı olub, özü qeybə çəkilən Nazirlik həkimin tibbi fəaliyyətinə heçmi göz gəzdirməyib? Axı həkimlərin sertifikasiyasını bu qurum həyata keçirir. Bir də axı, əcnəbi həkim elə özəl müəssisədə iş tapır da, dövlət müəssisəsində vakansiyamı var?

 

Qoçxaninin naməlum “xidmətləri”

 

Həkim Vaqif Abdullayev AYNA ilə söhbətində, tibbdə ölüm hallarının baş verdiyini desə də, sözügedən şəxsinə əməliyyatı zamanı baş verənlər ölümlər haqda məlumatsız olduğunu bildirib: “Əməliyyat zamanı həkimdən asılı olmayan faktorlar, məqamlar ola bilir. Həkimin pasiyentinin ölüm hadisəsi istənilən halda təəssüf doğurur, xəstə ölümünü eşitmək ağırdır, amma bütün hallarda ölümün səbəbi ciddi araşdırılmalı, tibbi ekspertiza rəyi verilməlidir”.

 

Hüquq mühafizə orqanları hara baxır?

 

Məsələnin hüququ tərəfinə nəzər yetirəndə isə məlum olur ki, mövcud qanunvericilik həkim və pasiyent hüquqlarını ayrıca qorumadığından və səliqəyə salmadığından, bu cür situasiyalarda təqsirkar axtarışında maneələr yaranır. Hüquqşünas Əlövsət Allahverdiyevin fikrincə, ilk mərhələdə hüquq mühafizə orqanları araşdırmalıdır ki, bu şəxsin tibbi təhsili varmı, çünki həmin həkimin öz sahəsi üzrə mütəxəssis olmadığı məlumatı vardı.

Dövlət Miqrasiya Xidməti

“İkincisi, Dövlət Miqrasiya Xidməti ona iş icazəsi verən zaman ixtisasına uyğun, Azərbaycanda hansı fəaliyyətlə məşğul olacaqsa, ona uyğun diplomunun təsdiq olunmuş surətini tələb edibmi? Əgər edibsə, o, hazırda həmin fəaliyyətləmi məşğuldur? Miqrasiya Məcəlləsinin 65.0.3-cü maddəsində göstərilir ki, iş icazəsinin verilməsi üçün əcnəbinin və vətəndaşlığı olmayan şəxsin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti tələb olunur”, - Allahverdiyev AYNA-ya deyib.

 

Hüquqşünas üçüncü məqama da diqqətə çəkib: “Səhiyyə Nazirliyi bu məsələdə biganə qala bilməz, istər özəl, istərsə də dövlət xəstəxanasının fəaliyyəti qanunla tənzimlənir və Nazirlik xəstəxanalardakı mövcud vəziyyətin araşdırılmasına cavabdehdir. Ölüm faktı üzrə cinayət işi başlanmalı, istintaq aparılmalı və doğru olanlar istintaqdan sonra aşkarlanmalıdır. Doğrudan da ola bilər ki, baş vermiş ölüm hadisəsi həkimin təqsiri üzündən baş verməsin, amma bu həkimin bir neçə xəstəsinin dünyasını dəyişməsi şübhələr yaradır və təbii ki, bu məsələ hüquq mühafizə orqanları tərəfindən araşdırılmalıdır”.

 

Nazirlik və həkimlər tibbi protokollar barəsində kasaddır

 

Vəkil Aqil Layıc AYNA-ya bildirib ki, ölkədə bu sahədə ciddi problem mövcuddur: “Daim bu problemlə hüquqi müstəvidə mübarizə aparmışam. Onlarla həkimin məsuliyyətinin müəyyən edilməsinə dair məhkəmə aktlarının çıxarılmasına səbəb olmuşam. Bir dəfə də məhkəmə zalında həkim həbs edilib. Səbəblər çoxdur: nəzarət baxımından çatışmazlıq, Səhiyyə Nazirliyi kimi “ölü” qurumun səritəsizliyi və s. Digər tərəfdən həkimlərin peşəkarlığı yönündə çoxlu pozuntular görmüşəm. Qanunvericilikdə həkimlərin bu tip əməlləri zamanı sərt cəzalar yoxdur. Bu da məsuliyyətsizliyə, həkim səhlənkarlığının davam etməsinə səbəb olur”.

