“Qələbə” bloku Moldovada prezident seçkilərinin ikinci turunun nəticələrinə etiraz edir
Moldova müxalifətinin “Qələbə” bloku Moldova Prezidenti Maya Sandunun yenidən prezident seçilməsinə etiraz edir. AYNA xəbər verir ki, bu barədə blokun “Telegram” kanalında məlumat yerləşdirilib.
“Maya Sandu hakimiyyətinin hər günü hakimiyyətin qəsb edilməsidir. O, Moldova Prezidenti deyil, fırıldaqçıdır”, - deyə bəyanatda qeyd olunub.
“Qələbə” bloku Avrointeqrasiya referendumunun və səsvermənin birinci turunun nəticələrinə işarə edərək, Moldovada prezident seçkilərinin ikinci turunun nəticələri ilə bağlı etiraz aksiyaları keçirmək qərarına gəlindiyini vurğulayıb. Blok bəyan edib ki, Sandunun qələbəsi saxtalaşdırmalar, habelə Rusiyadakı Moldova diasporunun hüquqlarının pozulması nəticəsində təmin edilib.
Bəyanatda Moldovanın hazırkı Prezidentinin ölkə daxilindəki seçki məntəqələrində səslərin hesablanmasının nəticələrinə əsasən məğlub olması faktı da qeyd edilib.