NATO ölkələri Ukraynaya uzunmüddətli yardımı sığortalayacaq

Dünya

02.07.2024 - 17:22

Həkimlər Klinikalar SEO Xidməti

Alyansın qarşıdan gələn sammitində NATO Ukraynaya yardım göstərmək üçün məsul mövqe yaradacaq

NATO ölkələri Avropada sağçı qüvvələrin mövqelərinin güclənməsi və Donald Trampın ABŞ-da keçiriləcək prezident seçkilərində mümkün qələbəsi fonunda Ukraynaya uzunmüddətli dəstəyi sığortalamaq niyyətindədirlər. AYNA xəbər verir ki, bu barədə məlumatlı mənbələr “The Wall Street Journal”a bildiriblər.

Onların sözlərinə görə, iyulun 9-11-də Vaşinqtonda keçiriləcək Alyansın qarşıdan gələn sammitində NATO Ukraynaya yardım göstərmək üçün məsul mövqe yaradacaq. Bu vəzifəni Kiyevdə işləyəcək yüksək rütbəli məmur tutacaq. O, Ukraynanın hərbi sektorun modernləşdirilməsi və qeyri-hərbi dəstək üçün uzunmüddətli ehtiyaclarına diqqət yetirəcək.

Bundan əlavə, blok Almaniyanın Visbaden şəhərində Kiyevə hərbi texnikanın tədarükü və Ukrayna qoşunlarının təlimini əlaqələndirmək üçün yeni komandanlıq yaradacaq.

NATO-nun Ukrayna üçün Təhlükəsizlik və Təlim Yardımı adlanan əməliyyatda ABŞ və digər Alyans ölkələrindən təxminən 700 hərbçi iştirak edəcək. Onlar Rusiya ordusunun Ukraynaya genişmiqyaslı işğalına başlayandan bəri ABŞ ordusunun gördüyü işlərin böyük hissəsini öz üzərinə götürəcək.

Jurnalın mənbələri vurğulayıblar ki, bu addımlar NATO-ya Qərb ölkələrinin Ukraynaya hərbi dəstək göstərmək səylərini daha yaxşı əlaqələndirməyə kömək edəcək, həmçinin Ukrayna ordusunu Alyansın silahlı qüvvələrinə daha çox bənzədəcək.

ABŞ-ın NATO-dakı keçmiş daimi nümayəndəsi İvo Daalder izah edib ki, bu qərarlar qəbul edildikdən sonra NATO-nun özü Ukraynaya yardım göstərmək üçün məsuliyyət daşıyacaq: “Beləliklə, ABŞ bu səylərə dəstəyi azaltsa və ya dayandırsa belə, onlar bitməyəcək”.

Mənbələrin məlumatına görə, planlar bir neçə ay ərzində hazırlanıb, lakin ABŞ Prezidenti Co Baydenin iyunun 27-də Trampla debatda uğursuz çıxışından sonra onların üzərində iş sürətlənib. Debat zamanı Tramp bildirib ki, Birləşmiş Ştatlar müharibəyə pul xərcləməməlidir, çünki müharibə ilk növbədə başlamamalı idi. O xatırladıb ki, “Ukrayna Prezidenti Volodimir Zelenski hər dəfə ABŞ-a gələrkən özü ilə 60 milyard dollar götürüb aparır”.

Tramp eyni zamanda, seçkidə qalib gəlsə, 2025-ci ilin yanvarında vəzifəyə başlamazdan əvvəl Ukraynadakı müharibəni bitirəcəyini vəd edib.

Müəllif: Ayna.az