Qasım Süleymaninin dəfnində faciə: 35 ölü, 40-dan çox yaralı

Qasım Süleymaninin dəfnində faciə: 35 ölü, 40-dan çox yaralı

Kirmanda keçirilən dəfn mərasimində izdiham yaşanıb

 

İranda general Qasım Süleymaninin dəfn mərasimində milyonlarla insan iştirak edib. AYNA xarici mediaya istinadən xəbər verir ki, generalın doğulduğu Kirmanda keçirilən dəfn mərasimində izdiham yaşanıb.

 

Nəticədə kütləvi faciə baş verib. Belə ki, izdiham zamanı ayaq altında qalanlardan 35 nəfər ölüb, 40 nəfərdən çox insan yaralanıb.

 

Məlumatda bildirilir ki, dəfn mərasimində dövlət nümayəndələri və din xadimləri iştirak ediblər.

 

Ali dini lider Ayətullah Seyid Əli Xameneyi dəfn mərasimi zamanı çıxış edərkən Süleymaninin intiqamının alınacağını deyib. O, Süleymani ilə birlikdə öldürülən digər hərbçiləri də şəhid adlandırıb.

 

Xatırladaq ki, yanvarın 3-ü gecə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Quds” qanadının komandanı, general Qasım Süleymani Bağdad hava limanındakı bombardıman zamanı həlak olub. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) baş verənlərin məsuliyyətini üzərinə götürüb. Hadisənin Prezident Trampın təlimatı ilə törədildiyi bəyan edilib.

 

Bu hadisə iki dövlət arasındakı gərginliyi pik həddə çatdırıb. İranın Ali dini rəhbəri Əli Xameneyi Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib. ABŞ Prezidenti Donald Tramp isə amerikalılara hücum ediləcəyi təqdirdə İrana aid 52 hədəfə "sürətli və güclü zərbə" endiriləcəyini bildirib.

 

Dünya birliyi isə ABŞ və İranı təmkinli olmağa çağırıb.

Müəllif: Ayna.az      7 Yanvar 2020 15:02
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin