“Mən 190 manatı istəmirəm, arvadımı verin” – <font color=red> AXI NİYƏ?!</font>

Cəmiyyət

03.01.2021 - 10:20

Hökumətin arzusu: hamı Bəxtiyar Qurbanov və Nukala Kateşvaro kimi olsaydı...

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Yeni il gəldi. Ötən il xalqımız üçün bir neçə əlamətdar hadisə ilə yadda qaldı. Təbii ki, hadisələrin zirvəsində İkinci Qarabağ savaşında əldə etdiyimiz qələbə gəlir. Qələbə sevinci o qədər eyforiya yaratdı ki, hətta, dünyanı bürüyən koronavirus pandemiyasını da bir neçə günlük unutduq.

 

Amma qələbə sevinci Qarabağın gündəlik problemləri ilə əvəz olunmağa başladı. Bir də ayıldıq ki, yoluxma sayı artıq 4 rəqəmlə ifadə olunur. Təcili karantin və lokdaun! Yox, əziz oxucu, biz bu yazıda problemin tibbi aspektinə fikir yönəltməyəcəyik, hərçəndi ki, TƏBİB adlanan təşkilatın fəaliyyəti barədə yazılası və deyiləsi çox şey var. Başqa vaxta saxlayaq, kişilərin bayram ovqatını korlamayaq. Biz başqa məsələdən danışmaq istəyirik.

 

Dünyada nə vaxtsa koronavirus bitəcək, “taclı virus” həyatımızın gündəlik müşayətçisinə çevriləcək, lap elə adi qrip və ya herpes virusu kimi. Amma, mənə elə gəlir ki, virusun tuğyan etdiyi zaman Operativ Qərargah tərəfindən verilən qərarlar, lap elə uğurlu Şuşa əməliyyatı kimi, dərsliklərə düşəcək. Amma bu qərarlar Şuşa əməliyyatından - çətin situasiyada verilən, özünü doğruldan ekstremal qərardan daha çox, gələcək nəsillər tərəfindən “absurd” sözünün izahı zamanı istifadə ediləcək. Axı niyə belə düşünürəm?! İzah edim. 

 

Bizim hökumətin, xüsusən də Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın qərarları adamda elə bir təəssürat yaradır ki, sanki bu qurumların üzvləri hansısa super dövlətin xüsusi gizli bir laboratoriyasının əməkdaşları, əhalimiz isə təcrübə siçanlarıdır - hansıların ki, üzərində elə siçan ilində təcrübələr qoyulurdu. Hökumətimiz hələ birinci lokdaun dövründə işsiz qalan insanların ailələrinə 190 manat birdəfəlik yardım verilməsinə başlamışdı. Yarı əyri-yarı düz, o zaman birinci lokdaunu yola verdik. İndi isə gəldik ikinci lokdaun zamanı verilən 190 manatlara.

190 manat pulu almaq istəyənlərin nəzərinə — İZAH

2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək tətbiq olunan məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınaraq, əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan, təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardım göstəriləcək. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, eyni zamanda, zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara yardım edilməsi də nəzərdə tutulur.

 

İlk baxışdan əla qərardır, amma yenə də bu kişilərin işini bəyənməyib, dili dinc durmayanlarda bir sıra suallar yaradır. Söhbət verilən məbləğin mizerliyindən, ondan “Fatıya çox çətinliklə bir tuman” tikməyin mümkün olub-olmamağından getmir. Söhbət meyarlardan gedir. Dedilər ki, bu yardımlar yenə də 600 min şəsxə verilib və indi yeni müraciət etməyə heç bir ehtiyac yoxdur.

 

Maraqlıdır, görəsən, bu qərarı verənlər ali məktəblərdə “Məntiq” dərsindən niyə qaçıb, vaxtlarını çayxanada keçiriblər? Qaçmasaydılar, fikirləşərdilər ki, ötən aylarla müqayisədə bu “600 min” rəqəmi sözsüz ki, dəyişib: ölən, iş tapan, işini itirən və sair var ki, onlara görə yeni müraciətlərə baxmağa dəyər. Bu da bir yana...

 

Uzun-uzadı danışıb, Operativ Qərargahın üzvlərini öz “ağıllı” iradlarımla yormayacam. Sadəcə, insanların sosial şəbəkələrdə rast gəldiyim iradlarıni dilə gətirəcəyəm. Bəlkə Operativ Qərargah üzvlərinin başı xalqın problemlərinə o qədər qarışıb ki, heç sosial şəbəkələrə baxmırlar.

 

Məsələn, insanlar soruşurlar:

 

“Necə olur ki, mənim adıma bir köhnə “Jiquli” və rayonda 5 sot əkin sahəsini əsas gətirərək, yardım vermirlər? Qəfil bağlanan iş yerləri və hərəkət məhdudiyyəti varsa, mən o torpaqdan necə qazanc götürüm? Maşın bazarı da açıq deyil ki, maşınımı satıb, pulunu yeyim. Elə avtomobil saytlarında da durğunluq var, alver yoxdur. İş yeri bağlanan, Bakıda yaşasa da, torpağı rayonda olan insan bu sərtləşdirmə dövründə nə yesin və nəynən alsın?”

 

Evində xəstə uşağa görə, hökumət ona 200 manat pensiya verir. Bunu əsas gətirərək, ona yardım vermirlər. Ay Operativ Qərargah! Bu pulu hökumət xəstə uşağın dərmanları üçün verir. Bunu ərzağa versələr, uşağa dərmanı nəynən alsınlar?

 

Azərbaycanın rayonlarının birində adama cavab gəlir ki, arvadın işlədiyi üçün sənə yardım düşmür. Adam bir az qüsurlu olduğu üçün, evlənə bilməyib. İndi özünü dağıdır ki, “mən 190 manatı-filanı istəmirəm, arvadımı verin”... No comment!

 

Yəqin ki, bu sətirləri oxuyn Qərargah üzvləri indi öz rəhbərliklərinin onlayn qəbuluna düşərək, mətbuatın onların gecə-gündüz xalq yolunda işlməsini gözləri götürmədiyini başa salmağa çalışacaqlar. Ancaq tənqid səhvlərin düzəldilməsi üçün edilir, “sifətiniz əyridirsə, Aynanı sındırmayın, sifətinizi düzəldin”.

 

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramını arxada qoyduq. Gec də olsa, bu münasibətlə siçan ilinin məziyyətlərindən çıxan xalqımızı təbrik edir, yeni ildə onlara öküz kimi dözümlü olmağı arzu edirəm! Bu qərarlar ki, bizdə verilir, hələ çoox dözümlü olmalıyıq!

 

Elə Operativ Qərargah üzvlərinin də bayramını təbrik edir, onların da arzularının yerinə yetməsini arzu edirəm. Şübhəm yoxdur ki, onların Yeni il arzularının sırasında əhalimiz içərisində Ağstafadan olan Bəxtiyar Qurbanov və Hindistandan olan Nukala Kateşvaro Rao kimi insanların çox olması arzusu da var. Hindli gün ərzində 1-2 kiloqram torpaq yeməsi, Ağstafa sakini isə şüşə və metal yeməsi ilə məhşurlaşmışdılar bir vaxtlar. Belə insanlarımız çox olsa, Operativ Qərargahımızın qərarlarını icra etməyə nə var ki! Bayramınız mübarək!

Müəllif: Yoldaş Mircəfər