Milli Məclisdə İrana etiraz: “Elə gözünüz Azərbaycanı görür?!”

Aktual

05.04.2024 - 13:21

Deputat: “Əgər gücünüz çatırsa, ABŞ-da, Rusiyada və digər ölkələrdəki səfirlikləri hədələyin”

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib. Gündəliyinə 22 məsələ daxil edilən toplantıda əvvəlcə deputatlar cari məsələlərlə bağlı fikirlərini bildirib, təkliflər səsləndiriblər. Deputat Siyavuş Novruzov bu gün Brüsseldə keçirilən ABŞ-Avropa İttifaqı-Ermənistan sammiti barədə danışıb və bildirib ki, görüşlə bağlı Azərbaycan artıq öz mövqeyini bildirib: “Burada məni narahat edən məsələ İranın prosesə susqunluğudur. 44 günlük müharibə zamanı İran hər gün bəyanat verirdi ki, Zəngəzura girmək olmaz. Amma bu gün görürük ki, İran bu məsələyə heç bir münaibət bildirmir. Bu gün həmin torpaqlarda NATO-nun, digər ölkənin kəşfiyyatçıları, eyni zamanda terrorçular var”.

“İran bilməlidir ki, o torpaqlara yığılan silahlar Azərbaycan üçün yox, İran üçündür”

“İran bilməlidir ki, o torpaqlara yığılan silahlar Azərbaycan üçün yox, İran üçündür.  Digər tərəfdən İran Parlamentində bir deputat deyib ki, Azərbaycandakı İsrail səfirliyinə hücum edək. Elə gözünüz Azərbaycanı görür?! Əgər gücünüz çatırsa, ABŞ-da, Rusiyada və digər ölkələrdəki səfirlikləri hədələyin”, - deyə deputat etirazını bildirib.

“Təəssüflə qeyd etmək lazımdır...”

Deputat Ceyhun Məmmədov Bakıda Aprel döyüşçülərinin xatirəsinə abidə qoyulması təklifi verib: “Aprel döyüşləri xalqımızda qələbəyə olan inamı daha da artırdı. Dövlətimizin torpaqlarımızın azad olunması üçün səylə çalışdığını bir daha göstərib. Zəfərdən sonra Cocuq Mərcanlı kəndi qısa vaxtda bərpa olunaraq əhalinin ora köçürülməsi təmin edildi. Burada yeni məktəb, klub, tibb məntəqəsi, Şuşa məscidinin bənzəri məscid inşa olunub. Aprel döyüşlərinin əhəmiyyəti nəzərə alınaraq Aprel döyüşçülərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda abidənin qoyulmasını, Cocuq Mərcanlıda inşa olunan muzeyin fəaliyyətə başlaması üçün addımların atılmasını təklif edirəm. Təəssüflə qeyd etmək lazımdır ki, bir neçə ildir qəsəbədə muzey inşa olunmasına baxmayaraq hələ də fəaliyyətə başlamayıb”.

Türkiyə-Azərbaycan Universitetinin Qazaxda açılması təklif edilir

“Bu günlərdə ən aktual mövzu iki yeni universitetin yaradılmasıdır. Azərbaycana hazırda texniki elmləri öyrədən universitet lazımdır”, - deyən deputat Fazil Mustafa bildirib ki, Azərbaycanla Türkiyənin yaratdığı universitet tək qardaşlığımızı göstərmək üçün olmamalı, həm də keyfiyyətli universitet yaradılmalıdır: “Sentyabrda yeni dərs ili başlayacaq, amma bu universitetin bina məsələsi həllini tapmayıb. Biz universitet yaratma prosesini regionlara daşımalıyıq. Türkiyə ilə ortaq universiteti Qazaxda yarada bilərik, bu, bizim xeyrimizə olar”.

“İkincisi, Qarabağda fərqli universitet yaratmalıyıq. Silikon vadisinə bənzər universitet yaratmalıyıq ki, dünyanın fərqli yerlərindən orda gəlib təhsil alsınlar. Biz yetkin büdcəyə sahib olmalıyıq, xarici mütəxəssisləri cəlb etməliyik”.

Milli Məclisin sədri Sahibə Qafarova isə qeyd edib ki, artıq bəzi məsələlərdə qərarlar verilib.

Daha sonra deputatlar iclasın gündəliyində olan məsələlərin müzakirəsinə başlayıblar.

Müəllif: Anar Bayramoğlu