Müxalifət iqtidarı iqtidarda saxladı və ya Ərdoğanın qarşısındakı çətin 5 il

Dünya

29.05.2023 - 19:15

Mərkəz rəhbəri: “Tezliklə iqtisadi problemlər və zəlzələnin fəsadları həll olunmasa, Ərdoğan iqtidarı üçün çətin olacaq”

Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunun nəticələrinə görə, “Cümhur İttifaqı”nın namizədi, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, hazırki Prezident Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Prezidenti seçilib. Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) ilkin açıqlamasında görə, Ərdoğanın növbəti 5 illik müddət üçün Türkiyə Prezidenti postunda qalacaq. Prezident seçkilərinin ikinci turunun nəticələrinə görə, “Cümhur İttifaqı”nın namizədi Ərdoğan 52,11 faiz səs qazanıb. Müxalifətin “Millət İttifaqı”nın namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu isə 47,89 faiz səs toplayıb.

Qardaş ölkədə keçirilən seçkilərin nəticələri ilə bağlı AYNA-nın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Ərdoğanın qalib gəlməsi gözlənilən idi:

- Seçkilərin birinci turundan sonra namizədlər arasında fərq 2.5 milyon idi ki, bu fərqi ortadan qaldırmaq Kılıçdaroğlu üçün problemli idi. Kılıçdaroğlu seçki kampaniyası strategiyasını ikinci tur üçün dəyişməyə çalışdı. Gördü ki, millətçilərin səsi Ərdoğana gedir, bu seçiciləri öz tərəfinə çəkmək üçün millətçi şüarlara üstünlük verdi. Lakin bu, seçici üçün inandırıcı olmadı. Çünki siyasətçi 10 günə mövqeyini dəyişə bilməz. Ona görə də yeni seçki strategiyası Kılıçdaroğluna kömək olmadı.

Eyni zamanda, Türkiyənin dövlət təhlükəsizliyi xalq üçün daha önəmli oldu. Kılıçdaroğlu yanlış olaraq düşünürdü ki, insanları ancaq iqtisadiyyat, sosial rifah düşündürür. Sosial şüarlarla səs toplamağa çalışdı. Seçki kampaniyası göstərdi ki, Türkiyə insanının yarısından çoxunu ölkənin təhlükəsizliyi, terror təşkilatları ilə mübarizə maraqlandırır. PKK terror təşkilatının siyasi qanadı olan HDP-nin Kılıçdaroğlunu dəstəkləməsi də onun səs qazanmasına əngəl yaratdı.

Bütövlükdə, “Millət İttifaqı”nın seçkilərlə bağlı bir sıra səhvləri oldu ki, bu, sonda məğlubiyyətləri ilə nəticələndi.

- Söhbət hansı səhvlərdən gedir?

- Əvvəldə sadaladığım səhvlərlə yanaşı, “Altılı masa”da baş verənlər diqqətdən yayınmadı. Məncə, “Altılı masa” namizədin kimliyi qərarında da səhv etdi. Ümumiyyətlə, Kılıçdaroğlu namizəd olacaqdısa, “Altılı masa”ya nə ehtiyac var idi?! Düzdür, Kılıçdaroğlu “Altılı masa”ya mühafizəkar partiyaların rəhbərlərini cəlb etməklə düşünürdü ki, Ərdoğanın səslərini parçalaya bilər. Amma keçmiş nazirlər – Ahmet Davutoğlu və Ali Babacanın Türkiyədə elə də reytinqləri yoxdur. İstər parlament, istər prezident seçkilərinin nəticələri onu göstərdi ki, bu siyasətçilər Kılıçdaroğluna heç bir fayda vermədilər. Əksinə, onların bir qədər də zərəri oldu. Bir faiz belə reytinqi olmayan partiyalarına millət vəkilləri qazandırdılar. Halbuki o yerlər CHP-nin idi.

Üstəlik, Kılıçdaroğlu seçilsəydi, bu adamlar onun köməkçiləri olacaqdılar. Seçici düşündü ki, bir tərəfdə təkbaşına idarə edən Ərdoğanmı yaxşıdır, yoxsa prezident və ölkənin idarə edilməsinə müdaxilə imkanı olan 6 nəfərmi?! İnsanlarda bu koalisiyanın ölkəni necə idarə edəcəyi sualı yarandı və əksəriyyət birincinin məqbul olduğu qərarını verdi.

