Müharibələrdən sonra ödənilən təzminatlar – İrəvan da ödəməli olacaq

Aktual

23.04.2021 - 18:12

Azərbaycan beynəlxlaq məhkəməyə müraciət edərək işğalçı Ermənistandan təzminat ödənilməsini tələb edəcək

 

 “İşğalçı ölkə uzun müddət zəbt etdiyi torpaqlarımızda infrastruktur və ekoloji soyqırım edib. Demək olar ki, bütün tikililər dağıdılıb, meşələr məhv edilib. İşğaldan azad olunan yaşayış məntəqələrinin görüntüləri göstərir ki, əksər hallarda nəinki dağıdılmış evlərin yerlərini, hətta kəndlərin tam olaraq harada yerləşdiyini müəyyənləşdirmək çətindir”.

 

AYNA xəbər verir ki, bu sözləri iqtisadçı, deputat Vüqar Bayramov öz "Facebook" səhifəsində yazıb. Ermənistanın Qarabağı işğalı nəticəsində Azərbaycana dəyən ziyanın hesablanması ilə bağlı aparılan prosesi şərh edən V.Bayramov qeyd edib ki, ziyanın məbləği hesablanandan sonra Azərbaycan beynəlxlaq məhkəməyə müraciət edərək işğalçı Ermənistan tərəfindən təzminatın ödənilməsini tələb etmək hüququndan istifadə edəcək. 

 

İqtisadçı dünyada belə praktikanın olduğuna dair misal göstərib: “Körfəz müharibəsindən sonra İraqdan Küveytə vurduğu ziyanın ödənilməsini tələb edən BMT-nin 687 saylı qətnaməsi qəbul olunub. O zaman BMT Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52.4 milyard dollar müəyyənləşdirib. Həmin vəsaitin 48.7 milyard dollarının ödənilməsinə artıq nail olunub”.

Saxta.info saytı iqtisadçının bu açıqlamasının nə dərəcədə real olduğunu dəqiqləşdirməyə çalışıb. Deputatın nümunə olaraq göstərdiyi  kompensasiya mövzusu 1990-cı ildə İraqın Küveyti işğal etməsi nəticəsində meydana çıxıb. Tarixə Körfəz müharibəsi kimi düşən bu hadisə 1990-cı il avqustun 2-də İraqın Küveytə hücumu ilə başlayıb.  2 gün davam edən əməliyyat nəticəsində Küveyt Ordusu darmadağın edilib, Küveyt şeyxi Səudiyyə Ərəbistanına qaçmaq məcburiyyətində qalıb, ölkənin ərazisi İraqın işğalı altına düşüb. Səddam Hüseyn hökuməti Küveyti  İraqın 19-cu əyaləti elan edib. Avqustun 2-də BMT Təhlükəsizlik Şurası 660 nömrəli qətnamə  qəbul edərək,  İraq qarşısında Küveyt ərazisini qeyd-şərtsiz tərk etmək tələbi qoyub.  Daha sonra ABŞ-ın rəhbərliyi ilə İraqa qarşı  koalisiya qurulub.

 

1991-ci ilin fevral ayında ABŞ-ın rəhbərlik etdiyi 37 ölkədən ibarət Koalisiya Küveyti İraqın işğalından azad edib. Həm əməliyyatlar ərəfəsində, həm də 7 ay sürən işğal dövründə Küveytə ciddi ziyan dəydiyi bildirilir. Açıq mənbələrdə yayılan məlumatlara görə, İraq qoşunları geri çəkilərkən Küveytə məxsus təkcə 600-ə yaxın neft burğunu yandırıb.

 

1991-ci ildə BMT Təhlükəsizlik Şurasının 687 (1991) və 692 (1991) saylı qətnamələrinə əsasən  İraqın Küveyti işğal etməsi nəticəsində ölkəyə dəyən zərərlə bağlı iddiaları araşdırmaq və təzminat ödənilməsini təmin etmək üçün Təzminatlar üzrə Komissiya yaradılıb. Küveytə dəyən zərərlə bağlı komissiyaya 2 milyon 700 min  iddia daxil olub.  Küveyt İraqdan 352,5 milyard dollar təzminat tələb edib. 1 milyon 500 min iddia  təmin olunub. 2005-ci ildə başa çatan araşdırmaların yekunu olaraq təzminatın məbləği 52,4 milayrd dollar müyyənləşdirilib. İraqın qarşısında neft və neft məhsullarından gələn gəlirin müyyən faizini ödmək şərti qoyulub. BMT-nin Təzminatlar üzrə Komisiyasının xətti ilə Küveytə sonuncu dəfə 2021-ci ilin yanvar ayında 270 milyon dollar həcmində vəsait ödənilib.  Bununla da İraq tərəfinin Küveytə ödədiyi  təzminatın məbləği  50,3 milyard dollara çatıb. Qalan məbləğ 2,1 milyard dollar təşkil edir.

