Əsas səhifə Haqqımızda Xəbər lenti

Yad məmləkətdə nə gəzirsən, əsgər?!

Yad məmləkətdə nə gəzirsən, əsgər?!

Dünya birliyi məsələnin mahiyyətindən uzaqlaşıb, AzərbaycanıTürkiyəni günahlandırmaq üçün bəhanə axtarır - Qarabağ dağlarında suriyalı terrorçularının izlərini tapmağa çalışır

 

Xarici medianın Qarabağ müharibəsi ilə bağlı materiallarının əsas mövzularından biri Suriya və İraq terrorçularının döyüşlərdə iştirakı mövzusudur. Azərbaycana muzdlu yaraqlıların yeni dəstələrinin çatdırılması barədə daim məlumat verilir. Erməni təbliğatı nəticəsində dövriyyəyə buraxılaraq, saqqız kimi çeynənən bu tezis ətrafında elə ajiotaj yaranıb ki, 30 illik Ermənistan-Azərbaycan münaqişəsinin incəliklərinə az bələd olan əcnəbi oxucu və ya tamaşaçı düşünməyə macal tapmır: “Axı onlar Azərbaycanın nəyinə lazımdır? Ölkənin vəziyyəti o qədərmi acınacaqlıdır ki, daha beynəlxalq birliyin qəzəbinə tuş gəlməkdən də qorxmadan, gələcəyi üçün narahat olmadan, dünyanın tör-töküntüsünü öz ərazinə yığır? Burada, ümumiyyətlə, məntiq varmı? Və nəhayət, söylənilənlər hansı konkret faktlara əsaslanır?”

 

Bəzi xarici KİV-lər guya ki, döyüşlərarası fasilədə jurnalistlərlə telefonla yazışan, ya danışan suriyalı “Əhməd” və “Mahmud”ların  müsahibələrini yayır, digərləri birbaşa ön cəbhədən keyfiyyətsiz video görüntülər təqdim edir. Belə görüntülərdə ərəb muzdluları gah səngərlərə yatır, gah da gizlənidkləri yerdən sıçrayıb qeyri-müəyyən hədəfə atəşlər açırlar. Onlar, əlbəttə ki, durmadan “Allahu Əkbər” söyləyir, lakin arada “erməni donuzlarını məhv etməyə gəlmişik” deyə auditoriyanı “məlumatlandırmağı” da unutmurlar.

 

Azərbaycan Ordusunun sıralarında terrorçuların olması barədə ən “etibarlı” məlumat mənbəyi kimi göstərilən erməni, fransız, rus və hətta Suriya rəsmilərinin özlərinin də sözlərində çoxlu ziddiyyətli məqamlar var.

 

Fəal hərbi əməliyyatların bərpasından dərhal sonra, sentyabrın 28-də Ermənistan tərəfi özünün Rusiyadakı səfiri Toğonyanın dili ilə Türkiyədən Azərbaycana 4000 Suriya yaraqlısının gətirildiyini elan etdi. Ancaq oktyabrın 1-də Fransa Prezidenti Emmanuel Makronun sözlərindən belə məlum oldu ki, Türkiyə vasitəsi ilə Qarabağ cəbhəsinə cəmi 300 islamçı gətirilib. Ertəsi gün, məsələni fransız həmkarı ilə müzakirə etdikdən sonra, Paşinyan erməni rəqəmlərinə düzəliş verdi - döyüşlərdə iştirak edən islam terrorçularının sayını 1500-2000 nəfərə endirdi.

 

Oktyabrın 6-da Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin də bu barədə danışdı. Amma o, fikrini kifayət qədər qeyri-müəyyən şəkildə ifadə etdi (“Söhbət yeni Qarabağ müharibəsində pul qazanmağa ümid edən yüzlərlə, hətta minlərlə radikaldan gedir”), eyni vaxtda tamamilə fərqli və hətta bir-birinə qarşı vuruşan ekstremist qrupların adını çəkdi. Ancaq erməni mətbuatı qarışıq, bir çox xarici media vasitələri onun, məhz Azərbaycana işarə etdiyini yazdı.

 

Guya, Bakıya tökülüşən terrorçuların vətəni -  Suriyanın Prezidenti Bəşər Əsəd isə oktyabrın 6-da Rusiyanın “RİA Novosti” agentliyinə müsahibəsində bu versiyaya bacardığı kimi dəstək verdi: “Bunu qətiliklə təsdiqləyə bilərik, amma ona görə yox ki, əlimizdə sübut var. Bəzən heç bir sübut olmasa da, əlamətlər kifayət edir”.

