Minaya düşən jurnalistlərin izi ilə: “Birinci günahkar ermənilərdirsə, ikinci günahkar...”

Aktual

04.06.2021 - 19:23

Səxavət Məmməd: “Jurnalist “sapyor” deyil ki, ərazidə sərbəst şəkildə gəzsin”

 

Məhəmməd Türkmən: “Müdafiə Nazirliyi buna görə ciddi məsuliyyət daşıyır”

 

Xəbər verdiyimiz kimi, Kəlbəcərdə jurnalist həmkarlarımız minaya düşüb. Hadisə nəticəsində AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu), AzTV-nin əməkdaşı Sirac Abışov və AzTV-nin rejissoru Emil Məmmədov həlak olub, avtobusun sürücüsü və kənd sakini isə yaralanıb. Kəlbəcər rayonunun Susuzluq kəndində xidməti vəzifələrini yerinə yetirərkən minaya düşən jurnalistlərin nəşinin axşam saatlarında Bakıya gətiriləcəyi gözlənilir.

 

AYNA mövzu ətrafında, 44 günlük Vətən müharibəsi zamanı cəbhə bölgəsindən canlı reportajlar hazırlayan hərbi jurnalistlərlə həmsöhbət olub. Xidməti vəzifələrini yerinə yetirərkən onlara minalarla bağlı hansı təlimatlar verilirdi? Baş verən faciəli hadisə ilə bağlı ehtimalları nədən ibarətdir? Mərhum jurnalistlərlə bağlı xatirələri varmı?

səxavət məmməd jurnalist

Hərbi jurnalist Səxavət Məmməd jurnalistikanın çox ağır peşə olduğunu deyib: “Hərbi sahədə çalışan jurnalistlər olaraq Türkiyənin Müharibə Jurnalistikası Akademiyasında təhsil alarkən orada belə bir fikir səsləndi ki, əsgərlərin gedəcəyi tarix bəlli olsa da, dönəcəyi tarix bəlli deyil. Yəni, geri dönməyə də bilərsən. Jurnalistika çox ağır peşədir. Düzdür, bəzən cəmiyyətdə bunu qəbul etmirlər. Beynəlxalq təcrübəyə nəzər salsaq, görərik ki, indiyə qədər istər mina ilə bağlı, istərsə də digər səbəblərdən çoxlu sayda hərbi jurnalist həyatını itirib. Müharibə dövründə bu cür hallar çox baş verir və təkrarlanırdı. O dövrdə mina yox, daha təhlükəli situasiyalarla üz-üzə qalırdıq. Misal üçün, mərmilərdən açılan atəşlər nəticəsində zərərçəkən jurnalistlərimiz olmuşdu. Onların arasında yaralananlar da var idi. Təbii ki, biz döyüş bölgəsinə gedərkən bilirdik ki, başımıza hər şey gələ bilər. Bütün fors-major hallara hazır idik”.

 

Onun sözlərinə görə, minalı ərazilərdə fəaliyyət göstərmək üçün məlumatlardan əlavə təlimlər də keçmək lazımdı: “Çox təəssüf ki, Azərbaycan jurnalistikasında bu məqama diqqət yetirilmədi. Vaxtilə bununla bağlı məktəblər fəaliyyət göstərirdi. Həmin məktəblərdə iştirak üçün bütün televiziyalara və redaksiyalara dəvətlər göndərilmişdi. Zəruri informasiyaları əldə etmək və davranış qaydalarına yiyələnmək üçün bu, böyük fürsət idi. Lakin əksər TV-lər və redaksiyalar bunu etmədi. Bəlkə də bu, onlar üçün maraqsız gəlirdi”.

 

“Dünyasını dəyişən jurnalistlərdən Məhərrəmi şəxsən tanıyırdım. Məhərrəm də hərbi jurnalistika məktəbində təhsil alıb. Onunla bir neçə dəfə kurslarda və çəkilişlərdə olmuşuq. Jurnalist “sapyor” deyil ki, ərazidə sərbəst şəkildə gəzsin. Biz bilirik ki, həmkarlarımız avotomobildə minaya düşüblər. Təbii ki, həmin ərazi minalardan təmizlənməli idi. Onlara bu yollarda minaların olub-olmamasına dair informasiya verilməli və ya müvafiq xəbərdarlıq nişanları yerləşdirilməli idi. Video-kadrlara diqqətlə baxsaq, görərik ki, orada elə işaralərə rast gəlinmir”, – deyə həmkarımız bildirib.

