MSK-nın binası qarşısındakı aksiya dağıdılarkən nələr baş verib?

MSK-nın binası qarşısındakı aksiya dağıdılarkən nələr baş verib?

Etirazçılar fiziki təzyiqlərə məruz qaldıqlarını bildirir, polis isə təkzib edir

 

Fevralın 11-i axşam saatlarında, 9 fevral növbədənkənar parlament seçkilərinin nəticələrindən narazı qalan bir qrup namizəd və jurnalistin iştirakı ilə aksiya keçirilib. Aksiya polis tərəfindən dağıdılıb.

 

Aksiyanı kənardan müşahidə edən jurnalistlərin verdikləri məlumata görə, əvvəlcə bir qrup gənc MSK-nın qarşısında oturaq aksiyaya başlayıb. Etirazçıların çağırışından sonra əraziyə gələn vətəndaşların sayı çoxalanda isə polislər yolu hər iki tərəfdən bağlayaraq, gediş-gəlişə mane olublar.

 

Müşahidəçilər qeyd ediblər ki, bir müddət sonra polis əməkdaşları aksiyaçılara qarşı fiziki güc tətbiq edib. Onlar etirazçıları əraziyə cəlb olunan avtobuslara dolduraraq hadisə yerindən uzaqlaşdırıblar.

 

“Ölkə rəhbəri çıxışında dedi ki, seçkilər normal keçib, seçkilərlə bağlı narazılığını bildirmək istəyənlər varsa, ortaya çıxsın. Biz də seçki saxtarkarlığına diqqət çəkmək məqsədi ilə MSK-nın qarşısına toplaşdıq. Təəssüf ki, sakit keçən aksiyada polis müdaxiləsi oldu, hətta aksiya iştirakçılarına fiziki təzyiq edildi. Nəticədə ciddi xəasarət alanlar da oldu”.

 

Bunu AYNA-ya aksiyada iştirak edən narazı namizəd, professor Fərhad Mehdiyev deyib. Bildirib ki, aksiya dağıdılsa da, onlar mübarizəni davam etdirəcəklər: “Seçki bitsə də, bu günə qədər seçki pozuntularını yazıb bitirə bilmirik, əlimizdə kifayət qədər faktlar, videolar var. Əgər şikayətlərimizlə bağlı tədbir görülməsə, beynəlxalq instansiyalara müraciət edəcəyik”.

 

MSK qarşısındakı aksiyada iştirak edən jurnalist Aytən Məmmədova da polisin fiziki təzyiqinə məruz qaldığını qeyd edib: “Aksiyada tələb seçkilərdə qeydə alınan saxtakarlıqla bağlı materilalların qiymətləndirilməsi idi. Amma polisin fiziki müdaxiləsi aksiyanın davam etməsinə imkan vermədi. Kimliyindən asılı olmayaraq, polislər hər kəsə qarşı fiziki güc tətbiq etdilər, sonra bizi avtobuslara doldurub Bibiheybət tərəfə, 20-ci sahəyə apardılar. Avtobusda polisin zərbəsindən ciddi xəsarət alanlar da vardı. Amma buna baxmayaraq, yalnız bir saat sonra hər kəs sərbəst buraxıldı”.

 

AYNA-nın sorğusuna cavab olaraq Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev bildirib ki, ötən gün MSK qarşısında keçirilən qanunsuz aksiyada kimlərinsə döyülərək xəsarət alması ilə bağlı deyilənlər əsassızdır: “Bunu bir iddia kimi qiymətləndiririk. Polisin təşəbbüsü ilə, xəsarət aldıqları deyilən şəxslər müvafiq həkim müayinəsindən keçirilib, onlarda hər hansı xəsarət faktı aşkarlanmayıb. Bu barədə həkimin yazılı rəyi də var”.

Müəllif: Raminə Eyvazqızı      12 Fevral 2020 18:57
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin