Məşhur alim, görkəmli pedaqoq – Azad Mirzəcanzadə 

Cəmiyyət

30.12.2023 - 17:06

Sentyabrın 29-da akademik Azad Mirzəcanzadənin anadan olmasının 95 illiyi tamam oldu. Bu münasibətlə Azərbaycan Təhsil Nazirliyi, SOCAR, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və onun nəzdində fəaliyyət göstərən “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutu birgə “Neftqazçıxarmada innovasion texnologiyalar” mövzusunda beynəlxalq elmi-təcrübi seminar təşkil etmişlər. Seminarın işində ölkəmizin geniş tərkibdə elmi ictimaiyyəti ilə yanaşı, Moskvadan, Sank-Peterburqdan, Başqırdıstandan, Tatarıstandan gələn nümayəndə heyətləri, həmçinin, məşhur alimin tədbirə Moskvadan, Qazaxıstandan, Özbəkistandan, Vyetnamdan onlayn qatılan tələbələri iştirak etmişlər. Əvvəlcə Fəxri Xiyabanda ümummilli lider, ulu öndər Heydər Əliyevin məqbərəsi, sonra isə Azad Mirzəcanzadənin qəbirüstü abidəsi ziyarət edilmişdir. Daha sonra seminar JW MARRİOTT ABŞERON Hotelində öz işinə başlamışdır.

Azad Mirzəcanzadə haqqında düşündükdə və onun keçdiyi yola nəzər saldıqda gözümüz önündə ilk növbədə universal zəka sahibi, elmi maraqları hər şeydən üstün tutan görkəmli alim, zəngin təfəkkürə malik fitri istedad, ən mürəkkəb fikirləri belə hər kəsin başa düşəcəyi tərzdə şərh edə bilən mahir pedaqoq və digər qeyri-adi fenomenal xüsusiyyətləri ilə seçilən unikal bir şəxsiyyət canlanır.

Azad müəllim bizim yaxın keçmişimizdir, onun bu gün anadan olmasının 95-ci ildönümüdürsə, ancaq anım günü də çox uzaqda deyil. 78 il ömür sürmüş bu böyük şəxsiyyət indiki orta və yaşlı nəslin çoxunun yaddaşındadır. Yaşadığı dövrdə əldə etdiyi misilsiz uğurlar nəticəsində o, öz adını Azərbaycanın elm tarixinə, bu tarixi salnamədə yer alan görkəmli şəxsiyyətlər sırasına iri hərflərlə yazdıra bilmişdir.

Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan Azad Mirzəcanzadə ölkəmizdə və onun hüdudlarından kənarda tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi-fiziki metodların neft sahəsində tətbiqi ilə bağlı problemlər onun tərəfindən fundamental elmin nəzəri məsələləri səviyyəsində araşdırılmış və öz həllini tapmışdır.

Alimin neft və qaz-kondensat yataqlarının mənimsənilməsi və istismarının əsaslarına həsr olunmuş tədqiqatlarında neft sənayesinin qazma, istehsal və neft maşınqayırması kimi sahələrinin aktual problemləri həll edilərək aradan qaldırılmışdır. 500-ə yaxın elmi əsərin, 50-dən artıq ixtira və patentin müəllifi olan Azad Mirzəcanzadə özünün elmi fəaliyyətində neft və qaz çıxarılması proseslərinin   optimallaşdırılmasına xüsusi diqqət yetirmişdir. Dəniz neft yataqlarının işlənilməsinin dinamik metodlarının hazırlanması və tətbiq edilməsi tanınmış alimin başlıca elmi nailiyyətləri sırasındadır. Yaradıcılığının son dövründə onun tədqiqatlarının əsas elmi istiqamətlərini neft-qaz yataqlarının sinergetik analizi və yeni nanotexnologiyaların yaradılması təşkil edirdi.

Azad Mirzəcanzadə ümumittifaq miqyasında ildə bir dəfə, bəzən isə iki dəfə keçmiş SSSR-nin müxtəlif regionlarında neftqazçıxarma proseslərinin qlobal problemlərinin həllinə yönəlmiş konfrans və seminarlar təşkil edirdi. Moskva, Kiyev, İvanofrankovsk, Kuybışev(Samara), İrkutsk, Uxta, Alma-Ata, Daşkənd, Aşqabad, Krasnovodsk, Kazan, Ufa, Bakı və s. şəhərlərdə keçirilən elmi-praktiki konfrans-seminarlarda qazma, işlənmə, istismar və nəql məsələlərinin aktual problemləri gündəmə çıxarılır, müzakirə edilir və öz həllini tapırdı. Bu da ölkə iqtisadiyyatının inkişafına böyük təkan verirdi.

