“Süleymaninin əli on minlərlə türkün qanına batıb”

“Süleymaninin əli on minlərlə türkün qanına batıb”

Politoloq: “Azərbaycanda oturub, iranlı generalın ölümünə ağlamaq, onu şəhid elan etmək ya sadəlövhlükdür, ya da riyakarlıq”

 

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qanadının komandanı general Qasım Süleymaninin amerikalılar tərəfindən öldürülməsi son günlər dünya və Azərbaycan gündəminin əsas müzakirə mövzusuna çevrilib. Üstəlik, Azərbaycan cəmiyyəti Süleymaniyə münasibətdə bir neçə cəbhəyə ayrılıb və az qala, silah götürüb bir-birləri ilə vuruşacaqlar.

 

Baş verənlərə politoloq Rauf Mirqədirovun fikirləri ilə AYNA tutmağa çalışdıq:

 

- Rauf bəy, nə baş verdi ki, ABŞ birdən-birə İranın çox nüfuzlu bir hərbçisini açıq-aşkar şəkildə qətlə yetirmək qərarına gəldi?

 

- Amerika-İran münasibətlərində çox dərin ziddiyyətlər var. Bu ziddiyyətlərin səbəblərindən bir hissəsi obyektiv, digəri isə subyektivdir. Obyektiv xarakter daşıyan ziddiyyətlər, əslində İran İslam İnqilabından başlayıb. Belə ki, 1970-ci illərin sonuna qədər İran regionda Amerikanın ən sadiq müttəfiqlərindən biri idi və İran-Amerika münasibətlərində heç bir ziddiyyət yox idi. Eyni zamanda, həmin dövrə qədər İran iqtisadi cəhətdən regionun ən çox inkişaf etmiş ölkələrindən biri idi. İran-ABŞ münasibətləri korlandıqdan sonra isə bu nüfuz Türkiyəyə keçdi və Türkiyə regionda Qərbin ən yaxın müttəfiqinə çevrildi. İnqilabdan sonra ABŞ-ın Tehranda yerləşən səfirliyi qəsb olundu və bütün diplomatlar İrandan çıxarıldı. Yəni bu münaqişənin kökü həmin dövrə uzanır.

 

Lakin ziddiyyətlərin əsas hissəsi ondan ibarətdir ki, İran regionda Qərbin, ilk növbədə isə ABŞ-ın təsir gücünü müxtəlif yollarla azaltmağa çalışır. Şiə faktorundan da bu məqsəd üçün istifadə edir. Çünki son dövrlərdə regionda baş verən ixtilaflara nəzər salsaq, İranın şiə faktorundan istifadə etdiyini açıq-aşkar görə bilərik. Bu isə İraq və Suriya məsələsində özünü daha aydın göstərib. Ziddiyyətlər hələ də davam edir və bu ziddiyyətlərin həlli üçün müxtəlif vasitələrdən istifadə olunur. Digər məsələ isə, İranın nüvə proqramı ətrafındakı baş verən qalmaqallardır. ABŞ, xüsusən də Tramp hökuməti dövründə bu qalmaqallar daha çox inkişaf edib.

Son dövrlərdə baş verənlərin kökündə İranın həddindən artıq aktiv xarici siyasəti və bu siyasətdə Qasım Süleymaninin əhəmiyyətli rol oynaması dayanır. Bildiyiniz kimi, Qasım Süleymani SEPAH-ın “Qüds” xüsusi təyinatlı qanadının rəhbəri olub. Bu dəstənin də əsas vəzifələrindən biri xaricdə əməliyyatların keçirilməsi idi. Hətta, bu dəstə Rusiyanın Baş Kəşfiyyat İdarəsi ilə müqayisə olunan bir qurumdur. Məlum olduğu kimi, həmin əməliyyatlar nəticəsində insanlar həlak olur və bölgəyə ciddi ziyan dəyir. Bu, kifayət qədər ciddi amildir. Lakin bu məsələdə Trampın şəxsi ilə bağlı olan subyektiv faktorlar da var. Belə ki, Tramp, həddindən artıq yəhudipərəstdir. Yəni ABŞ-ın əvvəlki dövlət başçıları sözdə də olsa, ən azından balansı qorumağa çalışırdılar. Tramp isə birbaşa İsrailin dəstəkçisi kimi çıxış edir. Bütün bu nüanslar son hadisənin baş verməsi ilə nəticələndi.

