Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Xəbərlər

18.04.2024 - 16:52

“Texniki səbəblərdən və ya yol-nəqliyyat hadisələri nəticəsində nasazlıq yaranır və bunu dərhal aşkar etmək mümkün olmur”

“Bakı şəhərinin mərkəzi küçə və prospektlərində olan işıqforlar birbaşa Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə olunur və müşahidə kameraları vasitəsilə yollara nəzarət edilir. İşıqforların iş rejimində problem yarandıqda kameraların köməyi ilə qeydə alınır və aradan qaldırılması üçün texniki əməkdaşlar əraziyə göndərilir”. AYNA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin vətəndaşlara müraciətində bildirilib.

Qeyd edilib ki, bəzi hallarda kameraların olmadığı, paytaxtın nisbətən kənar yollarında yerləşən işıqforlarda texniki səbəblərdən və ya yol-nəqliyyat hadisələri nəticəsində nasazlıq yaranır və bunu dərhal aşkar etmək mümkün olmur.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlardan xahiş edir ki, paytaxt ərazisində yerləşən işıqforlarda hər hansı problemlə rastlaşdıqda Mərkəzin 24 saat rejimdə çalışan +994 12 404 41 22 telefon nömrəsinə məlumat versinlər.

Müəllif: Ayna.az