Suriyada 117 terrorçu könüllü surətdə təslim olub

Prezident İlham Əliyev Azərbaycan Ordusunda Suriya və ya İraq yaraqlılarının istifadəsini qətiyyətlə inkar edir və ona inanmamağa əsas yoxdur. Çünki, ortaya bunun əksini sübut edən bircə dəlil də qoyulmur. Ermənilərin əlində dəlil olsaydı, şübhə etməyin ki, indi onu ölkə-ölkə gəzdirib bütün dünyanın, lap elə Bəşər Əsədin gözünə soxmuşdular. Amma bizə cəfəng izahatlar verirlər: sübut tələb edəndə deyirlər ki, “biz yüzlərlə terrorçu öldürürük, sadəcə, meyitləri ələ keçirə bilmirik, çünki onları meşə və bataqlıqlarda qabanlar yeyir”. Bu, jurnalist lətifəsi deyil, Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyanın bəyanatıdır.

 

Dəlillər olmasa da, istənilən şüurlu insanın ağlına gələn və cavab tələb edən çətin suallar var. Həm say, həm də texnika baxımından Ermənistan silahlı qüvvələrindən xeyli dərəcədə üstün olan Azərbaycan Ordusunu bir dəstə terrorçunun köməyinə hansı ehtiyac möhtac qoya bilər? (Unutmayın ki, bir neçə il əvvəl Azərbaycan əsgərləri özləri beynəlxalq koalisiyanın tərkibində bu terrorçulara qarşı mübarizə aparıblar). Mürəkkəb, yüksək dəqiqliyə malik texnika, pilotsuz uçuş aparatları və artilleriya qurğuları ilə aparılan döyüşlərdə avtomatla silahlanmış bir dəstə muzdlu hansı üstünlük verə bilər? Azərbaycanda azı 70 min qoşun, 230 min ehtiyatda olan əsgər və zabit var. Onları orduya çağırmaqla Azərbaycan öz doğma torpaqlarını uzaq Ərəbistan səhralarından gətirilmiş muzdlu yaraqlılardan daha yaxşı müdafiə edə bilər.

 

Xarici ölkələrin, xüsusən də Rusiya, Fransa və Böyük Britaniyanın mediası erməni təbliğatının başqa bir “qarmağı”na da eyni asanlıqla düşür və Azərbaycan Ordusunun, “humanist” erməni qoşunundan fərqli olaraq, mülki əhaliyə qarşı vuruşduğunu iddia edir. Onlarda heç sual da yaranmır ki, əgər doğrudan da vəziyyət belədirsə, necə olur ki, Azərbaycan tərəfdən mülki əhali arasında itkilər erməni tərəfin itkilərindən xeyli çoxdur? Bunu görmək üçün rəsmi rəqəmləri müqayisə etmək kifayətdir. Yoxsa “məzlum” ermənilərə böhtan atmaq üçün azərbaycanlıların öz şəhərlərini, evlərini, məktəblərini qəsdən bombaladıqlarını iddia edən Paşinyana inananlar var?

 

Əlbəttə, mən ordu qərargahının rəisi, heç hərbi müfəttiş də deyiləm, buna görə and içə bilmərəm ki, Azərbaycan torpağına bir muzdlunun belə, ayağı dəyməyib. Eyni səbəbdən, Qarabağ müharibəsində əcnəbi döyüşçülərin Ermənistanın tərəfində vuruşmasından danışmayacağam, baxmayaraq ki, bunun üçün həm məntiqi əsas, həm də, Bəşər Əsədin dediyi kimi, “əlamətlər” - rəsmi açıqlamalar, ifadələr, məqalələr, fotoşəkillər var. Bu söhbətə yalnız inkaredilməz dəlillər ortaya qoyulan zaman qayıdarıq. Hərçənd... Bir dövlətin əsgərinin tanınmamış başqa bir qurumun silahlı dəstəsinin tərkibində döyüşə qatılması – terrorizmin bir forması deyilsə, nədir? Məgər Paşinyan və nazirləri oğullarının işğal altında olan Azərbaycan ərazilərində xidmət göstərmələri ilə öyünmürdülər? Yeri gəlmişkən, belə əməllər dünyanın bir çox ölkəsinin qanunlarına görə ağır cinayət hesab olunur. Hətta, Dağlıq Qarabağı bir dövlət kimi rəsmən tanımamış Ermənistanın öz daxili qanunları da (Cinayət Məcəlləsinin 224-cü maddəsi) eyni şeyi deyir.