 

Yeri gəlmişkən, bu tipli  təzminat (reparasiya) ilk dəfə Birinci Dünya müharibəsinin nəticəsində tətbiq edilib.  Almaniyanın da daxil olduğu  “Üçlər ittifaqı”nın “Antanta”ya  məğlub olması nəticəsində imzalanan Versal Sülh Müqaviləsində Almaniyanın qarşısında Antanta ölkələrinə vurduğu zərərə görə təzminat ödəmək  tələbi qoyulub.  Təzminatın dəyəri 269 milyard qızıl marka - təxminən 100 min ton qızıl ekvivalentində olub. Almaniya hökuməti müxtəlif dövrlərdə iqtisadi çətinlik ucbatından ödəmələri təxirə salıb.

 

1933-cü ildə nasistlərin hakimiyyətə gəlişindən sonra Hitler ödəmələri ümumiyətlə dayandırıb. Amma İkinci Dünya müharibəsindən və 1949-cu ildə Almaniya Federativ Respublikasının qurulmasından sonra   məsələ yenidən gündəmə gətirilib.  1953-cü ilə qədər təzminatın təqribən 800 milyon markası ödənilib.

3 oktyabr 1990-cı ildə Almaniyanın birləşməsi ilə Versal Sülh Müqaviləsinin öhdəlikləri bir daha aktuallaşıb. Borcu ödmək üçün  Almaniyaya 20 il vaxt verilib.  Ölkə bu müddətdə 239,4 milyard marka məbləğində  kredit götürməli idi.  Nahəyət ki, 2010-cu ilin 4 oktyabrında Alman Federal Bankı təzminatla bağlı ödənişləri tamamilə həyata keçirib və  bununla da öhdəlikləri yerinə yetirmiş olub. Almaniyanın  üzərinə qoyulan təzminatın ödənilməsində müxtəlif səbəblərdən ləngimələr olsa da, göründüyü kimi, müqavilənin şərti yerinə yetirilib. 

 

Daha bir müharibə təzminatı Sovet-Fin müharibəsinin nəticəsində Finlandiyanın üzərinə qoyulub. 1944-cü ilin sentyabrında Moskvada keçirilən atəşkəs danışıqları zamanı  SSRİ Finlandiyadan 600 milyon dollar məbləğində təzminat tələb edib. Lakin sonradan Finlandiyanın qarşısında 6 il ərzində SSRİ-yə 300 milyon dollar dəyərində mal tədarük etmək tələbi qoyulub. 1948-ci ilin dekabrında Finlandiyanın Baş naziri Paasikivi ilə SSRİ Nəzarət Komitəsinin sədri Jdanov arasında Helsinkidə aparılan danışıqlar nəticəsində SSRİ ödəmə müddətinin 8 ilə qədər artırılmasına, ödənişin məbləğinin isə 226,5 milyon dollara salınmasına razılıq verib.

 

Təzminat olaraq SSRİ-yə müxtəlif təyinatlı material tədarük edən Finlandiya öz donanmasının  2/3-ni də sovetlər ittifaqına  verməli olub. Həmçinin bu ölkə SSRİ üçün 66 milyon dollarlıq gəmi inşa edib. 1945-ci ildə təzminat ödənişi Finlandiyanın dövlət xərclərinin təxminən 21% -i, 1950-ci ildə  təqribən 10 %-i  həcmində idi.   Finlandiya SSRİ-yə sonuncu ödənişi 1952-ci ilin sentyabrında reallaşdırıb.

Müharibə təzminatına dair başqa bir nümunə İkinci Dünya müharibəsinin nəticəsi olaraq Almaniya və müttəfiqlərinin vurduğu ziyanın qarşılığı üçün təyin olunan ödənişlərdir. Bu təzminat formaları  1945-ci ildə  keçirilən Yalta konfransında müəyyənləşdirilib. SSRİ Baş Qənimətlər İdarəsinin 1990-cı ilə aid məlumatına görə, SSRİ-nin təzminat iddialarının qarşılığı olaraq Almaniya Sovet İttifaqına 400 min dəmir yolu vaqonu, o cümlədən 72 min maşın tikinti materialı, 2885 fabrik, 96 elektrik stansiyası avadanlığı, 340 min dəzgah, 200 min elektrik mühərriki, 1 milyon 335 min baş mal-qara, 2,3 milyon ton taxıl, bir milyon ton kartof və tərəvəz, yarım milyon ton yağ və şəkər, 20 milyon litr spirt, 16 ton tütün təhvil verib.

 

Bundan başqa, Humboldt Universitetinin rəsədxanasına aid teleskoplar, Berlin metro vaqonları və kruiz laynerləri SSRİ-yə göndərilib.  Hətta 1950-ci ildə Krasnodarda inşa olunan Kompressor zavodu Almaniyadan göndərilən avadanlıqlarla təchiz edilib.