 

- Adətən böyük dövlətlər bir-birilərinə qarşı həmlə edərkən, özlərinin dəstəklədiyi qeyri-qanuni silahlı dəstələrdən istifadə edir. Məsələn, Yaxın Şərqdə ABŞ İŞİD-in, İran “Hizbullah”ın, Rusiya öz nəzarətindəki bir neçə qanunsuz hərbi birləşmələrin əli ilə düşmənə zərbə vurmağa çalışır. Lakin bu dəfə Tramp şəxsən Süleymaninin qətlinə fərman verdi, bunu da ört-basdır etməyə ehtiyac görmədilər. Bu, İrana “gözdağı” verməkdən daha çox müharibə elanına bənzəmirmi?

 

- Nəzərə almaq lazımdır ki, SEPAH, xüsusilə onun “Əl-Qüds” qanadı ABŞ tərəfindən terror təşkilatı elan edilib. Amerika əksər hallarda terrorçu elan etdiyi qruplaşmalara qarşı açıq mübarizə aparır. Tramp hökuməti isə bunu daha açıq şəkildə yerinə yetirir. Digər məqam ondan ibarətdir ki, İran-ABŞ münasibətlərindəki gərginlik səviyyəsi o dərəcəyə çatıb ki, artıq bunu gizlətməyə ehtiyac qalmayıb. Hazırda Tramp hökumətinin məqsədi İranı “sındırmaqdan” ibarətdir. Bunu da mümkün qədər tez etmək istəyirlər. Təsəvvür edin ki, əgər Tramp hökuməti İran sərhədlərində sarsıdıcı qələbə çalırsa və öz məqsədlərini həyata keçirə bilirsə, bu, növbəti seçkilərdə Tramp üçün ciddi üstünlük yarada bilər. Təbii ki, məğlub olduğu təqdirdə də eyni dərəcədə ağır nəticələrə gətirib çıxara bilər. Bu məsələdə impiçmenti də nəzərə almaq lazımdır.

 

- Deyirsiniz, Tramp İranı cəzalandırmaq istəyir və Süleymanı hadisəsi də bunun tərkib hissəsidir. Lakin bu gün əksini düşünənlər də var. Məsələn, onlar bildirirlər ki, Trampın bu addımından sonra, İraq parlamenti Amerika əsgərlərinin İraqdan çıxarılmasının leyhinə səs verdi və bu, Trampın, yəni Birləşmiş Ştatların ziyanına işlədi. Bu iddianın tərəfdarları nə dərəcədə haqlıdırlar və ABŞ əsgəri İraqdan çıxacaqmı?

 

- Düşünürəm ki, haqlı deyillər. Çünki, beynəlxalq münasibətlərdə qəbul olunmuş rəsmi hüquq normaları olsa da, heç kim onları nəzərə almır. Məgər, ABŞ qüvvələri Suriyada beynəlxalq hüquq normalarına görə yerləşiblər? Əlbəttə ki, burda sədəcə ABŞ maraqlarının müdafiəsi var və bu, ABŞ-ın daxili qanunları olsa da, ABŞ hökumətinə imkan verir ki, xaricdə hərbi əməliyyatlar keçirsin. Yaxud, bu gün Liviya hökuməti beynəlxalq aləm tərəfindən tanınır, lakin Rusiya müxalif general Xəlifə Həftarı müdafiə edir. Hər kəs də bilir ki, Rusiyanın Liviyada hərbi qüvvələri var. Ona görə də, düşünmürəm ki, ABŞ yaxın vaxtda İraqdan öz qüvvələrini çıxarsın. Digər tərəfdən, ABŞ-ın Avropada ən yaxın müttəfiqi olan Britaniya İrana qarşı hərbi əməliyyatlarda iştirak edəcəkləri ilə bağlı bəyanat verib. Yəni yaxın vaxtlarda məsələnin ya qeyri-hərbi yolla həlli tapılacaq, ya da tərəflər bir-birlərinə müxtəlif sahələrdə zərbə vurmağa çalışacaqlar.

