“Prezidentə qarşı atılan hər bir təxribatçı addım, əslində onun təmsil etdiyi xalqa və dövlətə qarşı yönəlmiş hörmətsizlikdir”
Bu gün Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirilib. Gündəliyinə 10 məsələ daxil edilən iclasda deputatlar əvvəlcə cari məsələlərlə bağlı fikir və təkliflərini səsləndiriblər.
Deputat Zahid Oruc çıxışında bildirib ki, Münxen Təhlükəsizlik Konfransına ilk dəfə qalib dövlətin rəhbəri kimi, sülh gündəliyi ilə qatıldığını bəyan edən Prezident İlham Əliyevin ətrafında yaradılan kənar informasiya ajiotajı sifarişli idi. Onun sözlərinə görə, “vətəndaşlığını və mənliyini itirən emin hüseynovların demokratiya sualı”, əslində Azərbaycanın qələbəsini qəbul edə bilməyən və “son bir ayda daha da azğınlaşan dairələrin” koordinasiyalı əks-hücum kampaniyası idi.
“Ərazisini işğaldan təmizləyən, suverenliyini bərpa edən, Xankəndidə üçrəngli bayrağını ucaldan bir dövləti insan haqları ilə sorğulamaq siyasi riyakarlıqdır. Demokratiya sualını-torpağını öz ordusu ilə azad edən bir dövlətə verirlər, lakin Suriyanın kürd hərəkatının lideri Məzlum Abdi ilə elə həmin Münxen salonunda görüşən onlarla dövlət rəhbərinə müraciət etmirlər", - deyə bildirib.
Deputat: “...Özgə təyyarəsi və özgə paltarı ilə Avropaya qaçan fərarilərdən...”
"Emin Hüseynov Azərbaycanın birinci xanımından insan haqlarının vəziyyətini soruşur. Mehriban xanım Əliyeva isə sərt və güclü iradəsini cəmi iki cümlə ilə nümayiş etdirir. Bəli, Vətən müharibəsində kişi libası geyinib səngərdə vuruşan, mərmi altında yaralı və şəhid övladlarını çiyinlərində daşıyan və bir gündə iki oğlunu torpağa əmanət edən Azərbaycan qadını mənəviyyatca özgə təyyarəsi və özgə paltarı ilə Avropaya qaçan fərarilərdən qat-qat yüksəkdədir. Ən böyük insan haqqı öz doğma torpaqlarında yaşamaq, qurub-yaratmaqdır. Ali Baş Komandanla çiyin-çiyinə şəhid ailələrini bağrına basan, müharibənin ilk günlərində yaralı döyüşçülərin ağrısını qəhəri ilə bölüşən Mehriban xanımın nöqtəvi və sərrast cavabı, on illərdir dövlətimizə qarşı aparılan böhtan kampaniyasını iflasa uğratdı, təkcə prezident ailəsinin deyil, bütün azərbaycanlı xanımlarının iradəsinin ifadəsi oldu. Bəli, emin hüseynovlar üçün Azərbaycan hələ də 20 faiz natamamdır, işğal altındadır. Xüsusi xidmət orqanlarının əməkdaşı amerikalı Sarah Polsvortla əlaqələrdən sonra casusluğuna görə 1 milyon 500 min manat mükafat alan və 250 min vergi borcunu İsçevrə dövlətinə ödətdirən bir şəxs avropalı siyasi liderlərin qarşısına qaçıb tələb etmir- nədən bir zəngilanlının, kəlbəcərlinin evini tikmirsiz, niyə dahi Füzulinin adını daşıyan torpağın minadan azad olunmasına əl uzatmırsınız. Emin və mehman hüseynovların informasiya terrorunu erməni daşnakları belə aparmır. Görün, indi hansı qüvvələrlə savaşırıq", Z.Oruc fikrini tamamlayıb.

“Xalqımızın qalib və başı uca gəzməsi çoxlarının yuxusunu qaçırdıb”.”
