“NATO hərəkətə keçməzsə, daha 3 ölkədə “xalq respublikaları” elan edilə bilər”

Aktual

28.02.2022 - 10:21

Ukraynada son vəziyyət və Kremlin işğal planının əsas məqsədi: ruslar və ukraynalılar danışırlar

Bu gün Rusiya rəhbərliyi Ukraynada baş verənləri təsvir edərək, “bu, işğal deyil” deyir, halbuki biz artıq Kiyev, Xerson, Xarkov və s. şəhərlərdə döyüşlər getdiyini görürük. Bəs onda işğal nədir?

Onlar həm də “demilitarizasiya” və “Ukrayna xalqının azad seçiminin təmin edilməsi” haqqında danışırlar. Amma sual olunur: Rusiya Federasiyasının və onun qoşunlarının bununla nə əlaqəsi var? Suveren dövlətin xalqının seçimi beləmi təmin olunur? Və daha bir sual: Qərb bu vəziyyətdə Ukraynaya kifayət qədər dəstək verirmi?

İndi saxtaları da daxil olmaqla, bir çox müxtəlif məlumatlar yayılır. Məsələn, bildirilir ki, Rusiya ordusunun əsas məqsədi əvvəllər Dneprdən Krıma su verən kanala nəzarətini təmin etmək, həmçinin Dnestryanıya quru dəhlizi açmaqdır. Bu, nə dərəcədə doğrudur? Yaxud işğalçılar istəklərini nail olurlarmı? Ukraynanın hava hücumundan müdafiə sistemləri uğurla işləyirmi?

AYNA-nın suallarını Rusiya və Ukraynadan olan tanınmış ekspertlər cavablandırıblar.

Rusiyanın Demokratik Seçim Partiyasının həmsədri, Qaydar adına İqtisadi İnkişaf İnstitutunun baş eksperti Sergey Javoronkov:

“İndi biz sovet leksikasının bərpasının şahidi oluruq - rəqabətsiz seçkilər, sovet ordusunun işğal etdiyi ölkələr “xalq demokratiyası” adlandırılanda seçkilərin alternativ olduğu yerdə deyirdilər ki, “bu, burjua demokratiyasıdır, real deyil”. Baş verənlər Oruellin “1984”, “Sülh müharibədir” antitopiyasına bənzəyir.

Biz suveren dövlətin ərazisinin işğalının şahidi oluruq və ən acınacaqlısı Qərb dövlətlərinin buna yöndəmsiz reaksiyasıdır. Bu yöndəmsizlik, astagəllik istənilən yerdə - Estoniyada, Polşada, Finlandiyada yeni “xalq respublikaları”nın elan edilməsinə və sonradan hücuma səbəb ola bilər. Əgər bu, kiməsə fantaziya kimi görünürsə, mən o adama məsləhət görürəm ki, 2013-cü ili yada salsın: o zaman Rusiya ilə Ukrayna arasında müharibə ona fantaziya kimi görünmürdü?

İndi məsələ hərbi gücdür. 1991-ci ildə Avropadakı Amerika kontingenti təxminən 400 min nəfər idisə, indi 100 min nəfərdən azdır və 1997-ci ildə ləğv edilməmiş Rusiya-NATO paktına görə, onlar keçmiş Almaniya Demokaratik Respublikasının sərhədlərindən şərqdə "daimi əsasda əhəmiyyətli sayda yerləşməməlidirlər". Həmin pakt denonsasiya edilməli və kontingentin yerləşdirilməsinə başlanmalıdır. ABŞ-ın bunun üçün büdcəsi var. Məsələ siyasi iradədədir”.

Rusiyalı jurnalist, bloger Aleksey Romanov:

“Müharibə sülhdür, azadlıq köləlikdir, ölkəni hərbi güclə ələ keçirmək işğal deyil – Bunlar Stalin dövründən bizim nomenklatura tərəfindən yaxşı mənimsənilmiş adi söz yığınıdır. Bunu başa düşmək üçün müəyyən bir hazırlıq lazımdır - hansı terminlərin hərfi mənada nəzərə alınmalı olduğunu, hansının metafora olduğunu və hansının mənalarına birbaşa zidd olduğunu müəyyən etmək bacarığı. Eyni zamanda, anlama qaydaları heç bir yerdə sabit deyil və hər an əksinə dəyişə bilər. Ümumiyyətlə, hər şey Oruellə görə baş verir”.

Ukraynalı politoloq İqor Semivolos:

“Çox məlumat var, daha çox da dezinformasiya var. Lakin müharibə dövründə bular adi şeylərdir. Hesab edirəm ki, Azərbaycan oxucularına indi baş verənlərin tammiqyaslı müharibə, Ukrayna xalqının rus işğalçılarına qarşı Vətən müharibəsi olduğunu izah etməyə dəyməz. Onlar təkcə ərazimizi ələ keçirmək istəmirlər, bizim bir xalq olaraq kimliyimizi, tariximizi məhv etmək istəyirlər.

İndi aydın olur ki, Rusiya təcavüzünün əsas məqsədi nə Krım üçün su, nə də Dnestryanıya quru dəhlizidir. Hədəf - ölkəmizin ürəyi olan Kiyevdir. Təcavüzkarlar əsas zərbəni məhz bura yönəldiblər. Təəssüf ki, Lukaşenko bu işdə rusiyalılara kömək edir, slavyan qardaşlığı anlayışına xəyanət edir.

Ukrayna ordusunun geri çəkildiyi, ərazilərimizin ard-arda işğal olunduğuna dair dezinformasiyalar yayılır. Lakin belə deyil. Biz həm ordu, həm də xalq olaraq qətiyyətlə döyüşürük. Tam nəzarət qabiliyyətini saxlayan Ukrayna ordusu düşmənə zərbələr endirir, onu məsafədə saxlayır. Praktikada deyə bilərik ki, Kremldə oturanların arzuladığı blitskrieg uğursuz oldu.

Ukrayna Baş Qərargahı müharibə başlamazdan əvvəl sərhədlərimizdə cəmləşən rus qoşunlarının sayını əsas götürərək, şəhərləri qorumaq qərarına gəlib. Şəhər şəraitində Rusiya ordusunun strateji üstünlükləri praktiki olaraq azalır, əlavə olaraq, zirehli texnika və tankları effektiv şəkildə məhv etmək üçün indi kifayət qədər müasir tank əleyhinə silahlarımız var.

Amma bu, o demək deyil ki, ruslar hər şeyi ələ keçiriblər – müqavimətlə üzləşəndə onlar Ukrayna ordusunun nəzarətində olan şəhərlərdən yan keçərək şosse boyu irəliləyirlər. Amma heç də hamısı çox uzağa gedə bilmir və bu, yaxşıdır. Təbii ki, desant qüvvələri də var, amma burada stingerlər və Ukrayna aviasiyası bizə çox kömək edir. Uçan hədəflər də vurulur, sadəcə olaraq, indiyə qədər onların sayı çoxdur, çünki hamısını birdən vurmaq mümkün deyil.

Bu gün Kiyev səmasında Ukrayna aviasiyası daha müasir Rusiya təyyarələri ilə uğurla qdöyüşür. Artıq iki döyüşdə altı rus təyyarəsini vuran "Kiyev xəyaləti" haqqında məlumat tapa bilərsiniz.

Yeri gəlmişkən, hava hücumundan müdafiə sistemi təəccüblü dərəcədə çox təsirli oldu - son iki gündə Kiyevə atılan ballistik və qanadlı raketlərin böyük əksəriyyəti vuruldu. Və burada öz resursları ilə paytaxt ətrafında hava hücumundan müdafiə sistemini bərpa edən beşinci Prezident Petro Poroşenkoya böyük təşəkkürümüzü bildirməliyik”.

Ukraynalı analitik, “Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin Təhlükəsizlik Departamentinin rəhbəri Qleb Parfyonov:

“Həqiqətən, rus işğalçıları bir neçə şəhəri ələ keçirə bildilər, məsələn, Xerson və Kaxovka. Sumı ilə bağlı məlumatlar fərqlidir, lakin döyüşlər gecə və gündüz davam edir. Döyüşlərin Xarkovda davam etdiyi haqda məlumatlar var, amma döyüşçülərimizin cəsarəti və məharəti göstərir ki, artilleriya və aviasiyadan davamlı atəşə tutulsa belə, şəhər o qədər də asan təslim olmayacaq. Əslində şəhər bu müharibənin müdafiəsinin simvollarından biri sayıla bilər.

Eyni şəkildə, bu, separatçılarla demarkasiya xətti boyunca müdafiəyə də aiddir, onlar ikinci gündür ki, Ukrayna Silahlı Qüvvələrinin ən təcrübəli bölmələri ilə möhkəmləndirilmiş xətti heç cürə keçə bilmirlər. Təəssüf ki, Kiyevdə vəziyyət sırf Belarusun xəyanət etdiyi üçün bu cür inkişaf etdi, onlar beynəlxalq hüququ pozaraq, öz ərazilərindən hücuma icazə verdilər. Əslində, ruslar bunun sayəsində Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirdilər və Qostomel aerodromunda eniş əməliyyatı həyata keçirə bildilər.

Xoşbəxtlikdən, hərbçilərimiz bu xətti tuta bildi ki, desant qüvvələri gələn təyyarələr səbəbindən güclənməsin. Ölkədə hələ də hava hücumundan müdafiə sistemi var, ona görə də biz kütləvi desant atılmasını görmürük. İndiyə qədər bu cür əməliyyatlar yalnız Kiyev yaxınlığında olub və hətta o zaman orada vertolyotların enişi zamanı ruslar itkilər verib.

Fikrimcə, Rusiya təcavüzünün əsas məqsədi Ukraynanı neytrallığa və bloklara qoşulmamağa məcbur etmək, kanal vasitəsilə Krıma su axını açmaq, eləcə də bölgələrin inzibati sərhədləri boyunca əraziləri separatçılara verməyə məcbur etməkdir”.

Müəllif: Rauf Orucov