Azad Mirzəcanzadə eyni işi Azərbaycanın neftçıxarma idarələrində səyyar konfrans-seminarlar təşkil etməklə həyata keçirirdi. Neft Daşları, 28 May, Qum adası, N. Nərimanov adına, o cümlədən quruda yerləşən neftqazçıxarma idarələrində dəfələrlə keçirilən elmi-praktiki konfrans-seminarlarda bilavasitə özü iştirak edir, neftçiləri maraqlandıran məsəllərin həllinə nail olurdu.

Azad Mirzəcanzadə öz elm sahəsi üzrə yeganə azərbaycanlı idi ki, onu Moskvaya dəvət edərək Ümumittifaq Elmi-Tədqiqat Neftqaz Layihə İnstitutunda işlə təmin etmiş, SSSR-də neftqaz sahəsi üzrə elmi kadrların yetişdirilməsi üçün xüsusi şərait yaratmışdılar. Bu missiya Azərbaycandan cəmi bir neçə dahi insana nəsib olmuşdu. Onların sayı çox məhduddur və onları barmaqla saymaq olar: Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü, SSSR-i Nazirlər Soveti sədrinin birinci müavini ulu öndər Heydər Əliyev, SSSR-i Qaz sənayesi Naziri Sabit Orucov, Kosmonavtika sahəsi üzrə professor Kərim Kərimov, bəstəkar Qara Qarayev, Qərbi Sibir neftqaz yataqlarını kəşf etmiş və açmış, SSSR-i Geologiya Nazirinin birinci müavini Fərman Salmanov... Əlbəttə, bu insanları, Azad Mirzəcanzadə də daxil olmaqla “seçilmişlər” adlandırmaq olar və onlar Azərbaycanı ümumittifaq və dünya miqyasında tanıdan nadir şəxsiyyətlər idi.

Azad Mirzəcanzadənin bir çox dərslik  kitabları və fundamental elmi-tədqiqat işlərini özündə əks etdirən monoqrafiyaları çap olunmuşdur. Onlardan iki cildlik “Neft və qaz yataqlarının işlənməsi və istismarı”, “Neftçıxarmada özlü elastik və özlü mayelərin hidrodinamikasının məsələləri”, “Fiziki proseslər mexanikası”, “Özlü elastik mühitlərin qeyri stasionar hərəkəti”, “Dəniz yataqlarının işlənməsi fraqmentləri”, “Neft-qaz layının fizikası”, “Qazçıxarma texnologiyalarının əsasları”   və s. göstərmək olar.

Lakin akademik Azad Mirzəcanzadənin maraq dairəsi yalnız elmi əsərlər və monoqrafiyalar yazmaqla məhdudlaşmırdı. O, görkəmli mədəniyyət və incəsənət xadimlərinin əsərlərini, təsviri sənət və musiqi nümunələrini yüksək peşəkarlıqla təhlil edir, onların barəsində orijinal fikirlər söyləyirdi. Azərbaycan mədəniyyəti və incəsənətini, o cümlədən doğma xalqının musiqisini qəlbən sevir və sevdirirdi. Dahi Üzeyir Hacıbəyli onun ən sevdiyi bəstəkar idi. Azad müəllim qeyd edirdi ki, "elm və incəsənət ayrılmazdır, elm əqlin, incəsənət isə hisslərin yaddaşıdır". Onun “XXI əsrə gedən yol”, "İncəsənətdə modellər", "İnformasiya nəzəriyyəsi və musiqi", "Simmetriya və incəsənət", "Çoxmillətli sovet musiqisinin fəxri" və s. kimi kitab və məqalələri də məhz alim zəkası və hisslərinin sintezindən yaranmışdır.

Ümumiyyətlə, bu böyük alimin elmi irsinə dünyanın nüfuzlu jurnallarında çap olunmuş 500-ə yaxın elmi məqalə, 100-dən çox monoqrafiya, dərslik, dərs vəsaiti, 50 ixtira  və elmi kütləvi əsərlər  daxildir.

