Moskvada Üçtərəfli İşçi Qrupun iclası keçirilib

Xəbərlər

07.12.2022 - 00:29

Nəqliyyat kommunikasiyalarının açılması müzakirə edilib

Moskvada Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması üzrə Üçtərəfli İşçi Qrupun sayca 11-ci iclası keçirilib.

AYNA APA-ya istinadən xəbər verir ki, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun sədrliyi ilə keçirilən iclasda Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev, Ermənistandan isə Baş nazirin müavini Mger Qriqoryan iştirak edib.

“İclasda tərəflər Rusiya Federasiyasının Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, eləcə də onlar arasında iqtisadi və nəqliyyat əlaqələrinin açılması səylərində müsbət rolu qeyd edilib.

Görüş zamanı Azərbaycan Respublikası, Ermənistan Respublikası, Rusiya Federasiyası arasında və regionda dəmir yolunun inşası, dəmir yolu nəqliyyatının inkişafı və daşımaların təşkili məsələləri müzakirə olunub.

Tərəflər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması ilə bağlı üçtərəfli bəyanatlarının icrası üzərində işi davam etdirəcəklər.

Azərbaycan və Ermənistan tərəfləri görüşün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Rusiya tərəfinə minnətdarlıqlarını bildiriblər”, - deyə məlumatda qeyd olunub.

Müəllif: Ayna.az