"Neft pulları göyə sovruldu, bir dənə müasir neftayırma zavodu tikilmədi"

İqtisadiyyat

28.08.2019 - 21:20

Ekspert: “Ölkənin neft emalı sənayesi yenilənməlidir"

 

Hər kəsə məlumdur ki, Azərbaycan neftinin tarixi kökləri çox qədim dövrlərə dayanır. XIX əsrin əvvəllərində dünyada ilk dəfə olaraq Bibiheybətdə, sahildən 30 metr aralıda, dənizdə qazılmış əl quyusundan neft hasil edilib.

 

1859-cu ildə Bakıda ilk neftayırma qurğusu tikilib. 1863-cü ildə Cavad Məlikov Bakıda kerosin zavodu tikdirib və dünyada ilk dəfə neftayırma prosesində soyuduculardan istifadə edib.

 

Ancaq Azərbaycanın neft sənayesində ilklərə imza atmasına baxmayaraq, hazırda ölkədə neft sənayesinin səviyyəsi qənaətbəxş deyil. Respublikada satılan benzinin keyfiyyəti çox aşağı səviyyədədir. Avtomobil sahibləri yanacağın keyfiyyətsiz olması səbəbindən avtomobillərində tez-tez nasazlıqlar yaranmasından şikayət edirlər. Bunu avtomobil təmirçiləri də təsdiq edirlər. Bildirirlər ki, keyfiyyətsiz yanacaq ucbatından avtomobillərin yanacaq nasosu, mühərrikin detalları, “injektor” tez sıradan çıxır.

 

Bəs, bu problemin qarşısını necə almaq olar? Bu məsələ ilə bağlı hansı qurumlar nə kimi işlər görməlidir?

İqtisadçı ekspert Qadir İbrahimli AYNA-ya açıqlamasında bildirib ki, bunun üçün neft emalı sənayesi yenidən qurulmalıdır: “Azərbaycanda istehsal müəssisələri çox zəif inkişaf edib. Bu, tək neft email sənayesi ilə bağlı deyil. Ümumiyyətlə, bazarın bu seqmentində çox ciddi problemlər var".

 

O, təəssüf hissi ilə deyib ki, hətta böyük neft pulları dövründə də istehsala yönəlik siyasət yürüdülməyib: "Ən azı, neft ölkəsi olan Azərbaycan istehlakını daxili istehsal hesabına təmin etməliydi. Çox təəssüf ki, bu, baş vermədi”.

 

“Hesab edirəm ki, hələ də gec deyil, neft emalı sənayesi yenilənməlidir. Yüksək keyfiyyətli benzin növləri Azərbaycanın özündə istehsal olunmalıdır”, - deyə o vurğulayıb.

 

İqtisadçı ekspert Natiq Cəfərli isə düşünür ki, bu problemin həllinə iki yolla nail olmaq mümkündür: “Ya benzinin qiymətini qaldırmaq, ya da gömrük rüsumunu ləğv etmək lazımdır. Çünki neft ölkəsi olan Azərbaycan bu günə qədər normal benzin istehsal edə bilmir, indi də Aİ-92 markalı benzinin istehsalı daxili istehlakı ödəmir deyə xaricdən benzin almağa möhtac qalmışıq”.

Image result for Natiq Cəfərli

"Hökumət müstəqillikdən üzü bəri bir dənə normal, müasir neftayırma zavodu tikmədi, xam nefti satıb pulunu göyə sovurdu. Halbuki 1 barel xam neftin satış qiyməti, 1 barel neftdən hazırlanan son məhsulun qiymətindən 4-5 dəfə ucuzdur”, - deyə N.Cəfərli qeyd edib.

Müəllif: Rumiyyə Miraslan