 

- İran buna risk edə bilər?

 

- İran birbaşa olmasa da, özünün əlaltıları vasitəsilə, yəni şiə dəstələrinin əli ilə hansısa aktlar törədə bilər. Tutalım, Livanda və nəzarəti altında olan digər regionlarda bu riskə gedə bilər.

 

- Azərbaycanda necə? Tehran ABŞ-ın ölkəmizdəki siyasi, iqtisadi nümayəndəliklərinə qarşı da dediyiniz addımı ata bilər?

 

- Nəzəri baxımdan mümkündür. Rusiyanın Azərbaycanda güclü, böyük “5-ci dayağı” olduğu kimi, İranın da Azərbaycanda “5-ci dayağı” fəaliyyət göstərir. Amma nəzəri baxımdan bu, mümkün olsa da, İran üçün çox riskli bir addımdır.

 

- Aydındır ki, münaqişə bölgələrində böyük dövlətlərin xüsusi xidmət orqanları bir-birilərini addım-addım izləyir. Maraqlıdır, Amerika Süleymaniyə qarşı belə bir irimiqyaslı əməliyyat planlaşdırarkən, Rusiya kəşfiyyatı bundan necə xəbərsiz ola bilərdi? Çünki Rusiya bölgədə kifayət qədər güclü bir oyunçudur. Mümkündürmü ki, ruslar əməliyyatdan xəbərdar olsunlar, lakin buna göz yumsunlar?

 

- Burada dəqiq ehtimallar irəli sürmək çətindir. İran kəşfiyyatının özü də kifayət qədər güclüdür. Yəni məlumatların əldə olunması əməliyyatın nə qədər gizli həyata keçirilməsinə bağlıdır. Çünki söhbət kifayət qədər diqqətlə hazırlanmış əməliyatdan gedir, hansısa total hücum nəticəsində öldürülən adamdan yox. Görünür, ABŞ-ın əsas məqsədi Qasım Süleymaninin qətlə yetirilməsi idi. Lakin bu ehtimalda müəyyən qədər həqiqət olması da istisna deyil. Yadınıza gəlirsə, bir müddət əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyaya məlumatlar ötürmüş və bu məlumatlar nəticəsində Yeni ildə Rusiyada törədilməsi nəzərdə tutulan terror aktlarının qarşısı alınmışdı.

 

- Yəni əməliyyatın Rusiya ilə razılaşdırılmış şəkildə həyata keçirildiyini ehtimal edirsiniz?

 

- Razılaşdırılmış şəkildə də demək olar, rusların bu plandan xəbərdar olduqlarını da. Hər iki halda ruslar bu hadisənin qarşısını almaq üçün heç bir iş görməyiblər. Yaxın Şərqdə Rusiya ilə İran müttəfiqdir. Ancaq bu müttəfiqlik daha çox taktiki xarakter daşıyır. Çünki İran Yaxın Şərqdə həm Rusiya ilə rəqabət aparır, həm də neft bazarında Rusiya üçün kifayət qədər ciddi rəqibdir. Əslində, İran ətrafında gərginliyin artması hazırda Rusiyanın da maraqlarına xidmət edir. Çünki İran ətrafında, ümumiyyətlə Yaxın Şərqdə baş verənlər, neftin qiymətinin kifayət qədər yüksək qalmasını təmin edir. Bu, sözsüz ki, enerji daşıyıcılarından tam asılı olan Rusiyanın maraqlarına cavab verir. Yaxın Şərqdə İran və Rusiya hərbi qüvvələri arasında vaxtaşırı belə toqquşmalar baş verir. Çünki nəticə etibarı ilə hər iki dövlət öz mövqelərini möhkəmləndirməyə çalışır. Taktiki olaraq isə hər ikisi Qərbin regiondan sıxışdırılıb çıxarılmasına çalışır, amma bu, onların arasındakı rəqabəti arxa plana atmır.

