Milli Məclisdə Vardanyanla bağlı çağırış: “Həbs edilməli və Bakıya gətirilməlidir”

Aktual

30.12.2022 - 14:12

Deputatlar Qərbi Azərbaycana qayıdışdan, Fransanın qərəzli mövqeyindən, Laçın yolundakı aksiyadan danışdılar

Bu gün Milli Məclisin payız sessiyasında sonuncu iclası keçirilib. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantıda 18 məsələ müzakirəyə çıxarılıb. Əvvəlcə deputatlar gündəmlə bağlı fikir və təkliflərini səsləndiriblər.

Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli çıxışında bildirib ki, Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzurda tarixi ədaləti bərpa edən Azərbaycan bu ədaləti Qarabağ münaqişəsinin təsir zonasına daxil olan Qərbi Azərbaycan ərazisində də bərpa etmək əzmini açıq şəkildə bəyan edib: “Biz, Qərbi Azərbaycan İcması olaraq, İcmamıza verdiyi dəstəyə və tarixi torpaqlarımız uğrunda mübarizəmizə yaratdığı hərtərəfli şəraitə görə möhtərəm Prezidentimizə bir daha dərin təşəkkürümüzü bildiririk.

“Yaxın gələcəkdə Zəngəzura, Göyçəyə, İrəvana qayıdacağıq”

“İcmamızın qarşısında duran əsas hədəf yaxın gələcəkdə Zəngəzura, Göyçəyə və İrəvana qayıtmaqdır. Qərbi Azərbaycan İcmasının məqsədi erməni terrorizmi nəticəsində son iki əsrdə etnik mənsubiyyətinə görə indiki Ermənistan ərazisindən deportasiya olunmuş, nəticədə əsas hüquq və azadlıqları tapdalanmış, zorakılığa və məhrumiyyətlərə məruz qalmış azərbaycanlıların və onların varislərinin hüquqlarının beynəlxalq müstəvidə bərpası, etnik azərbaycanlılara qarşı törədilən tarixi cinayətlər haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu cinayətləri törətmiş erməni millətçilərinin və Ermənistan SSR-in indiki varisi olan Ermənistan Respublikasının beynəlxalq müstəvidə məsuliyyətə cəlb edilməsinə nail olmaqdan ibarətdir”, - deyə millət vəkili vurğulayıb.

Deputat deyib ki, əsas hədəf qaçqınların öz dədə-baba ocaqlarına qayıtmaq hüququnun təmin olunmasıdır: “İnanıram ki, 44 günlük müharibədə nümayiş etdirdiyimiz milli həmrəyliyi tarixi torpaqlarımız uğrunda mübarizədə də nümayiş etdirəcək və yaxın gələcəkdə Zəngəzura, Göyçəyə, İrəvana qayıdacağıq”.

“Fransa Cənubi Qafqazda gərginlik mühiti yaratmaq üçün bütün alətlərdən istifadə etməyə çalışır”

“Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçı rejimin nümayəndəsinin təmtəraqla qarşılanması, Azərbaycan ekofəallarının Laçın yolunda etiraz aksiyası ilə bağlı Fransa Xarici İşlər Nazirliyinin qeyri-obyektiv bəyanatı Fransanın separatizmə açıq dəstək verdiyinin göstəricisidir”. Bu sözləri isə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib. Millət vəkili əlavə edib ki, Fransa Parlamentində təmsil olunan şəxslərin başqa bir ölkənin ərazi bütövlüyünə, müstəqilliyinə açıq hörmətsizlik ifadə edən mövqeyi ilk növbədə Fransa hökuməti tərəfindən qınanmalıdır.

S.Məmmədov təəssüflə bildirib ki, Fransa hökumətinin adekvat reaksiyası müşahidə olunmayıb: “Bu, Fransanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə töhfə vermək niyyətində olmadığını sübut edir. Əksinə, Fransa Cənubi Qafqazda gərginlik mühiti yaratmaq, regionda sülhün təmin olunması istiqamətində təşəbbüslərə mane olmaq üçün bütün alətlərdən istifadə etməyə çalışır. Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu ölkəmizin mövqeyini çatdırmaq üçün Milli Assambleyada yeni formalaşmış dostluq qrupu ilə əlaqələri zəruri sayır və bu istiqamətdə müvafiq addımlar atacaq. Çünki Fransa hökuməti və parlamentinin mövqeyi tamamilə qəbuledilməzdir. Görünür, Fransa beynəlxalq birliyin bölüşdüyü ümumbəşəri dəyərləri artıq qəbul etmir. Hesab edirəm ki, bu, münasibətlərdə dərin çatlar yaradır”.

“Laçın-Xankəndi yolundakı etiraz aksiyası ilkin nəticələrini verib”

Deputat Aydın Mirzəzadə çıxışında bir qrup fransız həmkarının Azərbaycana qarşı təxribatını pisləyib: “Təklif edirəm ki, fransız deputatların bu təxribatına qarşı analoji addım atılsın. Parlamentdə təmsil olunan siyasi partiyalar bu istiqamətdə fəaliyyət göstərə bilərlər. Bu məsələyə qarşı diplomatik metodlardan da istifadə edilməsini mümkün hesab edirəm”.

“Fransanın bir qrup deputatının hərəkətlərini mən də pisləyirəm. Hesab edirəm ki, hansısa təhlükəli addımlar olarsa, Azərbaycanın Fransa ilə əlaqələrinə son qoyulmalıdır. Bunu Fransa rəhbərliyi də bilməlidir”. Bu sözləri isə deputat Fəzail Ağamalı səsləndirib.

