Milli Məclisdə Laçın yolu ilə bağlı çağırış - Deputatlar sərhəd və gömrük postları tələb edirlər

Aktual

16.12.2022 - 14:16

“Ermənistan Naxçıvana gedən azərbaycanlılara dəhliz vermirsə, biz niyə Ermənistandan gələn ermənilərə əlini-qolunu sallayıb keçməsinə icazə verməliyik?”

Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə 25 məsələ daxil edilib. Qanun layihələrinin müzakirəsindən əvvəl deputatlar gündəmin mövzularına toxunublar, təkliflərini səsləndiriblər. Deputat Siyavuş Novruzov xatırladıb ki, bir neçə gündür, azərbaycanlı fəallar ermənilərin ekoloji terroruna qarşı aksiya keçirirlər: “Aksiyada iştirak edən azərbaycanlı aktivistlər ermənilərin Rusiya sülhməramlıları ilə birləşərək Azərbaycan ərazilərinə qanunsuz silahlar keçirməsinin, İrandan gələn terrorçuların qarşısını almağa çalışırlar. Hesab edirəm ki, aksiyada iştirak edən gənclərə xüsusi olaraq diqqət yetirmək lazımdır. Onlar bu gün Azərbaycanın haqq səsini çatdırırlar. Biz onların yanındayıq və dəstək veririk. Sona qədər aksiyaçıların müdafiəsinə hazırıq".

“Azərbaycan yol kəsən deyil, yol çəkən ölkədir”

“Ermənistanın havadarları ilə birlikdə işğal etdiyi əraziləri azad edərək oranı tikinti mərkəzinə çevirmişik. Azərbaycanın bir milyon vətəndaşı ata-baba yurduna qayıtmaq istəyir. Bu səbəbdən də müharibədən sonra sülh danışıqları istəyirik. Amma son iki ildə Azərbaycan təxribatlarla qarşılaşır. Bu təxribatlarda müharibə zamanı özlərini uşaq və qadın qatili kimi göstərən separatçılarla yanaşı, rus sülhməramlıları da iştirak edir”. Bu sözləri isə deputat Əli Məsimli söyləyib.

Millət vəkili qeyd edib ki, Ermənistan tərəfi hər zamankı kimi, bu gün də dinc aksiyanı təhrif edilmiş formada dünya ictimaiyyətinə təqdim etməyə çalışır: “Xankəndi-Laçın yolunun açılması ilə bağlı Azərbaycana müraciət edənlərə çatdırmalıyıq ki, Azərbaycan yol kəsən deyil, yol çəkən ölkədir. Düşünürəm ki, sülhməramlılar üçtərəfli razılaşmadan sonra üzərinə düşənləri yerinə yetirmədiyi üçün biz Laçın yolunda gömrük və sərhəd keçid məntəqəsi qurmalıyıq”.

“Volkov Vardanyan adında bir avantürist və kriminal iş adamı ilə birləşərək...”

Deputat Azay Quliyev də Şuşa-Xankəndi yolunda keçirilən aksiyadan danışıb və bildirib ki, bu, haqlı aksiyadır: "Məlum olduğu kimi, Azərbaycanın müvafiq qurumlarının nümayəndələrinin həmin ərazilərdə monitorinq aparmaq üçün dekabrın 3-də Rusiya sülh məramlıları ilə razılıq əldə olunmuşdu və təəssüf ki, dekabrın 10-da rus hərbiçilərinin komandanı Volkov bu razılaşmanı kobud şəkildə pozdu və Vardanyan adında bir avantürist və kriminal iş adamı ilə birləşərək monitorinq qrupuna qarşı təxribat törətdilər. Beləliklə, monitorinq baş tutmadı. Əlbəttə ki, bu, təxribat cavabsız qala bilməzdi və bu məqsədlə ölkə QHT-ləri haqlı olaraq dekabrın 12-dən etibarən Şuşa-Laçın yolunda bu qanunsuzluğa qarşı  etiraz aksiyasına başladılar”.

“Aksiya iştirakçılarının tələbi çox sadədir: Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına və talanmasına son qoyulsun, bu ərazilərdə törədilən ekoloji terror dayandırılsın və həmin ərazilərin monitorinqinə şərait yaradılsın! Bundan başqa, dekabrın 14-də 7 nəfər soydaşımızın mina partlayışı nəticəsində yaralanması və  1 nəfər hərbiçimizin şəhid olması aksiya iştirakçılarının tələblərinin genişlənməsinə səbəb oldu. QHT-lər Ermənistanın mina terroruna son qoyulmasını, Azərbaycanın suveren torpaqlarına silah-sursatın, hərbiçilərin daşınması, milli sərvətlərimizin ölkədən çıxarılması və digər qanunsuz əməllər üçün istifadə olunan Laçın yolunda, Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin nəzarət-buraxılış məntəqələrinin yaradılmasını tələb edirlər”, - millət vəkili xatırladıb.