“ABŞ-da səfərdə olan Prezident İlham Əliyevin qaldığı otelə güclə soxulmağa cəhd edən bir qrup vətən xaininin təxribatçı hərəkətlərinin qarşısını Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşları və ABŞ polisi operativ müdaxilə edərək peşəkarcasına alıblar. Bu hadisə Azərbaycanın dövlət təhlükəsizliyi orqanlarının yüksək səviyyədəki peşəkarlığını və ölkəmizin rəhbərinin təhlükəsizliyinin təmin edilməsi üçün atılan mühüm addımları bir daha nümayiş etdirir”. Bu fikirləri isə deputat Azər Badamov səsləndirib.
Millət vəkili bildirib ki, dövlət başçısı xarici səfərdə olarkən öz şəxsi kimliyi ilə deyil, millətin iradəsinin simvolu kimi çıxış edir: “O bayrağımızı, suverenliyimizi və dövlətçiliyimizi təmsil edir. Prezidentə qarşı atılan hər bir təxribatçı addım, əslində, onun təmsil etdiyi xalqa və dövlətə qarşı yönəlmiş hörmətsizlikdir. Çünki dövlət başçısı xarici səfərdə olarkən təkcə siyasi bir fiqur deyil - xalqın iradəsini və dövlətin suverenliyini təmsil edən ali rəmzdir. Ona qarşı yönəlmiş hər hansı planlı hərəkət, əslində Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq cəhdidir. Bu gün Azərbaycan dövlətinin başçısının yürütdüyü müstəqil siyasət, regionda sülh reallıqlarını yaratması, dünyada nüfuz sahibi olması, Münxendə, Vaşinqtonda və digər beynəlxalq platformalarda hörmətlə qarşılanan və sözün çəkisi olan lider olması çoxlarını narahat edir. Onlar öyrəşiblər ki, Azərbaycan xalqı torpaqları işğal altında olan, beynəlxalq platformalarda pozulmuş hüquqlarının bərpasına çağırışlar edən və əzilmiş xalq kimi görünsün. Amma bu gün xalqımızın qalib və başı uca gəzməsi çoxlarının yuxusunu qaçırdıb”.
“Bu təxribatları törədən ünsürlər heç vaxt müxalifət ola bilməz”
“Bəziləri həmin təxribatçıları radikal müxalifətin nümayəndələri də adlandırır. Hesab edirəm ki, bu təxribatları törədən ünsürlər heç vaxt müxalifət ola bilməz. Müxalifət mübarizəni siyasi meydanda aparar. Amma bu milli satqınlar şovinizt erməni dairələrin və xarici xüsusi xidmət orqanların cızdıqları ssenarilərə uyğun şəkildə hərəkət edirlər. Mən onlara heç azərbaycanlı deməzdim. Satqının nə milləti, nə də vətəni olur”, - deyə Badamov əlavə edib.

Deputat vurğulayıb ki, millətin iradəsinin simvolu, suverən dövlətimizin təmsilçisi olan dövlət başçımıza qarşı edilən hər bir təxribat siyasi təzyiq yox, xalqın ləyaqətinə toxunmaq cəhdidir: “Xaricdə müəyyən dairələrin himayəsi altında oturaraq dövlətimizə və millətimizə qarşı düşmən kəsilmiş bu ünsürlər, həm də onları idarə edənlər bilməlidirlər ki, xalqımızın milli birliyini və həmrəyliyini heç kim poza bilməz. Belə təxribat yönümlü hərkətlər xalqımızı öz Prezidentinin ətrafında daha da sıx birləşdirir və mübariz edir”.
