“Ukraynanın özünümüdafiə hüququ var, beynəlxalq hüquqa görə isə bu hüquq sərhəddə bitmir”
“Ukraynanın Rusiyanın Kursk bölgəsinə müdaxiləsi qanunidir və Kiyevin özünümüdafiə hüququna daxildir”. AYNA “Reuters”ə istinadən xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Almaniyanın “Welt am Sonntag” həftəlik nəşrinə müsahibəsində Stoltenberq deyib: “Ukraynanın özünümüdafiə hüququ var, beynəlxalq hüquqa görə isə bu hüquq sərhəddə bitmir”.
Onun sözlərinə görə, NATO Ukraynanın planları barədə əvvəlcədən məlumatlandırılmayıb və bu planlarda heç bir rol oynamayıb.
Eyni zamanda, NATO rəhbəri qeyd edib ki, Ukrayna Rusiya ərazisinə hücum etməklə riskə gedir, lakin Kiyev hərbi kampaniyasını necə aparacağına özü qərar verməlidir.
“Prezident Zelenski açıq şəkildə bildirdi ki, əməliyyat Rusiyanın sərhəddən sonrakı hücumlarının qarşısını almaq üçün bufer zona yaratmaqdır. Bütün hərbi əməliyyatlar kimi, burada da risklər var. Ancaq özünü necə müdafiə edəcəyi Ukraynanın öz qərarıdır”.