“Ermənilər bütün paytaxtlara məktub göndərib beynəlxalq ictimaiyyəti aldatmasınlar”

“Ölkə ictimaiyyətinin bu, haqlı tələbini hamımız dəstəkləyirik və hesab edirik ki, qısa müddətdə Laçın yolunda Azərbaycanın dövlət qurumlarının effektiv nəzarət buraxılış sistemi yaradılmalıdır və əminəm ki, yaradılacaqdır. O ki qaldı aksiya iştirakçılarının guya Laçın yolunu bağlayaraq Xankəndində və ətraf ərazilərdə yaşayan ermənilərin blokadaya alınması, humanitar fəlakətə və ya etnik təmizləməyə məruz qalması  haqqında Ermənistanın təbliğat maşının uydurduğu şayiələrə, təbii ki, bunların hamısı yalan və böhtandır. Bu yalanlara Azərbaycanın rəsmi orqanları çox tutarlı cavab verdi və bildirildi ki, yolu etirazçılar yox, Rusiya sülh məramlıları bağlayıb. Buna əsas sübut kimi, sülh məramlıların 3 kalonunun dünəndən etibarən etiraz aksiyasının keçirildiyi yoldan rahat şəkildə keçməsini göstərmək olar”, - deputat əlavə edib.

Millət vəkili xatırladıb ki, Azərbaycan dövləti erməni vətəndaşlarının bütün ehtiyaclarını qarşılamağa hazır olduğunu da bəyan edib: “Ona görə də ermənilər bütün paytaxtlara məktub göndərib beynəlxalq ictimaiyyəti aldatmasınlar. Xarici QHT-lərdən və beynəlxalq təşkilatlardan istəyimiz odur ki, Laçın yolunda baş verən hadisələrə obyektiv yanaşsınlar və Azərbaycan QHT-lərinin haqlı tələblərini dəstəkləsinlər".

“Bura Azərbaycan torpaqlarıdır və burada necə davranılacağını Azərbaycan müəyyən edir”

Deputat Sabir Rüstəmxanlı vurğulayıb ki, bu gün bütün xalq Şuşa-Xankəndi yolunda baş verən hadisələrin nə ilə nəticələnəcəyini gözləyir. Onun sözlərinə görə, Rusiya sülhməramlıları artıq iki ildir ki, ermənilərlə birlikdədir: “Sülhməramlılar onların düşüncəsini, hərəkətini bilir. İndi isə bir neçə gündür bizim musiqiləri dinləyir, fikirləri anlayırlar. Bu, Azərbaycan xalqının birliyinin nəticəsidir”.

“Ermənilər bildirirlər ki, Xankəndi ilə əlaqələri kəsilib. Bununla bağlı dünyaya car çəkiblər. Amma biz 30 ildir ki, Naxçıvanla ölkənin quru sərhədlərin bağlı olmasını fəlakət kimi qiymətləndirmirik və dünyaya car çəkmirik. Təbii ki, bununla bağlı bizim cavabımız olmalıdır. Bura Azərbaycan torpaqlarıdır və burada necə davranılacağını Azərbaycan müəyyən edir. Azərbaycanlıların qanunsuz hərəkət edən ermənilərə hər vaxt etiraz etmək hüququ var”,- deyə deputat vurğulayıb.

Deputat Rəşad Mahmudov da qeyd edib ki, beynəlxalq müstəvidə hüququn lal və kor olduğu şəraitdə Laçın yolunda aksiya keçirən fəalları dəstəkləyir: “Eyni zamanda, düşünürəm ki, deputatların yerində aksiya iştirakçılarına dəstək verməsi yaxşı motivasiya olar”.

