Mariya Zaxarova: “Seçki kampaniyası və səsvermə prosesinin özü Ermənistan hakimiyyəti tərəfindən müxalifət partiyalarına və onların fəallarına qarşı sərt repressiya atmosferində keçib”
“Ermənistanda parlament seçkiləri hakimiyyət tərəfindən sərt repressiya atmosferində keçirilib və demokratik prosedurlar kobud şəkildə pozulub”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.
"Bütün seçki kampaniyası və səsvermə prosesinin özü Ermənistan hakimiyyəti tərəfindən müxalifət partiyalarına və onların fəallarına qarşı sərt repressiya atmosferində keçib. Təqiblər yalnız respublikanın Rusiya ilə həyati əhəmiyyətli birliyini möhkəmləndirmək, Ermənistanın Avrasiya inteqrasiyasında, o cümlədən AİB və KTMT-yə üzvlüyündə iştirakını davam etdirmək və ölkəmizə qarşı düşmənçilik siyasəti yürüdən Avropa İttifaqına qoşulmaq kimi çıxılmaz yoldan imtina etmək tərəfdarı olan siyasi qüvvələri hədəfə alıb", - deyə Zaxarova vurğulayıb.

Rusiyalı diplomat həmçinin “Erməni Apostol Kilsəsinin də təqib atəşinə tutulmasından” təəssüflənib.
Zaxarova seçkilərin Ermənistan cəmiyyətinin "ifrat qütbləşməsini" nümayiş etdirdiyini qeyd edib: “Rusiya ilə əlaqələrin mütərəqqi inkişafına və Ermənistanın Avrasiya inteqrasiya strukturlarında davamlı iştirakına geniş tələbat var. Erməni xalqı qardaşdır. Rusiya onlara sülh və rifah arzulayır. Moskva həmişə güclü və həqiqətən suveren Ermənistanın olmasında maraqlıdır, bundan sonra da maraqlı olacaq”.
Diplomat xəbərdarlıq edib ki, "əhalinin bütün təbəqələrinin fikirlərini nəzərə almadan Ermənistanın inkişaf yolu ilə bağlı birtərəfli qərarlar qəbul etmək ölkəni daha da parçalanmaya və sosial-iqtisadi sarsıntılara aparır".
Eyni zamanda, Zaxarova Ermənistan hakimiyyətinin "milli maraqları" rəhbər tutacağına ümid etdiyini bildirib və İrəvanla gələcək münasibətləri "Ermənistan rəhbərliyinin real addımlarını nəzərə alaraq" quracağını deyib.
Media yazır ki, rəsmi Moskvanın bu qiymətləndirməsinə Rusiyapərəst qüvvələrin səsvermə zamanı məğlubiyyəti səbəb olub: Baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyası səslərin 49,81%-ni, milyarder Samvel Karapetyanın Moskva tərəfindən dəstəklənən "Güclü Ermənistan" bloku isə cəmi 23,29%, keçmiş Prezident Robert Köçəryanın bloku isə 9,94% səs toplayıb. Seçici fəallığı təxminən 59% təşkil edib.
Xatırladaq ki, Ermənistan parlamentinə seçkilər 7 iyunda keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermədə 1,48 milyon seçici iştirak edib (təxminən 59% iştirak). Ermənistan Daxili İşlər Nazirliyi seçkilər zamanı kiçik qanun pozuntuları qeydə alıb: 7 iyun axşamına qədər 14 nəfər saxlanılıb, təkrar səsvermə və səsvermənin gizliliyinin pozulması ilə bağlı 57 məlumat daxil olub.
Bir müddət əvvəl “Reuters” mənbələri Kremlin nəticələrə təsir göstərmək üçün Rusiyada yaşayan 100 minə qədər ermənini Ermənistana köçürməyə çalışdığını yazıb. Moskva həmçinin görünməmiş iqtisadi təzyiq göstərib: Ermənistan məhsullarının idxalını qadağan edib və İrəvan Aİ-yə yaxınlaşarsa, qaz müqavilələrini ləğv etməklə və "Ukrayna ssenarisi" ilə hədələyib.