 

- Belə bir fikir var ki, Qasım Süleymani İranın hazırkı Prezidenti Həsən Ruhaninin gələcək seçkilərdə ən güclü rəqibi ola bilərdi. Bundan çıxış edərək düşünmək olarmı ki, İran rəhbərliyindəki hansısa qüvvələr Süleymaninin “aradan götürülməsində” maraqlı olsun?

 

- İranda Prezidentin nüfuzu və ya hakimiyyəti mütləq deyil. Xüsusi xidmət orqanları da Prezidentə yox, Ali dini rəhbərə tabedir. Belə əməliyyatların həyata keçiriməsində, yaxud həyata keçirilməsinə şərait yaradılmasında xüsusi xidmət orqanlarının rolu böyük olur. Düşünmürəm ki, Ruhani belə bir cəsarətə sahib olsun ki, Ali dini rəhbərin tabeliyində olan bir qurumun komandirini aradan götürsün. Çünki bunun çox ağır nəticələri ola bilər. Hətta İranın əvvəlki Prezidenti Mahmud Əhmədinejatla Ali dini rəhbər arasında problem yarananda, fəaliyyəti legitim olan Prezidentin qardaşını həbs etmiş və işgəncə vermişdilər. Ona görə də, düşünmürəm ki, Ruhani belə bir cəsarətə sahib olsun. Çünki bu, təkcə onun siyasi karyerasına deyil, həm də həyatına son qoya bilər.

 

- Gələk Azərbaycana və bu hadisədə rəsmi Bakının tutduğu mövqeyə. Ölkə rəhbərliyi səviyyəsində istər ABŞ-a, istərsə də İrana qarşı hər hansı mövqe sərgilənmədi. Sadəcə Xarici İşlər Nazirliyindən Tehrana zəng olundu və başsağlığı verildi. Bakının bu neytral mövqeyini necə qiymətləndirirsiniz?

 

- Azərbaycanın neytral mövqe tutması çox normaldır. Çünki rəsmi mövqe ondan ibarət olmalıdır ki, biz məsələnin dinc yolla həllində və regionda sabitliyin bərpa olunmasında maraqlıyıq. Çünki Azərbaycanın tərəflərdən birini tam müdafiə etməsi, bizi zərbə altında qoya bilər. Amma başsağlığı vermək də bir qədər tərəfkeşlik nümayiş etdirməkdir.

 

- Bu tərəfkeşlik ABŞ-da xoş qarşılanmaya bilərmi?

 

- Düşünmürəm ki, xoş qarşılanmasın. Çünki bu, müəyyən dərəcədə tərəfkeşlik nümayişi olsa da, açıq tərəfkeşlik, siyasi xarakterli bəyanat deyil, daha çox Şərqin ənənələrinə uyğun bir davranışdır. Amma bütövlükdə heç bir münasibət bildirilməməsi kifayət qədər normaldır və dinc yolla münasibətlərin həllinə çağırış Azərbaycanın maraqlarına uyğundur. Burada bir məqamı da qeyd edim ki, o insanlara görə başsağlığı verilir ki, onlar buna layiqdirlər. Yəni başsağlığı verməklə ağrılarına şərik olur və anlayış göstəririk.

