Müharibə veteranları Konstitusiya Məhkəməsinə üz tutdu: “Hüquqlarımız pozulub” – VİDEO

Cəmiyyət

23.05.2023 - 15:41

Hüquqşünas: “Müvafiq qurumlar çoxsaylı müraciətlərə, ölkə ziyalılarının çağırışlarına etinasız yanaşırlar”

2011-ci ildə tədavül müddətinin başa çatması ilə əlaqədar olaraq yüzminlərlə Azərbaycan vətəndaşının özəlləşdirmə paylarından istifadə edə bilməməsi, onların əlində olan qiymətli dövlət kağızlarının dəyərsiz kağız parçasına çevrilməsi, həm ölkə ziyalılarının, həm də pay sahiblərinin aiddiyəti instansiyalara müraciəti barədə məlumat vermişdik.

Torpaqlarımızın azadlığı uğrunda döyüşən müharibə veteranları və təqaüdçülər dövlət özəlləşdirmə paylarının təmin olunması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət hazırlanıb. Bu barədə AYNA-ya həmin vətəndaşların hüquqi nümayəndəsi, hüquqşünas Mübariz Yolçuyev məlumat verib.

Bununla əlaqədar hazırlanan məhkəmə iddiasında bildirilir ki, özəlləşdirmə payları əlində qalan vətəndaşların sayı çox olduğundan onların fərdi şəkildə öz hüquqlarını müdafiə etməsi mümkün deyil. Bu səbəbdən mövzuya Konstitusiya Məhkəməsi aydınlıq gətirə bilər.

“Çünki bununla bağlı qanunlar vətəndaşların tərəfində olsa da, sonradan məmur oliqarxiyasının mənafeyi ucbatından bəzi dəyişikliklər edilib. Hansı ki, bu dəyişikliklərin çoxu, eləcə də tədavül müddətinin başa çatması barədə qərar qanuna və hüquqa ziddir. Bu səbəbdən müharibə veteranları və təqaüdçülər çıxış yolunu Konstitusiya Məhkəməsinə müraciət etməkdə görürlər”, - deyə o bildirib.

Yolçuyev artıq bu müraciətin hazırlandığını, Konstitusiya Məhkəməsinin müvafiq qərar çıxaracağına böyük ümidlər bəslədiyini diqqətə çatdırıb: “Bu problem yalnız bu yolla həllini tapa bilər. Çünki müvafiq qurumlar bununla bağlı çoxsaylı müraciətlərə, ölkə ziyalılarının çağırışlarına etinasız yanaşırlar. Onların müraciətlərinə heç bir cavab verilmir. Bunu onunla əsaslandırırlar ki, tədavül müddəti başa çatıb”.

“Özəlləşdirmə payları “Qiymətli kağızlar haqqında” qanunla tənzimlənir və həmin qanunda vauçerlər üçün zaman məhdudiyyəti nəzərdə tutulmayıb. Bu baxımdan tədavül müddətinin başa çatması ilə bağlı qərar əsassızdır. Konstitusiya Məhkəməsi bu müraciətə hüquqi cəhətdən aydınlıq gətirməlidir”, - deyə hüquqşünas vurğulayıb.

Müəllif: Ayna.az