Eyni zamanda, “Altılı masa” vahid namizədi də gec müəyyənləşdirdi, bununla yanaşı, seçicinin fikrincə, səhv namizədlə seçkiyə getdi. Namizəd məsələsində rəy sorğuları keçirilirdi və Kılıçdaroğlu üçüncü sırada qərarlaşırdı. Birinci sırada Ankaranın bələdiyyə başqanı Mansur yavaş, ikinci sırada istanbulun bələdiyyə başqanı Ekrem İmamoğ gəlirdi. Yəni insanlar arasında ən populyarı bu şəxslər idi. Amma Kılıçdaroğlu onların namizədliklərinə imkan vermədi. Halbuki, onun əsas müttəfiqi, İYİ Partiyanın lideri Meral Akşener Yavaş, yaxud İmamoğlunun namizədliyini təkid edirdi. Hətta “Altılı masa”dan qalxdı, sonradan birliyi pozan siyasətçi görüntüsü yaranmasın deyə qayıtdı. Akşener haqlı idi, seçkinin nəticəsi də bunu göstərdi. O, qalib gələ biləcək namizədin olmasını istəyirdi. Bütün yanlışlar sonda müxalifətin məğlubiyyəti ilə nəticələndi.

- Ərdoğan Türkiyə Prezidenti postunda qaldı. Növbəti 5 il Ərdoğan hakimiyyəti üçün nələr gözlənilir?

- Ərdoğan qələbə nitqində gələcək siyasətinin nədən ibarət olacağını bir daha elan etdi. Vədləri onu göstərdi ki, əzmlə işləyəcək, planlar axarı ilə həyata keçiriləcək. Onun qarşısında əsas problem, ağır iş ölkə iqtisadiyyatının dirçəldilməsidir. Ərdoğan iqtisadi-sosial vəziyyəti düzəltməli olacaq. Türkiyədə iqtisadiyyatın yaxşılaşması üçün ciddi çağırışlar var. İnflyasiya dərinləşib, bir dollar 20 lirədən bahadır. Bu problemləri həll etməlidir. Eyni zamanda, zəlzələnin fəsadlarını qısa zamanda aradan qaldırmalıdır. Tezliklə iqtisadi problemlər və zəlzələnin fəsadları həll olunmasa, Ərdoğan iqtidarı üçün çətin olacaq. Terror təşkilatları ilə mübarizə davam edəcək, etdirilməlidir. Dediyim kimi, seçicilər həm də Türkiyənin təhlükəsizliyinə səs verdi. Suriyalı qaçqınlar məsələsini də həll edilməlidir. Ərdoğan nitqində bu məsələyə toxundu, addımlar atacağı vədini verdi. Bu işləri həyata keçirmək üçün Ərdoğan yeni komanda formalaşdırmalıdır. Çünki bütün nazirlər hamısı millət vəkili oldu. Yenə deyirəm, əsas diqqəti iqtisadiyyatın dirçəldilməsinə yönəltməlidir. Bu sahələrə təyin etdiyi səlahiyyətlilər elə şəxslər olmalıdırlar ki, bu istiqamətdə islahatları sürətli şəkildə apara bilələr.  

- Ərdoğanın xarici siyasətində hansısa dəyişiklik gözlənilirmi?

- Ankaranın xarici siyasətində ciddi dəyişiklik olmayacaq. ərdoğanın xarici siyasət kursu bəllidir və bunu daha da gücləndirəcək. Azərbaycanla müttəfiqliyi daha da gücləndirəcək. Ankara-Bakı münasibətlərində sual doğuran məqamlar yoxdur. Ermənistan məyusdur. Çünki İrəvanda Qərbə bağlı olacaqlarını saydıqları Türkiyə müxalifətinin hakimiyyətə gələrsə, Azərbaycanla münasibətlərə yenidən baxacağını düşünürdülər. Rusiya Prezidenti Vladimir Putin Ərdoğanla tərəfdaşlığını davam etdirəcək, bunu təbrikində də bildirdi. Bunun Azərbaycan üçün də faydası var. Çünki qarşısında Ərdoğan varsa, Kreml Bakıya təzyiq haqqında düşünmür. Moskva anlayır ki, Azərbaycana təzyiq edərsə, qarşısında Ankaranı görəcək və bu, Rusiyaya sərf etmir.

Müəllif: Anar Bayramoğlu