Maya Sandu: “Biz sülh, demokratiya və azadlıq istəyirik”
Moldova Prezidenti Maya Sandu Avropa İttifaqına (Aİ) namizəd ölkə statusu üçün rəsmi müraciət formasını imzalayıb.
AYNA-nın xəbərinə görə sənədi prezidentlə yanaşı, Baş nazir Natalya Qavrilita və parlamentin sədri İqor Qros imzalayıb.
“Biz sülh, demokratiya və azadlıq istəyirik”, - deyə Moldova Prezidenti Maya Sandu sənədin imzalanmasından öncə keçirdiyi brifinqdə bildirib. O, ölkə vətəndaşlarının Moldovanın gələcəyini Avropa İttifaqında gördüyünü vurğulayıb.
Sənədin yaxın günlərdə Avropa İttifaqına sədrlik edən ölkənin lideri kimi Fransa Prezidenti Emmanuel Makrona təqdim ediləcəyi bildirilib.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də ölkəsinin Aİ-yə namizəd ölkə statusu alması üçün rəsmi müraciəti imzalayıb və sənədin bu gün Aİ-nin müvafiq strukturlarına göndəriləcəyi bildirilib.