Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin şəxs saxlanılıb
Bərdə rayonunda bir neçə ünvandan oğurluq edən şəxsin axtarışda olduğu müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, rayon ərazisində çay evindən soyuducu mühərriki və tənzimləyici, iki həyətyanı sahədən naqil, soyuducu mühərriki və metal qırıntıları, suqızdırıcı, bir evdən və yardımçı təsərrüfatdan məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini S.Kamranzadə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Araşdırmalarla onun Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.