 

Müsahibimizin sözlərinə görə, hər əməliyyatın özünə görə sertifikasiyası var: “Məsələn, asi rinoplastika əməliyyatı zamanı hər şey insanın bədəninin reaksiyasından, fərdi orqanizmdən asılıdır. Bu əməliyyatın bir qaydaya uyması ağlabatan deyil, ümumi şərtlər ola bilər, amma ümumi risklər və fəsadların olması mümkün deyil. Bir də ölkədə bəzi tibbi protokolların olmamasını maneə kimi görürlər. Protokollar Nazirlikdə olmasa da, ÜST sənədlərində və praktikasında müəyyən edilir. Məsələn, müvəkkilin ürəyinə stent qoyma əməliyyatı ilə bağlı məhkəmə işim vardı. Bunu dünya praktikası ilə sübut edib pozuntunu sübut etdik. Həkimdir, praktiki və nəzəri bilikləri olmalıdır. Əks halda, getsin başqa işlə məşğul olsun”.

 

Pasiyentin razılıq sənədi

 

“Pasiyentin əməliyyatqabağı iltizam (öz tərəfindən təsdiqləmə) sənədini imzalaması həkimin məsuliyyətini nə qədər azalda bilər” sualını Layıc belə şərh edib: “Bu prosesdə 2 pozuntu ola bilər: sənədin imzalanması yönündə olan pozuntular və əməliyyatın icrası zamanı olan pozuntular. Bunu iki dövrə bölmək olar. Belə ki, sənəd yerində ola bilər, amma əməliyyat düzgün icra edilməyibsə, məsuliyyət göz önündə olacaq. Sənəd sadəcə müdaxilənin həcmini, əmələ gələcək fəsadlar barədə xəstənin razılığının alınmasını ehtiva edirsə, o halda əməliyyat üçün ilkin şərt məhz, müqavilə və razılıqdır. Müqavilə isə ümumi əsaslarla olmamalıdır. Məsələn, müqavilədə qeyd edilsə ki, xəstə fəsadları başa düşür və bunu qəbul edir, razılıq verir, o zaman bu, etibarsız şərtdir. Hər əməliyyata uyğun olaraq pasiyentin başa düşəcəyi dildə konkret fəsadlar barədə məlumat verilməli, həmçinin əməliyyat hansı hissədə olacaq və hansı hissəni əhatə edəcək, həcmi nə qədər olacaq, detallı şəkildə qeyd edilməlidir. Əks halda həkimin məsuliyyəti var”.

Azerbaycanda riskli emeliyyat – VİDEO - Azadliq Xeber

“Cinayət qanunvericiliyinə də dəyişiklik edilməlidir. Bizdə Cinayət Məcəlləsində təqsirin iki forması var: qəsd və ehtiyatsızlıq. Həkimlərin məsuliyyəti ehtiyatsızlıqdan dolayı doğur. Bu da insan ölümü qarşılığında yüngül təqsirdir. Lakin inkişaf etmiş ölkələrdə bu tip məsələlərdə təqsirin formalarından 3-cüsü dövrəyə girir - ehtimali qəsd. Bu, əməlin ağırlığına görə ehtiyatsızlıqla qəsdin arasında yer alır. Yəni, lisenziyasız həkimin və ya həkimin özünə aid olmayan digər sahə üzrə əməliyyata girməsi nəticəsində fəsad əmələ gəlirsə, bu, qəsdə yaxın məsələdən dolayı məsuliyyətə səbəb olmalıdır. Cərrah olmayan və ya lisenziyası olmayan insanın əməliyyata girərək adamın qarnını yarması ilə ona bıcaq vurması arasında çox da fərq olmamalıdır”, - vəkil vurğulayıb.

