Azərbaycanın icmal büdcəsində kəsir yaranıb

İqtisadiyyat

23.07.2020 - 11:34

Həkimlər Klinikalar SEO Xidməti

Maliyyə Nazirliyi xərclərlə bağlı məlumat yayıb

 

2020-ci ilin altı ayında dövlət büdcəsinin mədaxili 12022,7 mln. manat, xərcləri 11730,8 mln. manat olub, 291,9 mln. manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb. AYNA-nın xəbərinə görə, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, 2020-ci ilin altı ayında dövlət büdcəsinin mədaxili 12022,7 mln. manat və ya proqnoza qarşı 338,2 mln. manat, 2,9 faiz çox icra olub.

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4005,4 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 326,6 mln. manat və ya 8,9 faiz çoxdur.

 

Həmin vəsaitin 72,4 faizi və yaxud 2899,5 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 367,7 mln. manat və ya 14,5 faiz çoxdur.

 

2020-ci ilin altı ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 2019,3 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 98,1 mln. manat və ya 5,1 faiz çoxdur.

 

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar üzrə ödənişli xidmətlər və sair daxilolmalardan müvafiq olaraq 266,4 və 56,6 mln. manat vəsait büdcəyə daxil olub.

 

Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulmuş həcmdə, yəni 5675,0 mln. manat vəsait transfert edilib.

 

2020-ci ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 4211,7 mln. manat icra olub.

 

2020-ci ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,9 faiz və yaxud 11730,8 mln. manat icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 779,8 mln. manat və ya 7,1 faiz çoxdur.

 

İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk altı ayında dövlət büdcəsi xərclərinin 42,5 faizi və ya 4984,4 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,1 faiz və ya 1030,7 mln. manat çoxdur.

 

2020-ci ilin altı ayında dövlət büdcəsi xərclərinin 8298,2 mln. manatı və ya 70,7 faizi cari xərclərə, 2551,9 mln. manatı və ya 21,8 faizi əsaslı xərclərə, 880,7 mln. manatı və ya 7,5 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

 

2020-ci ilin ilk altı ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.

 

Cari ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 6476,2 mln. manat icra olunub.

 

2020-ci ilin altı ayında dövlət büdcəsində 291,9 mln. manat profisit yaranıb.

 

Dövlət büdcəsinin profisitinin proqnoza qarşı artması əsasən dövlət büdcəsinə fiskal orqanları (Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi) tərəfindən gəlir proqnozların artıqlaması (424,7 mln. manat) ilə təmin edilməsi hesabına olub.

 

Cari ilin ilk altı ayında icmal büdcənin gəlirləri 12370,5 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə, 5222,9 mln. manat və ya 29,7 faiz azdır. İcmal büdcənin xərcləri isə 12884,4 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1203,7 mln. manat və ya 10,3 faiz çoxdur. İcmal büdcədə 513,9 mln. manat kəsir (defisit) yaranıb.

Müəllif: Ayna.az