Metronun “Xocəsən” stansiyası tıxacları azalda bilər, amma... - Görülməli işlər

Cəmiyyət

27.12.2022 - 14:47

Ərşad Hüseynov: “Marşrut avtobuslarının hərəkət sxemi dəyişdirilməlidir, hərəkətin təşkilində ciddi dəyişikliklər edilməlidir”

“Bakı metrosunun “Xocəsən” stansiyasının istifadəyə verilməsinin nəqliyyat sahəsində ilin ən yadda qalan hadisələrindən olduğunu qeyd etmişdim. Şəhərətrafı  ictimai nəqliyyatla bu stansiyanın fəaliyyəti yaxşı əlaqələndirilsə, Bakının şimal-qərb istiqamətində, xüsusən də Bakı Beynəlxalq Avtovağzalı, “Şamaxinka” ərazisi və “20 Yanvar” metrosu tərəflərdə nəqliyyatın hərəkətinə az da olsa, müsbət təsiri görə bilərik”.

AYNA xəbər verir ki, bu sözləri nəqliyyat eksperti Ərşad Hüseynov deyib. Mütəxəssis xatırladıb ki, vaxtilə metronun “Avtovağzal” stansiyası istifadəyə veriləndə “Şamaxinka” ərazisində, “Memar Əcəmi” və “20 Yanvar” metro stansiyaları tərəflərdə bir qədər yüngülləşmə olub: “Lakin təəssüf ki, ictimai nəqliyyatdakı son illərin durğunluğu və geriləmə həmin yerlərdə vəziyyəti 2016-cı ildən əvvələ və hətta daha gərgin səviyyəyə qaytarıb. “Xocəsən” stansiyasının istifadəyə verilməsi də vəziyyəti hiss edilən dərəcədə yaxşılaşdıra bilər. Bunun üçün stansiyanın yanında Nəqliyyat Mübadilə Mərkəzi yaratmaq zəruridir”.

“Lökbatandan, o cümlədən, “Sədərək”, “Binə” və “Meyvəli” ticarət mərkəzlərindən Ələtədək, şimal-qərb istiqamətində isə Sulutəpədən Pirəkəşkülədək, habelə Xırdalanın qərb tərəfindən sərnişin axınını bu stansiyaya yönəltmək lazımdır. Bunun üçün müəyyən marşrut avtobuslarının hərəkət sxemi dəyişdirilməlidir, stansiya ətrafındakı yollarda və oraya gətirən yollarda hərəkətin təşkilində ciddi dəyişikliklər edilməlidir. Düşünürəm ki, bundan sonra göstərilən istiqamətdən müntəzəm olaraq sərnişin daşıyan taksilərin də bəziləri tədricən “Xocəsən” stansiyasını seçəcək”, - Ə.Hüseynov qeyd edib.

Ekspert vurğulayıb ki, belə edilsə, metropolitenin “Bənövşəyi” xətti üzrə indiki hərəkət qarafiki (qatarlar arsında intervalın 8 dəqiqə olacağı deyilir) də “Şamaxinka”dakı və “20 Yanvar” zonasındakı davamlı tıxaclardan daha cazibədar olacaq: “Perspektivdə isə "Xocasən" stansiyası yaxınlığındakı dəmiryol üzərində şəhərətrafı qatarlar üçün stansiya tikmək, Lökbatan-Ələt istiqamətində şəhərətrafı qatarlarla səmərəli sərnişin daşıma təşkil etmək lazımdır. “Bənövşəyi” xəttin "8 Noyabr" stansiyasından sonrakı hissəsinin tikintisinin sürətləndirilməsi və bu xətt üzrə qatarlararası intervalın azaldılması da çox vacibdir”.

Müəllif: Ayna.az