Ordu generalı Vyetnam Prezidenti oldu

Dünya

22.05.2024 - 12:48

Vyetnam Milli Assambleyası ictimai təhlükəsizlik naziri To Lamı ölkənin yeni Prezidenti seçib

Mayın 22-də Vyetnam Milli Assambleyası (Parlament) ictimai təhlükəsizlik naziri, ordu generalı To Lamı ölkənin yeni Prezidenti seçib. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

"General Lam çərşənbə günü səhər Milli Assambleyada keçirilən səsvermədən sonra Vyetnamın yeni Prezidenti oldu", - Assambleyanın məlumatında qeyd edilib.

Lamın Vyetnam Prezidenti seçilməsi ilə bağlı qətnaməni iclasda iştirak edən 473 deputatdan 472-si dəstəkləyib.

Yeni seçilmiş Prezident bütün strateji dövlət tapşırıqlarının və hədəflərinin yerinə yetirilməsi üçün əlindən gələni edəcəyini bildirib.

General-polkovnik To Lamın 66 yaşı var. O, bütün karyerasını Daxili İşlər Nazirliyində və İctimai Təhlükəsizlik Nazirliyində (İTN) keçirib. 1993-2010-cu illərdə isə siyasi mühafizə və əks-kəşfiyyat idarə və bölmələrində rəhbər vəzifələrdə çalışıb. O, həmçinin 1981-ci ildən Vyetnam Kommunist Partiyasının üzvüdür.

Müəllif: Ayna.az