Lakin onun bir kitabını xüsusi qeyd etmək lazımdır. 1986-cı ildə çap etdirdiyi “İxtisasa giriş” kitabı təkcə neftçıxarma sahəsində deyil, bütün digər ixtisaslar üzrə də ən mükəmməl vəsait hesab edilə bilər. Elmi-populyar səpkidə azərbaycan və rus dillərində çap olunmuş bu kitabda elmin müxtəlif sahələrinin inteqrasiyası problemlərinə, o cümlədən dəqiq və humanitar elmlərin qarşılıqlı əlaqəsi məsələlərinə toxunulur, kitab Azad müəllimin pedaqoqluğunu, elmə baxışını, ətraf mühitə münasibətini, müasir dünyanın inkişaf dinamikasının təhlilini, həyat haqqında düşüncələrini – ümumiyyətlə fəlsəfi dünyagörüşünü özündə ehtiva edir. Hikmət dolu bu kitabı oxumağa başlayanda ondan ayrılmaq çox çətin olur, bu kitab müasir dünyanın rəngarəng çalarlarını görmək və dərk etmək baxımından əsl öyrəncə mənbəyidir. Təsadüfi deyildir ki, “Qanun” nəşriyyatı bu kitaba olan yüksək tələbatı nəzərə alaraq "ən çox axtarılan kitab" seriyasından onu təkrar çap etmişdir.

Azad Mirzəcanzadə pedaqoji fəaliyyətə 1944-cü ildə Bakı şəhərində 44 nömrəli orta məktəbdə müəllimlik etməklə başlamışdır. Təsəvvür edin, o, oxuduğu məktəbdə paralel olaraq həm də dərs deyirdi! Bu nadir hadisə həyata yenicə qədəm qoyan az yaşlı bir gəncin fitri istedada malik olmasından xəbər verirdi. Sonra isə pedaqoji fəaliyyətini ömrünün sonuna kimi, bitirdiyi Azərbaycan Sənaye İnstitutunda – hazırki Azərbaycan Dövlət Neft və Sənaye universitetində davam etdirmişdir.

Pedaqoji fəaliyyətinin tərkib hissəsi kimi, onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə keçən əsrin 80-ci illərində Neft və Kimya İnstitutu – yəni  hazırki Dövlət Neft və Sənaye Universiteti Azərbaycanın Quba, Lənkəran və Qazax bölgələrində orta məktəb şagirdləri arasında riyaziyyat, fizika və kimya fənnləri üzrə olimpiadalar təşkil edilmişdir. Burada yeganə məqsəd istedadlı şagirdləri seçib ali məktəblərə cəlb etməkdən ibarət idi.

Azad müəllimin bu mükəmməl ideyasının sonu Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra onun tərəfindən məşhur Bakı Texniki-humanitar Liseyinin yaradılması ilə nəticələnmişdir. Bu Lisey hazırda uğurla fəaliyyət göstərir, Liseyə seçilərək məhz istedadlı şagirdlər qəbul olunur. Onun məzunlarının böyük əksəriyyəti Respublikamızın və dünyanın müxtəlif ali məktəblərində təhsillərini davam etdirir, sonra isə ölkəmizin hərtərəfli inkişafı üçün mühüm faydalı işlər görürlər.

Azad Mirzəcanzadənin fəaliyyətinə nəzər saldıqda aydın görmək olur ki, milli kadrların yetişməsində onun müstəsna rolu vardır. O, yüksək ixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf etmiş, Azərbaycan Respublikası   iqtisadiyyatının dinamik inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak etmişdir.

Azad müəllim keçən əsrin 60-cı illərində artıq elmlər doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü idi. O vaxta qədər olan müddətdə Azərbaycanda neftçıxarma sahəsində elm və təhsilin vəziyyətinə nəzər saldıqda məlum olur ki, bu sahədə elmlə məşğul olanların böyük əksəriyyəti əcnəbilərdən və onların əcnəbi dilində buraxdığı elmi monoqrafiyalardan ibarətdir. Yalnız bu illərdən başlayaraq Azad müəllimin məqsədyönlü fəaliyyəti nəticəsində milli kadrların hazırlanması prosesi həyata keçirilmiş və qısa müddət ərzində bir çox istedadlı azərbaycanlı gənclər elmlər namizədi və elmlər doktoru adına layiq görülərək Respublikamızın müxtəlif elm və təhsil ocaqlarında yer almışlar. Məhz həmin illərdə neft-mədən fakültəsində oxuyan tələbələr üçün ilk dəfə Azad müəllimin rəhbərliyi altında “Neft yataqlarının işlənməsi və istismarı” adlı iki cildlik dərslik çapdan çıxmış və istifadəyə verilmişdir.

Azad müəllimin çox orijinal elmi kadr yetişdirmək üsulu var idi. O, birinci, ikinci kurslarda dərs dediyi (leksiya oxuduğu) qruplarda istedadlı tələbələri müəyyən edir, sonra onları kafedranın laboratoriyalarında aparılan elmi-tədqiqat işlərinə cəlb edir, tələbə elmi cəmiyyətinin xətti ilə onların seminar və konfranslarda elmi məruzələrlə çıxışını təmin edir, beləliklə də onlarda elmə həvəs yaradırdı. İstedadlı tələbə təhsilini başa vurduqda artıq bir neçə elmi məqalənin müəllifi olurdu. Həmin tələbələrin əksəriyyəti kafedrada saxlanılır, sonra aspiranturaya daxil olaraq öz gələcək talelərini elmə və təhsilə bağlayırdılar.

Eyni zamanda, Azad müəllim dərs demədikləri, lakin ona müraciət edən digər gəncləri və insanları da şəxsi ünsiyyət zamanı özünəməxsus testlərlə yoxlamadan keçirir və onların haqqında qərar qəbul edirdi.

Akademik Azad Mirzəcanzadə elmi fəaliyyəti ərzində 100-dən çox elmlər doktoru, 400-ə qədər elmlər namizədi yetişdirmişdir. Qeyd etmək lazımdır ki, həm də yetişdirdiyi alimlər yalnız Azərbaycan vətəndaşları olmayıblar, onun yetirmələrinin təmsil olunduğu ölkələrin coğrafiyası çox genişdir – Rusiya Federasiyası başda olmaqla postsovet ölkələri, Avropa, Yaxın və Uzaq Şərq ölkələri. Azad müəllimin rəhbərliyi ilə yalnız Başqırdıstanda 34 nəfər elmlər namizədi, 18 nəfər elmlər doktoru hazırlanmışdır. Başqırdıstan dövlət Universitetində Azad müəllimə xüsusi kabinet ayırmışdılar və o, vaxtaşırı Ufaya səfər edərək yerli müəllim-professor heyyətinə elmi məsləhət və tövsiyələr verirdi.

Yuxarıda qeyd olunan  göstəricilər məsələnin görünən rəsmi tərəfidir. Görünməyən tərəfi isə ondan ibarətdir ki, bu dahi alim yüzlərlə iddiaçılara qeyri rəsmi rəhbərlik etmiş, onların elmi işlərinin uğurla başa çatmasında başlıca rol oynamışdır.

Azad müəllim həyatının mənası hesab etdiyi əsas amalını belə formalaşdırmışdı – o deyirdi: “Mənim ən böyük arzum budur ki, Azərbaycan öz intellekti ilə dünya bazarına çıxsın!” və bütün yaradıcı ömrünü də bu amalın həyata keçməsinə sərf etmişdir.

SSSR-i dövründə qabaqcıl ali təhsil ocaqları təhsillə yanaşı,  əlavə gəlir əldə etmək və eyni zamanda istehsalatda mövcud problemləri həll etmək məqsədilə təsərrüfat hesablı işlər görürdülər. Müqavilələr əsasında həyata keçirilən belə işlərin həcminə görə Azad Mirzəcanzadənin rəhbərlik etdiyi “Neft və qaz yataqlarının işlənməsi və istismarı” kafedrası AzNK-də, İnstitut isə Respublikada ən öncül yerlərdən birini tuturdu. Bu yüksək göstəricilərin əldə olunması isə məhz Azad müəllimin yüksək intellekti nəticəsində baş tuturdu. Kafedra demək olar ki, ümumittifaq miqyasında əksəriyyət neftqazçıxarma bölgələri ilə qarşılıqlı əlaqədə praktiki işlər görürdü.

Azad Mirzəcanzadənin bizə yadigar qoyub getdiyi yaradıcılıq ideyasının məhsullarından biri də Azərbaycan Dövlət Neft Akademiyası (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) nəzdində yaratdığı, neft sənayesinin bütün qlobal problemlərinin həllinə yönələn “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutudur. Bu elmi-tədqiqat ocağının yaradılmasının məqsədi neft sənayesinin problemlərinin həlli ilə yanaşı, eyni zamanda elmlə təhsilin vəhdətini yaratmaq, ali təhsil müəssisəsində çalışan müəllim-professor heyətinin elmlə məhsuldar məşğul olmasını təmin etməkdən ibarətdir.  

ETİ-da hazırda 200-ə yaxın əməkdaş və 10 problem laboratoriya fəaliyyət göstərir. Bu laboratoriyalarda aparılan tədqiqat işləri neftçıxarmanın müxtəlif aspektlərini – kəşfiyyatdan tutmuş, qazma, neftin çıxarılması, onun nəqli ilə bağlı yeni texnoloji prosesləri özündə ehtiva edir, eyni zamanda kimya, neft kimyası, neft emalının katalizi, kimyəvi sensorlar və reagentlərin alınması, ekoloji problemlərin həlli, müasir nanotexnologiyaların işlənməsi kimi məsələləri əhatə edir ki, bu da 10 yeni elmi  istiqamət deməkdir. Bu işlərin uğurla həyata keçirilməsi üçün elmi-tədqiqat işlərinin yerinə yetirilməsi prosesinə universitetin müəllim-professor heyəti ilə yanaşı, magistr pilləsinin tələbələri də cəlb edilmişlər.

SSSR-i dağıldıqdan sonra  Azad müəllimin Rusiya vətəndaşlığını qəbul edib Moskvada qalmaq şansı var idi. Lakin o, gələcək taleyini Azərbaycanla bağladı və həyatının mənasını doğma vətəninə xidmətdə gördü. Bununla yanaşı, ömrünün axırına kimi Moskvada Ümumittifaq Elmi-Tədqiqat Neft İnstitutunda şöbə müdiri kimi öz işini davam etdirmişdir.

Vətənini və xalqını çox sevirdi. Xalqımızın adət və ənənələrini digər xalqların ənənələri ilə müqayisə edər, öz adət və ənənələrimizə üstünlük verərdi.

Özü işgüzar olduğundan insanların potensialını onların iş qabiliyyəti ilə ölçürdü. Bu barədə onun öz ölçü vahidi var idi: “Bir insanın bacarığını yoxlamaq istəyirsənsə ona iş tapşır, həmin işi nə dərəcədə yerinə yetirəcəksə onun qabiliyyəti də o qədərdir” – deyirdi. İnsanları yoxlayır, bacarığını müəyyən edir, adətən hər kəsə qabiliyyətinə görə tapşırıq verirdi.

Bu fədakar elm fədaisinin ən böyük arzularından biri də, özünün dediyi kimi – “Özümdən sonra yolumu davam etdirən, məndən çox bilən, öz işini sevən professionallar yetişdirməkdən ibarətdir”. Əlbəttə, Azad müəllimin yaratdığı və bu gün də davam edən MƏKTƏB ona bu sözləri deməyə əsas verirdi.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra 1992-2001-ci illərdə Azad müəllim Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olmuş və Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik etmişdir. İki bir-birini tamamlayan bu yüksək vəzifələri şərəflə icra etmiş, Azərbaycanda elmin inkişafı üçün möhkəm zəmin yaratmışdır.                                          

Azad Mirzəcanzadənin kifayət qədər fəxri adları və mükafatları vardır: Azərbaycan SSR Əməkdar elm və texnika xadimi; SSRİ-nin Fəxri neftçisi; SSRİ EA-nın Qubkin adına mükafatı; SSRİ Qaz sənayesinin Fəxri işçisi; Azərbaycan SSR Dövlət mükafatı laureatı; 2 dəfə “Qırmızı əmək bayrağı” ordeni; Azərbaycan Respublikasının “İstiqlal” ordeni.

Azad müəllimin adını əbədiləşdirmək məqsədilə Rusiya Təbiət Elmləri Akademiyasında “Akademik Azad Mirzəcanzadə beynəlxalq gümüş medalı” və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Azad Mirzəcanzadə adına təqaüd” təsis edilmişdir.

Azad Mirzəcanzadəni “İstiqlal” ordeni ilə ulu öndər Heydər Əliyev təltif etmiş və onun 75 illik yubiley tədbirində şəxsən özü təqdim etmişdir. Təqdimat mərasimindəki təbrikində Heydər Əliyev Azad müəllimin elmi fəaliyyətini yüksək qiymətləndirərək aşağıdakı fikirləri söyləmişdir: “Dünyanın bir çox dillərində çap olunmuş əsərləriniz və nüfuzlu beynəlxalq konfranslardakı çıxışlarınızla, Siz Azərbaycan elmini ləyaqətlə təmsil etmisiniz. Respublikamız və çoxsaylı xarici ölkələr üçün hazırladığınız kadrlar haqlı olaraq fəxr edirlər ki, Sizin tələbələrinizdirlər”.

Bəli, bu gün biz hamımız Azad müəllimlə fəxr edirik! Bütün Azərbaycan xalqı yetişdirdiyi dünyaca məşhur oğlu ilə fəxr edir!

Texnika üzrə elmlər doktoru, əməkdar müəllim Hacan Hacisoy.

Müəllif: Ayna.az