Sabiq dövlət müşaviri: “Azərbaycan-Türkiyə qardaşlığı, müttəfiqliyi təhdidlər qarşısında sipərdir”
Avqustun 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib. Səfər çərçivəsində Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. Görüş zamanı tərəflər iki ölkə arasında mövcud müttəfiqlik münasibətlərinin siyasi, təhlükəsizlik, müdafiə, iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiya, humanitar və s. aspektlərini, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Azərbaycan XİN-in səfərlə bağlı məlumatında qeyd edilib ki, Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq əlaqələrinə əsaslanan strateji müttəfiqliyin inkişafında iki ölkə liderlərinin arasında mövcud siyasi dialoqun, qarşılıqlı səfər və təmasların əhəmiyyəti vurğulanıb.
“Müttəfiqliyimizi təsbit edən tarixi Şuşa Bəyannaməsinin artıq bir sıra sahələrdə əməkdaşlıq perspektivlərinin inkişafında praktiki nəticələr verdiyi məmnunluqla qeyd olunub. Azərbaycan və Türkiyə liderlərinin ideya müəllifləri olduğu Türkiyə–Azərbaycan Universitetinə bu il tələbə qəbulunun həyata keçirilməsi, yüksək balla tələbələrin qəbulu məmnunluqla qeyd edilib. Universitetə böyük maraq təqdir olunub, təhsil sahəsində əməkdaşlığa əlavə stimul yaradacağı vurğulanıb. İkitərəfli əməkdaşlığımızın BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və s. kimi regional və beynəlxalq təşkilatlarla yanaşı, bir sıra digər çoxtərəfli formatlar çərçivəsində davam etdirildiyi diqqətə çatdırılıb. Ölkəmizin, xüsusilə, ailəmiz hesab etdiyimiz Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlığın inkişafını diqqət mərkəzində saxladığı qeyd olunub. Bununla yanaşı, üçtərəfli və dördtərəfli formatlarda əməkdaşlığın regional sabitlik və təhlükəsizliyə ciddi töhfələr verdiyi bildirilib”, - deyə məlumatda vurğulanıb.
Bildirilib ki, nazir Bayramov həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik fəaliyyətimizdən ətraflı bəhs edib: “Qarşı tərəf, o cümlədən postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, regional sülh və normallaşma gündəliyinə təhdidlər barədə məlumatdırılıb. Ermənistan konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın, eləcə də qardaş Türkiyənin ərazi bütövlüyünə davam edən iddiaların, habelə Ermənistanın kütləvi hərbiləşmə siyasətinin sülh prosesinə əsas hədələr olduğu diqqətə çatdırılıb. 44 günlük Vətən müharibəsində Türkiyə tərəfindən Azərbaycana göstərilmiş siyasi və mənəvi dəstəklə yanaşı, Qarabağ bölgəsində davam etdirilən yenidənqurma və bərpa işlərində aktiv iştirakın yüksək qiymətləndirildiyi qeyd olunub. Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb”.
Rəsmi məlumatdan əlavə azərbaycanlı nazir “X” sosial şəbəkəsindəki hesabında yazıb ki, “ikitərəfli və çoxtərəfli Azərbaycan-Türkiyə müttəfiqlik əlaqələri regional təhlükəsizlik və rifah üçün mühüm mərhələdir.
Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri ilə səmərəli müzakirədən məmnunluğunu ifadə edib.
“Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu əbədi və dönməzdir”, - C.Bayramov vurğulayıb.
İndiki dönəmdə XİN başçısının Türkiyəyə səfəri ona görə diqqət çəkir ki, sin vaxtlar iki ölkə arasında münasibətlərin soyuqlaşdığı iddiaları var. Bir müddət əvvəl Türkiyə Prezidentinin “, Livana, Qarabağa girdiyimiz kimi, İsrailə də girərik” ifadəsi Azərbaycan ictimaiyyətinin bəzi şəxslərində ajiotaja səbəb olmuşdu. Hətta bir sıra media oqranlarında Türkiyənin əleyhinə yazılar dərc edilmişdi. Ekspertlər hesab edirlər ki, C.Bayramovun qardaş ölkəyə səfəri həm də bu mənada diqqətdən yayınmamalıdır.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli AYNA-ya müsahibəsində deyib ki, C.Bayramovun Türkiyəyə səfər etməsində qeyri-adi nəsə axtarmağa dəyməz:
- Çünki Türkiyə və Azərbaycan qardaşdır, strateji müttəfiqlikdən də üstün münasibətlər mövcuddur. Ona görə də, azərbaycanlı nazirin Türkiyəyə, türkiyəli nazirin Azərbaycana səfəri normaldır. Zaman-zaman iki ölkə arasında istər liderlər səviyyəsində, istər nazirlər səviyyəsində telefon danışıqları, görüşlər olur, qarşılıqlı səfərlər təşkil edilir. XİN Bayramovun səfəri zamanı hansı məsələlərin müzakirə olunduğunu açıqlayıb. Hesab edirəm ki, Türkiyə ilə razılaşdırmadığımız hansısa məsələ qalmayıb. Razılaşmaların icrası isə hər zaman müzakirə olunmalıdır.
Onu da nəzərə almaq lazımdır ki, hazırda bölgədə gərginlik hökm sürür. XİN başçıları bu vəziyyətdə addımları koordinasiya etmək, mövqeləri dəqiqləşdirmək üçün təmaslarda olurlar və belə də olmalıdır.
- Nazirin səfəri o mənada diqqət çəkir ki, son vaxtlar iki qardaş ölkə arasında sanki soyuqluq hiss edilir...
- Şəxsən mən soyuqluq hiss etmirəm. Ümumiyyətlə, zaman-zaman müəyyən soyuqluq yarana bilər. Amma bu, qardaşlığa, müttəfiqliyə xələl gətirə bilməz.
Bilirsiniz, Azərbaycan və Türkiyə arasında olan qardaşlıq münasibətləri xalqın bir- birinə sevgisinin təzahürüdür. Bu iki dövlətin rəhbərləri arasındakı səmimi qardaşlıq münasibətlərində aydın şəkildə təzahür edir. Şuşa Bəyannaməsi bu münasibətlərin zirvəsini, kulminasiya nöqtəsi oldu. Heç kim unutmasın ki, Türkiyə- Azərbaycan münasibətləri daimi və əbədidir. Bu münasibətlər ilk növbədə xalqın daxilindən gəlir. Biz eyni türk qolundan törəmiş, müəyyən müddətdə bir-birindən ayrı düşmüş xalqlarıq. Biz indi Türkiyə ilə təkcə qardaş deyilik, iki dövlət bir millətik. Yəni dünyada tayı bərabəri olmayan bir münasibətlər sistemini qurmuşuq. Xüsusilə Müdafiə Sənayesi sahəsində müdafiə sistemi vahidləşib, bütövləşib. Hava sahəsini Türkiyə ilə birlikdə qoruyuruq. Türkiyənin hava sahəsi Azərbaycanın, Azərbaycanın hava sahəsi Türkiyənindir. Bəli, ola bilər ki, Türkiyədə hansısa qeyri-rəsmi, yaxud rəsmi şəxs xoşagəlməz fikir səsləndirsin. Amma bunu Türkiyənin Azərbaycana münasibəti kimi pərçimləmək doğru deyil.
- Amma belə ifadələrdən istifadə edib Türkiyəni tənqid edənlər, hətta təhqir edənlər də tapıldı...
- Təbii ki, Türkiyədə bizim xoşumuza gəlməyən hansısa ifadəni tənqid edə bilərik. Amma təhqirə yol vermək, bundan sui-istifadə etmək doğru deyil. Həmin şəxslər unutmasınlar ki, iki ölkə arasında strateji müttəfiqdən də yüksək olan bir münasibətlər sistemi var. Türkiyə Azərbaycanın Qarabağla problemlərinin həll edilməsində önəmli rol oynayıb. Türkiyənin diplomatik səyləri olmasa idi, Qarabağ məsələsində ciddi müqavimətə rast gələrdik.
İndi bizim qarşımızda daha ciddi məsələlər var, Ermənistanla sülh sazişinin imzalanması məsələsi. Görürük ki, rəsmi İrəvan sülhdən hər vəchlə yayınır. Və Ermənistana bu mənada yardım edən güclər də mövcuddur. Azərbaycana təzyiq siyasətinin şahidiyik. Digər yandan, qonşu İrandan, digər qonşu Rusiyadan təhdidlər var. Azərbaycan-Türkiyə qardaşlığı, müttəfiqliyi həmin təhdidlər qarşısında sipərdir. Bunu Türkiyəni təhqid edən yaramazlar başa düşmürlər ki?!
- Sizcə, başa düşürlər?
- Əlbəttə, başa düşürlər. Amma bu həmin şəxslərin ağalarının maraqlarına qarşıdır. Hər fürsətdə Türkiyə ilə Azərbaycan münasibətlərində soyuqlaşma yaratmaq istəyən qüvvələr var və onlar da bəlli mərkəzlərə xidmət edirlər. Türkiyədə Azərbaycan əleyhinə hansısa bir söz deyiləndə, yaxud Azərbaycanda hansısa bir söz deyiləndə dərhal ağaları yerdəki, yəni buradakı qullarına “başlayın” tapşırığı verir. Söhbət Azərbaycandakı Rusiyaya qulluq edən nökərlərdən gedir. Amma Azərbaycan dövləti, onun lideri bu nökərlərin istəyinin həyata keçməsinə imkan vermir və verməyəcək. Ərdoğanın məlum açıqlamasından sonra prezidentlərin telefon danışığı olub, yenə də “qardaşlıq” mesajı verildi, münasibətlərin yüksələn xətlə inçkişaf etdiyi təsdiqləndi. Eyni zamanda, qardaş ölkədəki meşə yanğınlarının söndürülməsinə Azərbaycan əlindən gələn dəstəyi göstərdi. Səhv etmirəmsə, bu gün amfibiya təyyarəmiz hələ də Türkiyədə yanğınsöndürmə əməliyyatında iştirak edir. Elə bu yaxınlarda Türkiyə lideri Azərbaycan liderinə təşəkkür məktubu ünvanladı. Ceyhun Bayramovun Türkiyəyə səfəri, orada isti qarşılanma, ciddi məsələlərin müzakirəsi və verilən bəyanatlar da onu göstərir ki, buradakı Rusiya nökərləri nə qədər çalışsalar da, iki qardaş ölkə arasına, iki qardaş xalq arasına nifaq sala bilməzlər.