“X-Lady” mağazasında baş vermiş yanğın söndürülüb

Hadisə

23.06.2019 - 13:09

FHN-in yanğınsöndürən briqadası alovun digər ərazilərə keçməsinin qarşısını alıb

 

Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "X-Lady" mağazasında baş verən yanğın söndürülüb. AYNA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadası alovun digər ərazilərə keçməsinin qarşısını alıb.

 

Yanğın baş verən əraziyə Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və digər rəsmi şəxslər gəliblər.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Nizami rayonu ərazisində yerləşən "X-Lady" mağazasında yanğın başlayıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin 10-dan çox texnikası cəlb olunub. Hadisə ilə əlaqədar operativ qərargah yaradılıb.

 

Həmçinin Qara Qarayev prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılıb. Dakar dairəsindən 8-ci kilometr bazarı istiqamətində yol bağlanıb.

 

Bu səbəbdən də 11, 12, 7A, 15, 22, 30, 32, 35, 36, 40, 44, 49, 50, 51, 57, 60, 62, 64, 81, 103, 105, 141, 214 saylı marşrutlar üzrə avtobusların istiqamətləri Neftçilər metroduna doğru gedərkən Q.Qarayev pr.-Naxçıvanski küç.-B.Çobanzadə küç.-R.Rüstəmov küç. ilə Dakar meydanına və əks istiqamətdə (bəzi marşrutlar) yönəldilib.

Müəllif: Ayna.az