 

Səxavət Məmmədin sözlərinə görə, müharibədən sonra işğaldan azad olunmuş ərazilərə dəfələrlə səfərləri olub: “Adətən ANAMA-nın əməkdaşları ilə əraziyə daxil olmuşuq. Nəzərə alanda ki, orada bir neçə jurnalist və digər şəxslər olub, onların təhlükəsizliyi təmin edilməli idi. Bundan əlavə, onları hərbçilər və polislər müşayiət etməli idi. Kəlbəcər ərazisində ANAMA-nın fəaliyyət göstərib-göstərmədiyinə dair məndə dəqiq məlumat yoxdur. Bütün hallarda məsələ çox ciddi araşdırılmalıdır”.

 

“Düzdür, dəfələrlə olub ki, ANAMA jurnalistlərə xəbərdarlıq edib. Lakin peşə marağı güc gəldiyinə görə biz bu qaydaları hardasa pozmuşuq, çəkilişlər aparmışıq. Ən azından yolların təmizlənməsinə ciddi nəzarət olunmalıdır. Bu günlərdə ermənilər təminat yollarına mina basdırarkən yaxalandılar. Digər istiqamətlərdə deyə bilməsəm də, Kəlbəcər istiqamətində bundan sonra da bu cür halların baş verməsi gözləniləndir. Faktiki olaraq bilmirik ki, bu mina yeni basdırılıb, yoxsa əvvəldən yerləşdirilib. Təbii ki, dostlarımızın gənc yaşda dünyalarını dəyişməsi xəbəri bizi sarsıdır. Onlar müharibənin nəticələrini göstərmək üçün xidməti fəaliyyət zamanı həlak olublar. Bu səbəbdən onlara status verilməsi labüddür. Bunun qanunvericiliklə necə tənzimlənə biləcəyini bilmirəm, lakin bütün hallarda onlarının adlarının əbədləşdirilməsi zəruridir”, - deyə jurnalist vurğulayıb.

No description available.

Araşdırmaçı jurnalist, “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin üzvü Məhəmməd Türkmən qeyd edib ki, həlak olan jurnalist dostları ilə bağlı keçmiş zamanda danışmaq çətindir: “Hər ikisi gözəl insan və gözəl jurnalist idi. Məhərrəmlə biz cəbhə bölgəsində birgə işləmişik. Tovuz hadisələri zamanı da bir yerdə fəaliyyət göstərmişik. Hərbi jurnalistika və ekstremal jurnalistika sahələrində birgə təlimlərdə iştirak etmişik. Ondan da qabaq tanışlığımız olub. Təlimlərdə iştirak zamanı isə dostluq münasibətimiz yarandı. Məhərrəmin həlak olması xəbərini eşidəndən özümə gələ bilmirəm. Çox ağır itkidir. Allah hər iki həmkarımıza rəhmət eləsin. Onların əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaq”.

 

Həmkarımızın dediyinə görə, müvafiq qurumlar bununla bağlı məsuliyyət daşıyır: “Jurnalistlər bu ərazilərə gedərkən nəqliyyatdan istifadə edirlər və bu, heç vaxt özbaşına olmur. Bu səfəri təşkil edənlər, Müdafiə Nazirliyi ciddi məsuliyyət daşıyır. Çünki bir yük maşınında gedənlərin üçün dünyasını dəyişib, digərləri ağır yaralıdır. Bununla bağlı cinayət işi açılıb və səbəbkarlar layiqli cəzalarını alacaqlar. Bu məsələnin də heç bir fərqi yoxdur ki, ermənilər o minanı əvvəldən basdırıblar, yoxsa sonradan yerləşdirilib. Birinci günahkar ermənilərdisə, ikinci günahkar bu səfəri doğru-düzgün təşkil etməyənlərdir”.

 

“Əgər ermənilər bunu sonradan həyata keçiribsə, bunun qarşısını almadıqlarına, əvvəldən basdırıblarsa, həmin minaları təmizləmədiyinə görə məsul qurumlar günahkardır. Burada məsuliyyətdən heç kəs boyun qaçıra bilməz. Hər hansı jurnalist məsuliyyətsizliyi və diqqətsizliyindən söhbət gedə bilməz. Çəkiliş üçün icazə alınıb, icra nümayəndəsi ilə birlikdə gediblər. Onlar hardan biləydilər ki, getdikləri yolda mina var. Təbii ki, güvən var idi və inanmazdılar ki, bu miqyasda məsuliyyətsizliyə yol verərlər, bu qədər insanın həyatını riskə atarlar. Müharibə zamanı biz minadan yayındıq, lakin sakitlik dövründə bu hadisə baş verdi. Bir daha deyirəm, bu hadisə dərindən araşdırımalı və çox ciddi tədbirlər görülməlidir”, - deyə Məhəmməd Türkmən fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev