Okean üzərində güclü turbulentlik: “Boeing” təcili eniş edib

Dünya

02.07.2024 - 11:33

Həkimlər Klinikalar SEO Xidməti

30 sərnişinə tibbi yardım göstəriblər, onlardan 10-u xəstəxanaya aparılıb

İspaniyanın “Air Europa” aviaşirkətinə məxsus “Boeing 787-9 Dreamliner” təyyarəsi şiddətli turbulentlik səbəbindən bəzi sərnişinlərin xəsarət almasından sonra Braziliyada məcburi eniş edib. AYNA BBC-yə istinadən bildirir ki, EC-MTI (2018-ci ildə istehsal olunub) qeydiyyata alınan təyyarə Madriddən Uruqvayın paytaxtı Montevideoya UX45 reysini yerinə yetirirmiş.

Hadisədən sonra təyyarə Braziliyanın şimal-şərqindəki Natal Beynəlxalq Hava Limanına yönləndirilib.

Uruqvay Xarici İşlər Nazirliyi yaralıların Nataldakı xəstəxanaya aparıldığını, bəzilərinin isə artıq evə buraxıldığını bildirib.

“Air Europa” Madriddən ehtiyat uçuşun qalxdığını, Braziliyada sərnişinləri götürdüyünü və Montevideoya uçuşu davam etdirdiyini açıqlayıb.

“Air Europa”nın sözçüsü bildirib ki, 325 sərnişini daşıyan təyyarə bazar ertəsi səhər Braziliya sahillərinə yaxınlaşarkən Atlantik okeanı üzərində turbulentliklə qarşılaşıb. Eniş rahat keçib və təyyarəni təcili yardım maşınları qarşılayıblar.

Həkimlər Braziliya mətbuatına bildiriblər ki, onlar azı 30 sərnişinə tibbi yardım göstəriblər, onlardan 10-u xəstəxanaya aparılıb.

İnsident Sinqapur Hava Yollarına məxsus “Boeing 777” təyyarəsinin Londondan Sinqapura gedərkən Myanma üzərində ciddi turbulentliklə qarşılaşmasından bir neçə həftə sonra baş verib.

Daha sonra onlarla sərnişin yaralanıb, onlardan biri ürək tutmasından dünyasını dəyişib.

Müəllif: Ayna.az