 

Son illərdə Ermənistan-Azərbaycan münasibətlərinin daha da kəskinləşməsinin müharibəyə səbəb olacağını kim başa düşmürdü ki?  “Qarabağ probleminin hərbi həlli yoxdur” tezisi yalnız qismən doğrudur. O mənada ki, istənilən müharibə sülh müqaviləsinin imzalanması ilə başa çatır. Ancaq 1994-cü il atəşkəsindən əvvəl Ermənistan məhz güc tətbiq etməklə, Dağlıq Qarabağ ətrafında yeddi rayonu da işğal altına almaqla qonşusunu çıxılmaz vəzyyətdə salmamışdımı? Azərbaycan həqiqətən uzun illərdir ki, münaqişənin sülh yolu ilə həllinə çalışır. Əvvəlcə zəif olduğu üçün, sonra da güclü olduğu və beynəlxalq mövqeni dəyərləndirdiyi üçün.

 

Rəsmi Bakı ATƏT-in Minsk Qrupunun Ermənistan tərəfindən rədd edilən müxtəlif təşəbbüslərinə “hə” deyirdi, hətta Dağlıq Qarabağa yer üzündə mövcud olan “ən yüksək muxtariyyət forması” təklif edirdi. Konkretlik olmasa da, böyük seçim var idi – Aland modeli, Tirol modeli və s. Ölkənin tək istəyi ərazi bütövlüyünün qorunması idi. Amma məsələ heç vaxt konkret təkliflərin müzakirəsi mərhələsinə çatmadı. Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” deməklə danışıqların “postbişkek erası”na son qoydu.

 

Beləliklə, hər kəs vəziyyətin müharibəyə doğru getdiyini görür, hətta buna kömək edirdi. Ermənistan BMT qətnamələri, ümumavropa strukturlarının qərarları, Minsk Qrupunun çağırışları ilə hesablaşmır, yeni şərtlər irəli sürür, danışıqların formatını dəyişdirmək istəyirdi. Və paralel olaraq Azərbaycan xalqının hissləri ilə oynayırdı. Şuşada “yallı gedən”, azərbaycanlılar üçün bu müqəddəs şəhərin işğalının ildönümü bayramında qol qaldırıb süzən Paşinyan, səbri daşmış qonşusunu alçaltdığını, onun heysiyyatı ilə oynadığını başa düşmürdümü? Azərbaycanın müharibəyə başlamağa cəsarət etməyəcəyini, başlayarsa, Bakıya qədər gəlib çıxacaqlarını bəyan edən erməni generalları, həqiqətənmi qarşı ölkələrinin başçısını hansı vəziyyətdə qoyduqlarını anlamırdılar?

 

O zaman niyə Ermənistan indi bütün dünyadan Azərbaycan qoşunlarının Qarabağda irəliləməsini dayandırmağı xahiş edir? Tamam, Azərbaycan hələ zəif olduğu, kifayət qədər diplomatik dəstək qazanmadığı vaxtlarda işğala və ermənilərin hoqqalarına dözürdü. Ancaq bir ölkə bütün cəhətlər üzrə düşməni qat-qat üstələdiyini və beynəlxalq hüququn tamamilə onun tərəfində olduğunu bilirsə, xalq öz liderindən qəti addımlar tələb edirsə, bu liderin onilliklərlə davam edən kədərli hekayətə güc işlətməklə son qoymaqdan başqa hər hansı yolu qalırdımı?

 

Əlbətdə, hamı sülh istəyir. Yəqin, başa düşülür ki, Azərbaycan sülhə başqalarından da artıq ehtiyac duyur. Qanla suvarılan, xalqı əziyyət çəkən, cəbhənin hansı tərəfində olmasına baxmayaraq, şəhərləri və kəndləri dağılan Azərbaycan torpağıdır. Bəs, Ermənistan atəşkəs müqabilində nə təklif edir? Dünya nə təklif edir? Hələlik təzə heç nə - ilkin şərtlər olmadan (yəni əvvəlki şərtlərlə) danışıqlara qayıtmaq. Nə üçün? Bir müddətdən sonra yenidən savaşa başlamaq üçün?

 

Bu gün həm bizi, həm də dünya ictimaiyyətini məhz bu sualın cavabı maraqlandırmalıdır. Ancaq dünya birliyi hələlik məsələnin mahiyyətindən uzaqlaşıb Azərbaycanı, onunla bərabər Türkiyəni günahlandırmaq üçün bəhanə axtarır - Qarabağ dağlarında suriyalı terrorçularının izlərini tapmağa çalışır. 

 

Arif Əliyev

Müəllif: Ayna.az      17 Oktyabr 2020 19:00
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin