Mingəçevir Mərkəzi Xəstəxanasında mənimsəmə

Xəbərlər

04.03.2024 - 13:14

50 min manat mənimsəmə ilə bağlı cinayət işi başlanıb

Səhiyyə müəssisəsində baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb. Mingəçevir Şəhər Prokurorluğundan AYNA-ya verilən məlumata görə, “Mingəçevir şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin 2021-ci ilin yanvar ayından 2023-cü ilin oktyabr ayınadək olan dövr ərzində maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Publik Hüquqi Şəxsin vəzifəli şəxs(lər)i tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət büdcəsindən ayrılmış 50 min manatdan artıq məbləğdə pul vəsaitinin mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam edir.

Müəllif: Ayna.az