 

Polşa Beynəlxalq Münasibətlər İnstitutunun 2005-ci ildə açıqladığı statistikaya görə,  Almaniya SSRİ-yə 1938-ci ilin məzənnəsi ilə 3,081 milyard dollar məbləğində təzminat ödəyib.  Bu məbləğin 228 milyonu, təxminən 7,5 %-i  Polşanın payına düşüb. Yeri gəlmişkən, Polşa Varşavaya vurduğu ziyana görə 2019-cu ildə Almaniyadan 900 milyard dollarlıq təzminat tələb edəcəyini açıqlasa da hələ ki, rəsmi olaraq iddia qaldırmayıb.

İkinci Dünya müharibəsi nəticəsində 1945-cilin avqustunda imzalanan Potsdam konfransında Almaniyanın qərb bölgələrinin hesabına ABŞ, Böyük Britaniya və nasistlərin zərər vurduğu digər ölkələr  təzminat  alıblar.  SSRİ mənbələrinin dərc etdiyi məlumatlara görə,  ABŞ, Böyük Britaniya və Fransa  Qərbi Almaniyadan 1,2 milyard dollar dəyərində avadanlıq,  277 ton  qızıl (təxminən 300 milyon dollar dəyərində), 200 milyon dollarlıq gəmi aparıb. Bu ölkələr  həmçinin Almaniyanın təxminən 4 milyard dollarlıq xarici aktivlərinə  (çeklər, veksellər və s -red) nəzarəti ələ keçiriblər. ABŞ və Böyük Britaniya tərəfindən müsadirə edilən  Almaniya patentləri və texniki sənədlərinin dəyəri isə təxminən 5 milyard dollar həcmində  qiymətləndirilir.

 

Yeri gəlmişkən, 1952-ci ilin sentyabrında Almaniya ilə İsrail arasında imzalanan Lüksemburq Sazişinə əsasən, Almaniya Holokost zamanı zərər çəkən yəhudilərə 7 milyard avro  məbləğində təzminat ödəyib.

 

Nasistlərin vurduğu zərərin qarşılığında yunanlar da Almaniyadan təzminat alıblar.  1960-cı ildə imzalanan anlaşmaya əsasən Almaniya  Yunanıstana 115 milyon marka (59 milyon avro) təzminat ödəyib.  Yunan tərəfi Almaniyadan  1938-ci il məzənnəsi ilə  3,5 milyard dollar (indiki məzənnə ilə 54 milyard avro) kompensasiya tələb edir.  1961-ci ildə  isə nasizm qurbanlarına təzminat verilməsi ilə bağlı  Almaniya ilə İtaliya arasında müqavilə bağlanıb. Müqaviləyə əsasən Almaniya İtaliya hökumətinə 40 milyon marka (təxminən 20 milyon avro) ödəyib.

 

Başqa bir nümunə Yaponiyanın İndoneziyanı işğal etməsi nəticəsində yaranan təzminat ödənişdir.  20 yanvar 1958-ci ildə imzalanan sülh və təzminat müqaviləsi nəticəsində Yaponiyanın qarşısında 12 il ərzində İndoneziyaya 223 milyon dollar ödəmək şərti qoyulıub.

 

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan  tərəfi  də  beynəlxalq  təcrübəyə əsaslanaraq 30 ilə yaxın ermənilərin işğalında qalan bölgələrə dəyən ziyanın həcminin hesablanması prosesinə start verib.  Azərbaycan Prezidenti  İlham Əliyev dəyən zərər hesablandıqdan sonra beynəlxalq məhkəmələrdə Ermənistana qarşı təzminat  iddiası qaldırılacağını bəyan edib.

 

Yeri gəlmişkən,  Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən ziyanın miqdarı ilə bağlı qiymətləndirmə 2014-cü ildə həyata keçirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 26 fevral 2014-cü ildə yaradılan işçi qrup  Beynəlxalq Qiymətləndirmə Standartlarına əsaslanaraq, işğal nəticəsində əhaliyə və dövlətə dəyən ziyan hesablanıb. 2015-ci ildə açıqlanan hesabata görə,  Azərbaycan torpaqlarının işğalı nəticəsində əhaliyə 147,80 milyard, dövlətə 126,46 milyard dollar ziyan dəydiyi müəyyən edilib.  İşçi Qrup təbii sərvətlərə, maddi irsə və digər sahələrə dəyən ziyanı da əlavə etməklə ümumilikdə Azərbaycana 818 milyard  880  milyon dollar ziyan  vurulduğunu  bəyan  edib. Azərbaycan Respublikası Hərbi  Prokurorluğunun təyin etdiyi kompleks məhkəmə ekspertizasının nəticəsi də bu rəqəmləri təsdiqləyib.

 

Saxta.info sadalanan faktlar əsasında bu qənaətə gəlib ki,  Azərbaycanın Ermənistandan təzminat tələbi ilə bağlı  iqtisadçı-millət vəkili Vüqar Bayramovun əsaslandırması reallığı əks etdirir.

Müəllif: Ayna.az