 

Maraqlı məqam

 

Qoçxaninin İranda işlədiyi “Kuhenur” klinikası barədə internetdə heç bir məlumat tapılmır. Xəstələrinin öldüyü “Baku Medical Plaza”da isə onun haqqında qəşəng resenziya var. Əldə olunan məlumata görə, iranlı həkim pasiyent probleminin olmaması üçün azərbaycanlı həyat yoldaşı və asistenti Könül Qoçxaniyə borcludur.

 

Məsələ ilə bağlı həkimin mövqeyini öyrənmək istəyəndə də telefona elə xanımı cavab verdi. O, telefonda AYNA-nın sualına hazırlıqsız olaraq “İşə gəlmir” cavabını verdi və dərhal telefon əlaqəsini kəsdi. “Baku Medical Plaza”dan isə sorğumuza “Həkimin əməliyyatlarına müvəqqəti ara veriləcək” cavabını aldıq.

 

Belə çıxır ki, 3-cü ölüm hadisəsindən sonra həkimin fəaliyyəti davam edəcək? Amma bizim ölkədən nə desən, çıxar…

 

Adamın sertifikatı yoxdur!

 

Bu arada səhiyyə ilə bağlı araşdırmalar aparan ictimai vəkil Samir Zeynalov AYNA ilə söhbətində Qoçxaninin həkimlərin sertifikasiyasında iştirak etmədiyini və onun fəaliyyətinin qanunsuz olduğunu dilə gətirib: “Bu həkimlə bağlı Nazirliyə sorğu göndərmişdim, cavab fakt olaraq əlimdədir. Həmin cavaba görə, İranın Behişti Tibb Elmləri, Sanitar və Müalicə Xidmətləri Universitetinin məzunu olan Sirus Qoçxani tibbi xidmət göstərməklə bağlı Azərbaycanda hər hansı sertifikasiyadan keçməyib. Bu sənəd həm klinikanı, həm də Qoçxanini həbsə aparır. İkinci ölüm faktından sonra da, dəfələrlə klinikanın rəhbərliyinə sorğu göndərmişəm ki, Qoçxaninin diplomu, lisenziyası, izni ilə bağlı sənədi ortaya qoysunlar, lakin bu günə qədər bu sual cavabsız qalıb”.

 

Zeynalovun sözlərinə görə, Qoçxani Bakıda yaşamaq üçün daimi yaşayış izninə sahibdir. Amma bu, onun üç ölümə bais olub, cəzasız qalmasına haqq vermir.

 

“Yaşıl işıq” kimin əlindədir?

 

Məsələ ilə bağlı Dövlət Miqrasiya Xidmətinə (DMX) də sorğu göndərdik. Qurumdan bildirildi ki, əcnəbilərin digər hallarda müəyyən fəaliyyət ilə məşğul olma hüququndan məhrum edilməsi Dövlət Miqrasiya Xidmətinin səlahiyyətlərinə aid deyil.

 

Sirus Qoçxani əcnəbi həkim kimi miqrasiya hüququndan istifadəyə və əmək fəaliyyətinə görə dövlətə rüsum ödəyirmi, yoxsa ona hər yerdə “yaşıl işıq” yanır? Ümumiyyətlə, ona “yaşıl işığı” kim yandırır - əsas sual budur!

 

Nəticə olaraq deyək ki, Qoçxaninin işi üzrə Xətai Rayon Prokurorluğu tərəfindən istintaq başlayıb. Hamının diqqəti tibbi-ekspertiza sənədinə dikilib. Gözləyək…

 

P.S. Bu arada qeyd edək ki, son olaraq beş prokurorun işdən qovulması gələcəkdə ədalətli qərarların, cəzaların tətbiqi üçün ümidlər yaradır. İnsan ölümünə bais olanlar haqlı cəzalarını almalıdırlar.

Müəllif: Raminə Eyvazqızı