Ərəb Liqası da etiraz etdi: “insanların öz torpaqlarından məcburi köçürülməsi və qovulması etnik təmizləmədən başqa bir şey deyil”
Misir və İordaniya ABŞ Prezidenti Donald Trampın çoxlu sayda fələstinlinin Qəzza sektorunu tərk etməsi ideyasını rədd edib. AYNA xarici mediaya istinadən bildirir ki, Misir Xarici İşlər Nazirliyi (XİN) Fələstin xalqını öz torpaqlarında dəstəkləməyə sadiq qaldığını bildirib.
Bəyanatda həmçinin qeyd edilib ki, Misir “məskunlaşma və ya torpaqların ilhaqı, yaxud bu torpaqların köçürülməsi, fələstinlilərin müvəqqəti, yaxud uzunmüddətli olaraq öz torpaqlarından köçürülməsi, qovulması yolu ilə əhalinin boşaldılmasını, hüquqların hər hansı şəkildə pozulmasını rədd edir”.
İordaniyanın xarici işlər naziri Ayman əs-Səfadi də öz növbəsində bəyan edib ki, ölkəsi fələstinlilərin hər hansı formada köçürülməsini qəti çşəkildə rədd edir.
Bu arada Qəzzada döyüşlərin dayandırılmasına vasitəçilik edən Qətər rəsmiləri yerdəyişmə və ya yenidən işğala səbəb olan istənilən planı “qırmızı xətt” adlandırıb.
Ərəb Liqası həmçinin bildirib ki, insanların öz torpaqlarından məcburi köçürülməsi və qovulması “etnik təmizləmə”dən başqa bir şey deyil.
Regional blokun bəyanatında deyilir: “Fələstin xalqını öz torpaqlarından köçürmə, ilhaq və ya yaşayış məntəqələrinin genişləndirilməsi yolu ilə köçürmək cəhdləri keçmişdə uğursuz olub”.
Fələstinin yüksək vəzifəli siyasətçisi Mustafa Barquti Trampın bəyanatını “tamamilə rədd etdiyini” bildirib. Barquti Qəzzada etnik təmizləmə cəhdlərinə qarşı xəbərdarlıq edib və Fələstin xalqının öz vətənində qalmaq niyyətində olduğunu bildirib.
Bundan əvvəl Tramp Qəzza zolağının “təmizlənməsi” və əhalisinin Misir və İordaniyaya köçürülməsi planını təklif etmişdi. Onun sözlərinə görə, qəzzalıların köçürülməsi müvəqqəti və ya uzunmüddətli ola bilər.