Artıq 19 gündür ki, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın-Xankəndi yolundakı etiraz aksiyasını xatırladan millət vəkili erməni vandallarının milli sərvətlərimizin talamasına qarşı başlayan aksiyanı dəstəklədiyini söyləyib: “Qeyd edim ki, bu aksiya ilkin nəticələrini verib. Çünki erməni vandalları tərəfindən təbii sərvətlərimizin istismarına son qoyulduğu haqda məlumatlar var. Ancaq biz sona qədər getməliyik. Mən və sədri olduğum partiya fəalları bu aksiyaya qatılmağa və mübarizəni sona qədər aparmağa hazırıq”.

“Qarabağa xarici qüvvələrin gəlməsinə imkan vermək olmaz. Azərbaycanın müvafiq qurumları orada monitorinq keçirməli və müvafiq təkliflərini ölkə başçısına təqdim etməlidir. Hesab edirəm ki, Gorus-Xankəndi yolunda gömrük və sərhəd postu qurulana qədər aksiya davam etməlidir. Nəhayətdə beynəlxalq səviyyəli dələduz Ruben Vardanyana qarşı cinayət işi açılmalı, həbs edilməli və Bakıya gətirilməlidir”, - F.Ağamalı əlavə edib.

“Bu, siyasi əxlaqdan, ümumiyyətlə, beynəlxalq hüquqdan tamamilə uzaq olan insanların davranışıdır”

Deputat Nizami Səfərov “La Mond” qəzeti vasitəsilə 11 fransız siyasətçinin Fransa Prezidenti Emmanuel Makrona müraciətindən danışıb və deyib ki, müraciətçilər Ermənistanın “təhlükəsizliy”inin təmin olunması məqsədilə Azərbaycana qarşı bir sıra tədbirlər görülməsini istəyiblər: “Bu, siyasi əxlaqdan, ümumiyyətlə, beynəlxalq hüquqdan tamamilə uzaq olan insanların davranışıdır. Təkliflər sırasında hətta Azərbaycana qarşı sanksiyaların tətbiqi, beynəlxalq sülhməramlıların ölkəmizə göndərilməsi, Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edilməsi yer alıb. Faktiki olaraq, hər cür beynəlxalq cinayət bizim ərazimizdə törədilib. Təsəvvür edin, əhalisi etnik təmizləməyə məruz qalan, minlərlə günahsız insanı soyqırımı və insanlıq əleyhinə cinayətin qurbanı olan, özündə müharibə cinayətlərinin bütün əlamətlərini ehtiva edən qadağan olunmuş klaster, kasset və fosfor sursatları ilə mülki əhalisi və mülki infrastrukturu məhv edilən, mədəni irsinə və ekoloji sisteminə bərpa olunmayan ziyan vurulan Azərbaycanın məsuliyyəti ortaya atılır. Hüquqi cəhətdən yalnız xəstə təxəyyülün məhsulu olan bu absurd təklif müəlliflərinə bir daha xatırlatmaq istərdim ki, Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsinə uyğun olaraq, onun yurisdiksiyası iştirakçı dövlətlərin ərazisində baş verən cinayətlərə şamil olunur və yalnız milli hüquq mühafizə sisteminin bu cinayətləri təqib edə bilmədiyi və ya təqib etmək üçün iradə nümayiş etdirmədiyi hallarda işə düşə bilər”.

“Beynəlxalq hüquqa əsasən, nə Fransa, nə Ermənistanın Nizamnaməyə zidd olaraq, Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etmək hüququ var. Bunu yalnız beynəlxalq cinayətlərdən uzun müddət əziyyət çəkən və mülki əhalisi ən ağır cinayətlərin qurbanı olan Azərbaycan edə bilər”, - millət vəkili bildirib.

“Niyə Naxçıvanda mitinq keçirib yolun açılması tələbi ilə problemi dünyaya tirajlamayaq?”

“Milli intibah prosesi gedir. Güney Azərbaycandakı soydaşlarımızın hüquqları, Qərbi Azərbaycandakı torpaqlarımız məsələsi bunu göstərir. Hesab edirəm ki, başqa bir addım da atılmalıdır - soyadlarla bağlı addım”. Bu sözləri isə deputat Sabir Rüstəmxanlı deyib.

Millət vəkili bildirib ki, son 30 ildir müzakirə edilən soyad məsələsi var: “Əslində söhbət soyad dəyişilməsindən də getmir, şəkilçidən gedir. Əgər 30 il əvvəl bu proses başlansaydı indi hamı milli soyad daşıyırdı. Təklif edirəm ki, 2023-cü il yanvarın 1-dən etibarən yeni doğulan körpələrə soyad verilərkən milli soyad sonluğu qoyulsun, yəni “ov"dan, “yev”dən imtina edilsin”.

Deputat Fazil Mustafa ermənilərin dekabrın 25-də Xankəndidə keçirdiyi mitinqdən danışıb: “Bizim QHT-lər böyük iş görürlər, qəhramanlıq göstərir. Aksiya indi də davam edir. Dövlət qurumlarının da aksiyaya müsbət yanaşması müsbət haldır. Məncə, biz ermənilərə adekvat cavab verməliyik. Niyə Naxçıvanda mitinq keçirib yolun açılması tələbi ilə problemi dünyaya tirajlamayaq? Elə bir mənzərə yaranır ki, ancaq Qarabağda yol məsələsi var. Dünyanın aparıcı mediası da diqqəti ancaq Xankəndi yoluna yönəldir. Hesab edirəm ki, Naxçıvanda da analoji mitinq keçirmək, Zəngəzur yolunun açılmasını tələb etmək lazımdır. Beləcə paralel prosesi aparmaq, təbliğatda uduzmamaq, diplomatiyaya da əlavə arqumentlər vermək mümkündür”.

Müəllif: Anar Bayramoğlu