Növbədənkənar seçki qərarında ağlabatan məntiq və iki amil

Siyasət

11.12.2023 - 10:16

Mərkəz rəhbəri: “Hakimiyyət növbədənkənar seçkilər keçirməklə  prosesləri qabaqlamaq niyyətini ortaya qoydu”

Prezident İlham Əliyev  Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə Sərəncama əsasən, 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. Növbədənkənar seçkilərlə bağlı gözlənilməz qərar ictimaiyyətdə müəyyən suallar yaradıb. Nəzərə almaq lazımdır ki, növbəti prezident seçkilərinin vaxtına hələ il yarım müddət var idi. Azərbaycan Konstitusiyasına uyğun olaraq prezident seçkiləri 2025-ci ilin aprel ayında keçirilməli idi. Amma Prezident İlham Əliyev növbədənkənar seçkilər təyin etməklə yeni siyasi prosesi başlatmış oldu.

Ekspertlər növbədənkənar seçkilərin təyinini bir sıra amillərlə bağlayırlar. Əsas ehtimal isə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra hakimiyyətin yeni dönəmi başlatdığı ilə izah edirlər.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AYNA-nın mövzu ilə bağlı suallarını cavablandırarkən deyib ki, gələn il növbədənkənar seçkilərin keçiriləcəyi gözlənilən idi:

- Çünki gələn ilin dövlət büdcəsində seçkilər üçün nəzərdə tutulan məbləğ iki dəfə artırıldı. Düzdür, gələn il bələdiyyə seçkilərinin keçirilməsinin vaxtı idi. Amma bələdiyyə seçkiləri üçün 100 milyon manatın ayrılması ağlabatan deyildi. Ona görə də, məndə belə qənaət formalaşmışdı ki, gələn il növbədənkənar seçki keçiriləcək. Düşünürdüm ki, Milli Məclisə seçkilər keçirilə bilər. Amma Prezident İlham Əliyev növbədənkənar prezident seçkiləri qərarı verdi. Bu qərar da bir sıra amillərə əsasən, məntiqlidir.

- Söhbət hansı amillərdən gedir?

- İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qələbə çalıb. Bu, Prezidentin mövqelərini daha da gücləndirib, reytinqini yüksəldib. Azərbaycanın bütün ərazilərində suverenliyinin bərpası yeni dönəmin başlanğıcı deməkdir. Bu, seçkilərin əvvələ çəkilməsində birinci amil ola bilər. İkinci amil isə az əhəmiyyətli deyil. Demək, gələn il həm Rusiyada, həm ABŞ-da, həm də Avropa İttifaqında da seçkilərdir. Bu üç mərkəzin Azərbaycanda, Cənubi Qafqazda maraqları var. Düşünürəm ki, Prezident İlham Əliyev seçkilərin gələn ilin əvvəlinə çəkmək qərarı verməklə Azərbaycanda maraqlı olan mərkəzlərdəki prosesləri nəzərə alıb. Bu məntinq ağlabatandır. Çünki gələn ildən sonra dünyada geosiyasi vəziyyət dəyişə də bilər. İndi bizim xeyirimizə görünən geosiyasi vəziyyət 2025-ci ildə əleyhimizə ola bilər. Ona görə də hakimiyyət növbədənkənar seçkilər keçirməklə  prosesləri qabaqlamaq niyyətini ortaya qoydu.

Daha bir məsələ odur ki, bu il Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmadı. İlin bitməsinə 20 gün qalıb ki, bu müddətdə sülh sazişinin imzalanması inandırıcı deyil. Fiziki cəhətdən də bu, mümkün deyil. Demək sülh prosesi gələn ilə qaldı. Gələn il danışıqlar aparılacaq. Azərbaycan Prezidenti seçkilərin fevral ayında keçirilməsi qərarını həm də ona görə verdi ki, Ermənistanla danışıqlar masasına daha güclü şəkildə otursun. Məlumdur ki, İlham Əliyevin reytinqi pik həddədir və onun yenidən seçiləcəyi sual doğurmur.

- Onsuz da sülh danışıqları masasında Azərbaycan tərəfinin mövqeyi güclü deyilmi?

- Təbii ki, güclüdür. Amma məsələ budur ki, danışıqlar gələn il daha intensiv olacaq. Təsəvvür edin ki, gələn il danışıqlar intensiv gedir, bir il ərzində sülh danışıqları müsbət nəticələr verir, 90 faiz sülh sazişi razılaşdırılır, amma imzalanmır. Növbəti il isə prezident seçkilərinə gedilməlidir. Seçki vaxtı da Prezident İlham Əliyev yenidən seçkilərə diqqəti çoxaldır. Məncə, seçkiləri əvvələ çəkməklə hökumət bu məsələni həll etmək istəyir ki, ondan sonra diqqətlər sırf sülh sazişinin mətninə yönəlsin.

- Müxalif qüvvələrin seçki hazırlığını necə qiymətləndirmək olar?

- Belə görünür ki, müxalifət seçkilərə hazır görünmür. Amma hər halda iddialılar olacaq. Hələlik hansısa müxalif siyasi qüvvə, partiya seçkilərə qatılıb-qatılmayacağını elan etməyib. Yaxın günlərdə mənzərə aydınlaşacaq. Ona görə də indi müxalifətin seçkilərdə iştirakı, hazırlığı haqqında nəsə demək çətindir.

Müəllif: Ayna.az