Millət vəkili: “Xocalı faciəsini törədənlər onların dayılarıdır”
Deputat Siyavuş Novruzov çıxışında deyib ki, Azərbaycan insan orqanlarının qanunsuz dövriyyəsi ilə bağlı ağır əziyyətlər çəkmiş ölkələrdən biridir: “Bu günədək Birinci Qarabağ müharibəsindən sonra təxminən dörd min insanın taleyi hələ də naməlum olaraq qalır. Onların böyük bir hissəsi orqan alverinin qurbanına çevrilib, ayrı-ayrı dövlətlərə satılıb. Bu faktlar Azərbaycanda ədalətli şəkildə keçirilən erməni mənşəli şəxslərin məhkəmələrində onların özləri tərəfindən etiraf edilib. Həmin şəxslər bir-bir kütləvi məzarlıqların yerlərini göstəriblər, insanların harada kütləvi şəkildə qətlə yetirildiyini, hansılarının müxtəlif ölkələrə satıldığını və bu cinayətlərin orqan mafiyası çərçivəsində həyata keçirildiyini etiraf ediblər. Buna baxmayaraq, bu gün müxtəlif beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli beynəlxalq konvensiyalara qoşulmasını görməzlikdən gələrək, ölkəmiz barədə insan hüquqlarının pozulması, cinayətkarlara və terrorçulara oxunan hökmlərin guya ədalətsiz olması ilə bağlı fikirlər səsləndirirlər”.

“Qeyd etdiyim kimi, həmin şəxslər öz cinayətlərini açıq şəkildə etiraf ediblər. İndi isə bir neçə ermənidən aldığı beş-on manat müqabilində, onsuz da Azərbaycana qarşı daim qərəzli mövqedə duran bəzi beynəlxalq təşkilatlar bu dəfə də maddi maraqlar hesabına hərəkət edirlər. “Human Rights Watch” və digər insan hüquqları təşkilatları vaxtilə hətta Ermənistan tərəfindən dəstəklənmiş məhkəmə hökmlərinə qarşı çıxış etməyə başlayıblar. Təəssüf ki, bu prosesdə içimizdən çıxan, lakin bu gün Azərbaycanda olmayan, xaricdən yönləndirilən bəzi “insan hüquqları müdafiəçiləri” də eyni mövqedən çıxış etmirlər. Bu insanlara çıxarılan ədalətli hökm onları daha da qıcıqlandırır. Çünki Xocalı faciəsini törədənlər onların dayılarıdır”.
“Heç bir çirkin kampaniya, təxribat bu siyasətə xələl gətirə bilməz”
Millət vəkili Ceyhun Məmmədov isə çıxışında bildirib ki, Azərbaycan Suriyada təhsil infrastrukturunun bərpasına dəstək göstərilməsi məqsədilə 10-a yaxın yeni məktəb binasının tikintisini və 100-ə yaxın zədələnmiş məktəbin əsaslı təmirini həyata keçirəcək: “Azərbaycan ilk gündən Suriyaya qardaş dəstəyini göstərdi, qaz ixracına başladı, infrastrukturun bərpasında iştiraka hazır olduğunu bəyan etdi. Azərbaycan Fələstin məsələsində də hər zaman öz mövqeyi açıq ifadə edib, nümayəndəlik açıb, məktəb inşa edib. Bu gün isə Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət nəticəsində qarşısına Qəzzanın bərpası məqsədini qoyan Sülh Şurasının təsisçilərindən biridir”.
“Dünən Prezident İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirakı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu gün bütün dünya Azərbaycanın bu tarixi nailiyyətlərini heyranlıqla izləyir. Bütün bunlara Azərbaycan Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində nail olub. Heç bir çirkin kampaniya, təxribat bu siyasətə xələl gətirə bilməz” – deputat vurğulayıb.
Komitə sədrindən deputata cavab: “Bu cür fikirlər əsaslı deyil”
Daha sonra iclasın gündəliyində olan məsələlər müzakirə olunub. “İnvestisiya fəaliyyəti haqqında” Qanuna dəyişiklik edilməsi barədə layihə II oxunuşda müzakirə edilib. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov qanuna dəyişikliklə bağlı iclas iştirakçılarını məlumatlandırıb.
Komitə sədri təklif edilən dəyişikliklə bağlı deputat Qüdrət Həsənquliyevin iradlarına da cavab verib: "Dövlət mənafeyinin və milli maraqların qorunması naminə strateji əhəmiyyətə malik investisiyaların alınmasının hüquqi əsaslarını müəyyən edir. Layihə barədə I oxunuşda geniş məlumat verilib. Müzakirələrin gedişində hörmətli həmkarımız Qüdrət Həsənquliyev tərəfindən bir sıra opponent fikirləri səsləndirilib. Təbii ki, həmin fikirlərə münasibət bildirməklə yanaşı, bəzi məsələlərə də aydınlıq gətirmək istərdim. İddia edilir ki, qanuna təklif olunan dəyişikliklər dövlətin təhlükəsizliyini qorumur, əksinə ona qarşıdır. Bu cür fikirlər əsaslı deyil, həm də reallığı əks etdirmir. Təqdim edilən layihə nəinki dövlət mənafeyinin qorunmasını, hətta bunun üçün hüquqi mexanizmin yaradılmasını nəzərdə tutur”.

“Qanun layihəsinin konstitusiya ilə ziddiyyət təşkil etməsi səslənən opponent fikirlərindən biridir. Hörmətli Qüdrət müəllim əsaslandırmağa çalışır ki, əsas qanunumuz dövlət maraqları naminə strateji investisiyaların alınmasına imkan vermir. Və bunu Konstitusiyada mülkiyyətin alınmasının yalnız dövlət ehtiyacları üçün nəzərdə tutulması ilə izah edir. Fikrimizcə, formal hüquqi istinadların özünün də bəzən ciddi arqumentasiyasına ehtiyac yaranır. Təqdim etdiyimiz layihə əsas qanunumuzla heç bir ziddiyyət təşkil etmir, əksinə, kifayət qədər konstitusion əsaslara söykənir”, - deputat vurğulayıb.
Komitə sədri deyib ki, “dövlət ehtiyacları” anlayışının əhatə dairəsinin geniş olduğundan bu əsasla əmlakın alınmasının təkcə sənaye, təsərrüfat, şəhərsalma və infrastruktur məqsədləri ilə məhdudlaşmadığını nəzərə almaq lazımdır: "Digər tərəfdən, beynəlxalq investisiya hüququnun standartlarına və prinsiplərinə əsasən “dövlət ehtiyacları” ingilis dilində “public purpose” termini olaraq dövlət mənafeyinin, milli və ictimai təhlükəsizliyin, sosial-iqtisadi sabitliyin, strateji sektorların qorunması ilə bağlı geniş önləyici tədbirləri də əhatə edir. Başqa sözlə, dövlət mənafeyi naminə həyata keçirilən ekspropriasiya həm də dövlət ehtiyacları üçün mülkiyyətin alınması kateqoriyasına aiddir. Beynəlxalq hüquq, strateji investisiyaların dövlət üçün doğurduğu təhdidləri tanımaqla yanaşı, onların qarşısının alınması üçün hüquqi mexanizmlər təklif edir. Bu mexanizmlər “Right to regulate” (tənzimləmə hüququ), “National security exception (milli təhlükəsizlik istisnaları), “Essential security interests” (əsas təhlükəsizlik maraqları) adları altında tətbiq olunur və dövlət mənafeyinin qorunması sahəsində önləyici tədbirləri, o cümlədən ekspropriasiyanı özündə birləşdirir. Bu mexanizmlər dövlətin strateji risklərə qarşı müdaxilə hüququnu legitimləşdirir. Təqdim etdiyimiz layihə üçün konstitusion əsasları yaradan həm də Əsas qanunumuzun 59-cu maddəsinin 2-ci hissəsidir. Burada təsbit edilir ki, dövlət sahibkarlıq sahəsində, yəni həm də investisiya fəaliyyətində dövlət maraqlarının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Nəhayət, əsas qanunumuzda “Mülkiyyətdən cəmiyyətin və dövlətin mənafeləri əleyhinə istifadə edilə bilməz” müddəası mövcuddur”.
“Çox hörmətli Qüdrət müəllim, bu layihə sizin təbirinizcə desək, investisiyanı və əmlakı investorun əlindən almaq məqsədi ilə hazırlanmayıb”
“Həmçinin iddia edilir ki, təklif edilən dəyişikliklər investisiya qoyuluşunda ciddi problemlər yaradacaq. Xatırlatmaq istərdim ki, təqdim etdiyimiz layihənin müddəaları hələ 1992-ci ildə qəbul edilmiş və 30 il ərzində qüvvədə olmuş “Xarici investisiyalar haqqında” qanunda öz əksini tapmışdır. O zaman sual olunur ki, bu maddənin qüvvədə olduğu illərdə hansı investor bu səbəbdən ölkəni tərk edib? Həmin müddəalar investisiya mühitini bu qədər pisləşdirirsə də, bu on illiklər ərzində ölkəmizə 350 milyard dollar xarici sərmayə necə cəlb edilib? Layihənin mülkiyyət toxunulmazlığı və investor hüquqları üçün təhdid yaratması fikrini də əsaslı hesab etmirik. Çox hörmətli Qüdrət müəllim, bu layihə sizin təbirinizcə desək, investisiyanı və əmlakı investorun əlindən almaq məqsədi ilə hazırlanmayıb. Dünyanın heç bir yerində kompensasiya və qanun əsaslı ekspropriasiya investor hüquqlarının pozulması halı kimi dəyərləndirilmir. Digər bir tərəfdən də Azərbaycan Respublikasının konstitusiyası və qanunvericilik sistemi həm mülkiyyət hüququnu qoruyur, həm də investor hüquqlarına təminat verir", - A.Əmiraslanov əlavə edib.
Komitə sədri qanunun qəbulundan sonra hansı hallar üçün tətbiq ediləcəyi, nə üçün konkret misallar və nümunələr göstərilmədiyi ilə bağlı da danışıb: "Bu layihənin məqsədi strateji investisiyaların və onların doğuracağı hər hansı təhdid və risklərin təsnifatını müəyyən etməkdən ibarət deyil. İnvestisiya fəaliyyəti haqqında qanunun milli təhlükəsizlik sənədi olmadığını da nəzərə almalıyıq. Həm də 1-ci oxunuşda təqdimat zamanı bu barədə ümumi şəkildə məlumat verilmişdir. Ümumiyyətlə, beynəlxalq arbitraj hüququna əsasən, hansı halın və ya riskin milli təhlükəsizlik baxımından təhdid olduğunu dövlət özü müəyyən edir. Təqdim etdiyimiz layihənin müddəalarına əsasən bu təhdidlər və bunu doğuran strateji investisiyalar, tətbiq edilən ekspropriasiya rejimi və kompensasiya şərtləri, zərurət olduğu halda, parlamentin bu kimi müstəsna hallarla bağlı qəbul edəcəyi qanunlarda öz əksini tapacaqdır. “İnvestisiya fəaliyyəti haqqında” Qanuna təklif etdiyimiz dəyişikliklərin konstitusion əsaslara malik olduğunu, milli maraqların və dövlət mənafeyinin qorunmasına və iqtisadi təhlükəsizliyin gücləndirilməsinə xidmət etdiyini, dünya təcrübəsinə və beynəlxalq investisiya hüququnun prinsiplərinə əsaslandığını nəzərə alaraq, qanun layihəsinin 2-ci oxunuşda dəstəklənməsini xahiş edirəm". Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
“Dövlətin həmin şəxslər üçün çəkdiyi zəhmət, sərf etdiyi resurslar faktiki olaraq boşa çıxdı”
İclasda həmçinin “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarına dəyişiklik edilməsi müzakirə edilib. Qüvvədə olan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununun əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün ilkin bağlaşma müddəti müddətli həqiqi hərbi xidmətdən, ehtiyatdan daxil olanlar və qadınlar üçün 3 il müəyyən edilib.
Praktikada kişi cinsli vətəndaşlar müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmazdan əvvəl müddətli həqiqi hərbi xidmət keçdiklərinə görə hərbi xidmətə uyğunlaşma mərhələsini artıq başa vurmuş olurlar. Qadınlar isə müddətli həqiqi hərbi xidmət keçmədən birbaşa müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edildiklərinə görə ilkin mərhələdə hərbi xidmət şəraitinə uyğunlaşmada çətinliklərlə üzləşirlər. Qadınlarla dərhal 3 illik ilkin bağlaşmanın bağlanması onların uyğunlaşma dövrünü keçmədən uzunmüddətli öhdəlik götürməsinə səbəb olur ki, bu da sonradan əsasən ailə vəziyyəti və digər obyektiv səbəblərlə hərbi xidmətdən vaxtından əvvəl ehtiyata buraxılmaları ilə nəticələnir və kadr sabitliyinə mənfi təsir göstərir.

Qeyd olunanları nəzərə alaraq, qanun layihəsində qadınlarla bağlanan ilkin bağlaşma müddətinin 3 ildən 6 ayadək azaldılmasını nəzərdə tutan müddəanın əlavə edilməsi təklif olunub.
“Hesab etmirəm ki, ilkin bağlaşma müddətinin altı aya endirilməsi qadın stabilliyinin qorunmasına xidmət edəcək. Əksinə, düşünürəm ki, bu müddətlərə yenidən baxılmasına ehtiyac var”. Bu sözləri qanunun müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, müddətdən artıq hərbi xidmətə çağırılan hər bir şəxs üçün təlim prosesi ən azı üç ay davam edir: “Üç ay təlim keçdikdən və üç ay xidmət etdikdən sonra həmin şəxs artıq müqaviləni dayandırmaq hüququ əldə edir. Bu halda ona verilən üç aylıq təlimin, hazırlığın, psixoloji və fiziki davamlılığın dövlət üçün faktiki olaraq heç bir əhəmiyyəti qalmır. Əgər həmin şəxs başqa sahədə daha yüksək əmək haqqılı iş tapırsa və qarşısında əlavə öhdəliyi yoxdursa, o təbii olaraq həmin sahəyə üz tutur. Biz bunun nümunəsini koronavirus dövründə gördük. Pandemiya zamanı bir sıra iş yerləri bağlandıqdan sonra insanlar kütləvi şəkildə müddətdən artıq hərbi xidmətə üz tutdular. Çünki orada əməkhaqqı verilirdi və iş yeri mövcud idi. Lakin sonradan iş yerləri bərpa olunanda onlar avtomatik olaraq ərizə yazıb xidmətdən ayrıldılar və dövlətin həmin şəxslər üçün çəkdiyi zəhmət, sərf etdiyi resurslar faktiki olaraq boşa çıxdı”.
“Bütün bu xərclər dövlətin üzərində qalır”
“Dövlət hər bir müddətdən artıq hərbi qulluqçu üçün həm qış, həm də yay formaları tikdirir. Ayaqqabıdan tutmuş geyimə qədər bütün təminat fərdi ölçülərə uyğun hazırlanır və bu, təxminən bir neçə min manata başa gəlir. Daxili nizamnaməyə əsasən də hər bir yeni gələn hərbi qulluqçu yeni forma ilə təmin olunmalıdır, istifadə olunmuş formanı digərinə vermək mümkün deyil. Nəticədə dövlət həmin şəxsi təmin edir, o isə üç ay təlim, altı ay xidmət etdikdən sonra formaları təhvil verib xidmətdən ayrılır və bütün bu xərclər dövlətin üzərində qalır. Mən hələ silah-sursatla bağlı məsrəflərdən danışmıram. Bundan əlavə, burada söhbət yalnız aşpazdan və ya bərbərdən getmir. Xüsusilə ağır sahələr var, o cümlədən mina təmizləmə xidməti. Bu insanlar müddətdən artıq hərbi xidmətə müqavilə əsasında qəbul olunurlar və həmin müqaviləyə uyğun olaraq xidməti başa vurmalıdırlar”, - deputat bildirib.
Müzakirələrdən sonra məsələ birinci oxunuşda qəbul edilib. İclas gündəlikdə olan digər məsələlərin müzakirəsi ilə davam edib.