- Deməli, İran başsağlığına layiqdir…

 

- Baxır hansı məsələlərdə. Əgər təbii fəlakət baş versə, insan itkisi olsa, nəinki başsağlığı vermək, yardım gösrətmək də lazımdır. Amma söhbət konkret şəxsdən - Qasım Süleymanidən gedirsə, xeyr! Çünki bu insan cinayətkardır, insanlığa qarşı ağır cinayətlər törətmiş bir şəxsdir. Xüsusən də Suriya ərazisində. Bu adam Hələb şəhərinin cəlladıdır. Hələb şəhərində isə yaşayanların böyük əksəriyyəti sünni ərəblərdən ibarətdir. Süleymani, həmçinin on minlərlə türkə qarşı cinayət işlətmiş, onların həyatına, malına qəsd etmiş biridir. Onun rəhbərlik etdiyi təşkilatın Hələbdə törətdiyi vəhşiliklər, hətta Rusiyanı belə, dəhşətə gətirmişdi. Məhz bundan sonra Rusiya qərar qəbul etdi ki, azad olunmuş ərazilərə nəzarət Rusiya polis batalyonlarına verilsin və rus batalyonları Cənubi Qafqazdakı sünni müsəlmanlardan ibarət olsun. Bu mənada belə bir şəxsə gözyaşı tökmək, onu şəhid elan etmək ya sadəlövhlükdür, ya da riyakarlıq.

 

- İraq hava limanına endirilən raket zərbələrinin “qəlpələri” Azərbaycan cəmiyyətində də partladı. Bu hadisə cəmiyyəti Süleymanini şəhid hesab edənlər, Süleymanini cani hesab edənlər və məsələyə qarışmayanlar cinahına böldü. Necə hesab edirsiniz, Azərbaycan cəmiyyətində, Sizin az öncə cinayətkar hesab etdiyiniz şəxsə qarşı bu qədər maraq, qızğın (həm müsbət, həm mənfi mənalarda) münasibiət nədən qaynaqlanır?

 

- Düşünürəm ki, bunun bir neçə səbəbi var. Bir səbəbi ümumiyyətlə müsəlman dünyasında antiimperialsit, antiqərb, antiamerika əhval-ruhiyyəsinin yüksək olmasıdır. O cümlədən Azərbaycanda da antiqərb əhval-ruhiyyəsi gündən-günə artmaqdadır. Bu gün Azərbaycanda, hətta mənim hörmət etdiyim insanlar belə, Qasım Süleymaninin ölümünə gözyaşı tökürlər. Məsələn, Hacı İlqar İbrahimoğlu onu şəhid elan elədi. Düzünü desəm, bu, məni təəccübləndirdi. Çox təəsüf ki, bu əhval-ruhiyyənin artmasında hakimiyyət də çox fəal iştirak edir. Antiqərb bəyanatlar hakimiyyət səviyyəsində tez-tez səslənir. Ola bilər ki, İrandan, Qasım Süleymanidən xoşu gəlməyən insanlar var, amma onlar üçün də Süleymani Amerika hegemonluğuna qarşı mübarizənin simvolu idi. Necə ki, Üsama ben Laden “Əl-Qaidə”nin simvolu idi və onun məhvi kifayət qədər ciddi hadisə olmuşdu.

 

Digər ciddi səbəblərdən biri isə, Azərbaycanda milli özünüdərk səviyyəsinin həddindən artıq aşağı olmasıdır. Bir çoxları səmimi olaraq İranı Azərbaycanın müttəfiqi sayır və müsəlman birliyinə inanırlar. Dini və milli etnik kimlik arasında fərq görmürlər. Milli çalarların olmaması da Azərbaycan kimi yeni yaranmış dövlətlərdə problem yaradır. İran kimi ölkələr də xarici siyasətdə məqsədlərinin gerçəkləşməsi üçün bu ciddi problemdən istifadə edirlər. Bu gün məlum olduğu kimi, şiə məzhəbinin mərkəzi İrandır. Əslində, farslar şiəlikdən milli və dövlət maraqlarını təmin etmək üçün istifadə edirlər. Təbii ki, bu, çox ciddi məsələdir.

Müəllif: Tural Talehoğlu      6 Yanvar 2020 18:08
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin