“Mənim pulumla tikilən dayanacaqdan məndən pul almaqla qazanırlar” - ETİRAZ

Cəmiyyət

27.03.2024 - 14:39

Natiq Cəfərli: “Absurd qərarlar qəbul edir, bunu “insan üçün şəhər” şüarı ilə ört-basdır edirlər”

“Qış parkı adlanan ərazinin altında 4000 avtomobil üçün nəzərdə tutulmuş avtodayanacaq var. Şəhərin mərkəzi olduğuna görə logistik olaraq sərfəli yerdədir. Şəhərin mərkəzinə avtomobillərin girişini məhdudlaşdıranda rəsmilər deyirdilər ki, maşınları insanlar qapalı parkinqdə saxlaya, piyada mərkəzdə hərəkət edə bilərlər. İndi məmurlar Qış parkındakı yeraltı dayanacaqda uzunmüddətli dayanacaq qiymətlərini 170 faiz artırıblar. Əslində əksinə olmalı, gün ərzində çalışanların avtomobillərini orada park etməsini stimullaşdırmalı idilər”.

AYNA xəbər verir ki, bu sözləri REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli deyib.

İqtisadçı qeyd edib ki, ümumiyyətlə, son zamanlar “Davosun Azərbaycan uşaqları” avtomobil, parkinq məsələsində ciddi aktivləşiblər: “Ard-arda absurd qərarlar qəbul edib, bunu “insan üçün şəhər”, kimi cəlbedici şüarlarla ört-basdır edirlər. Əslində onların dərdi insan deyil, onlar məhz insansız şəhər, insansız dünya istəyirlər. Arzulayırlar ki, insanlar doğmasın, artmasın, istəyirlər ki, insan hər addımda asılı vəziyyətə düşsün, nəzarətdə qalsın, öz kimliyini və azadlığını könüllü şəkildə təhvil versin. “Pandemiya” zamanı və ondan sonra “Davosun uşaqları” dünyada, elə bizdə də aktivləşiblər, antiinsan, antiazadlıq gündəliyini sırımağa çalışırlar”.

“Daha bir məsələ odur ki, Qış parkını da, yeraltı dayanacağı da dövlət tikib, mənim - vətəndaşın pulu, vergiləri ilə inşa edib. İndi AYNA adlı bir quruma veriblər (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi), onlar da istədikləri tarifi müəyyən edir. Yəni mənim pulumla tikilən dayanacaqdan, məndən yenə pul almaqla qazanırlar. Bu, absurddur. Ora özəl yer deyil, özəl sektorun investisiyası ilə tikilməyib. Ölkədə kommunal xidmətlərin qiyməti artmayıb, yaxşı, nə baş verib ki, AYNA özündən qiymət icad edir?! Məndən pul yığır ki, AYNA-nın rəhbərliyi minlərlə manat maaş, mükafat alsın, özlərinə xarici səfərlər təşkil etsinlər?!”, - deyə Cəfərli etiraz edib.

Partiya rəsmisi qeyd edib ki, vətəndaş olaraq parkinqə pul verməyə hazırıq: “Amma o vəsaiti vətəndaşın seçdiyi mer institutuna ödəyək, seçkili mer institutu yaransın, şəhər təsərrüfatı ayrı-ayrı qalstuklu qlamur müəllimlərin deyil, vətəndaşın seçdiyi orqan, böyük şəhər bələdiyyəsinin əlində olsun. Biz də bilək ki, pulu kimə və niyə ödəyirik”.

Müəllif: Ayna.az