Deputatdan çağırış: “Aksiyanın daha da genişləndirilməsinə və tələblərin də böyüməsinə ehtiyac var”

“Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin Şuşa-Xankəndi yolunda aksiyası əslində gecikmiş addımdır. Ölkəmiz bu günə kimi dözüm göstərdi, humanitar amilləri nəzərə aldı, Ermənistan və separatçıları isə bu yolu hərbi və talançılıq üçün istifadə etdi. 30 il bəs deyilmiş kimi, indi də Rusiya sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə ekoloji fəlakət törədirlər”, - deyən deputat Razi Nurullayev bildirib ki, bu aksiya vətəndaş cəmiyyəti təmsilçilərin, ekoloji fəalların təşəbbüsü ilə gerçəkləşdirilib və effekt verib: “Aksiyanın daha da genişləndirilməsinə və tələblərin də böyüməsinə ehtiyac var. Birincisi, Xankəndi ilə Ermənistanı birləşdirən yolda sərhədçilərimiz və gömrük postumuz yerləşdirilməlidir. Ermənistan Naxçıvana gedən azərbaycanlılara dəhliz vermirsə, biz niyə Ermənistandan gələn ermənilərə əlini-qolunu sallayıb keçməsinə icazə verməliyik? İkincisi, separatizmə dəstək verən və layihə olaraq Qarabağa yerləşən erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan torpaqlarımızdan rədd olub getməlidir. Separatçıların quldur başçısı, beynəlxalq axtarışa verilmiş, haqqında qalaq-qalaq cinayət işi açılmış Araik Arutyunyanın həbs edilməsi üçün Xankəndində əməliyyat keçirilməsi ilə bağlı məsələ tələblər arasında olmalıdır. Üçüncüsü, separatizm yuvasının Ermənistanla siyasi və hərbi əlaqələrinin tam kəsilməsi üçün kompromissiz tələblər irəli sürülməlidir. Separatizm yuvasında yaşayan erməni əsilli vətəndaşlarımızın humanitar ehtiyaclarını xarici işlər nazirliyimiz dediyi kimi, Azərbaycan öz üzərinə nəinki götürə bilər, həm də götürməlidir. Dördüncüsü, Rusiya sülhməramlılarının vaxtından əvvəl missiyasının sonlandırılması tələbi qoyulmalıdır. Onlar Qarabağda qaldığı müddətcə, erməni separatçılar bu məsələdən öz çirkin məqsədləri üçün yararlanacaq”.

“Rusiya sülhməramlılarının Qarabağda qalması sülh prosesinə birbaşa maneədir. Dinc aksiyaçıların sayı dəfələrlə arta bilər, separatçılardan hər şey gözləmək də olar. Milli ordumuzun hissələri, polis və hərbi texnikamız onların təhlükəsizliyini təmin etməlidir”, - millət vəkili əlavə edib.

Təklif: ““Azəriqaz” və “Azərenerji” Qarabağda monitorinq aparsın”

Aksiya ilə bağlı fikirlərini bildirən deputat Azər Badamov qeyd edib ki, Qarabağda müvəqqəti yerləşən sülhməramlıların ermənilərin özbaşınalıqlarına göz yumduqlarına qarşı səsimizi çıxarmaya bilmərik: “10 noyabr razılaşmasının bəndləri yerinə yetirilmir. Beynəlxlaq icitmaiyyətin bu məsələyə birtərəfli yanaşması Ermənistanı ruhlandırır və erməniləri yeni cinayətə sövq edir. Laçın yolunda dövlətimizin nəzarət keçid məntəqələri yaradılmalıdır. Xankəndidə yaşayan erməni əsilli vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsinin vaxtı gəlib çatıb”.

Deputat Hikmət Məmmədov isə təklif edib ki, "Azəriqaz" və "Azərenerji" Qarabağdan keçən və istismar müddəti başa çatan boruların, elektrik naqillərinin monitorinqini aparmalıdır: "Ermənilərin vurduğu zərərin nəticəsində Qarabağda və Şərqi Zəngəzurda su ehtiyatı 17 faiz azalıb. Köhnəlmiş borular yanğına səbəb ola bilər. Bu hal həm su ehtiyatlarına, həm də ekoloji problemlər yaratmaqla, faciələrə səbəb ola bilər. Eyni zamanda, köhnə naqillərin qırılıb düşməsinin də yanğınlara səbəb olması mümkündür. Bu qurumların da belə yoxlamalar aparması həm problemlərin qarşısına öncədən almağa, həm də hazırda Laçın yolunda aksiya keçirən ekofəalların təşəbbüsünə dəstək olar".

Gündəmin mövzuları ilə bağlı çıxışlardan sonra deputatlar gündəlikdə duran məsələlərin müzakirəsinə başlayıblar.

Müəllif: Anar Bayramoğlu