NATO-nun Avropadakı ən böyük bazasının tikintisinə başlanılıb

Dünya

18.03.2024 - 13:58

Sahəsi 2,8 min hektar olan baza Qara dənizdəki Rumıniya limanının yerləşdiyi Konstansa rayonundadır

Rumıniyada 10 min əsgər üçün nəzərdə tutulmuş Avropanın ən böyük NATO bazasının tikintisinə başlanılıb. Obyektin tikintisi 2,5 milyard avro dəyərində qiymətləndirilir. AYNA xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Bildirilib ki, sahəsi 2,8 min hektar olan baza Qara dənizdəki Rumıniya limanının yerləşdiyi Konstansa rayonundadır. Onun infrastrukturu NATO-nun artıq mövcud olan “Mixail Koqelnicanu” aviabazasının bazasında qurulur.

Yeni bazada uçuş-enmə zolaqları, silah platformaları, hərbi təyyarələr üçün anqarlar, həmçinin məktəblər, uşaq bağçaları, mağazalar və xəstəxanalar yerləşəcək.

Rumıniyalı ekspert Dorin Popesku bazanın tikintisi ilə bağlı qərarın Ukraynada uzunmüddətli hərbi münaqişə fonunda verildiyini iddia edir. Hazırda aviabazada 5 minə yaxın hərbi qulluqçu yerləşdirilib. Onların əksəriyyəti amerikalılardır.

Qeyd edək ki, martın əvvəlində Albaniyada NATO-nun Qərbi Balkanlarda ilk bazası açılıb. Hava bazası paytaxt Tiranadan 80 km cənubda yerləşir və Alyansın bu ölkədəki ən böyük layihəsidir. Yerli hakimiyyət orqanlarının fikrincə, bu, “Albaniyanı Rusiyadan qorumaq” üçün nəzərdə tutulub.

Müəllif: Ayna.az