Məlumat verən şəxslərin mükafatlandırılması üzrə Qazaxıstan nümunəsi

Cəmiyyət

23.03.2024 - 10:06

Qazaxıstan Respublikası Hökuməti 2012-ci ildə Korrupsiya hüquqpozması haqqında məlumat vermiş və ya korrupsiyaya qarşı mübarizəyə başqa yolla köməklik göstərən şəxslərin həvəsləndirilməsi Qaydalarını təsdiq edib. Həmin qaydalar 2020-ci il tarixində dəyişiklik edilməklə, hazırda qüvvədədir.

Bu Qaydalar korrupsiya hüquqpozması haqqında məlumat vermiş və ya korrupsiyaya qarşı mübarizədə başqa şəkildə köməklik göstərən şəxsə birdəfəlik pul mükafatı hüququnun ödənilməsi qaydasını tənzimləyir. Ödənişlər respublika büdcəsindən həyata keçirilir.

Maraqlıdır ki, Qazaxıstan Respublikası hökuməti hesabatlarda qeyd olunan rüşvətin məbləğindən və ya korrupsiya cinayəti nəticəsində dəymiş zərərdən asılı olaraq pul mükafatlarını fərqləndirir. Xüsusilə, verilmiş məlumatda rüşvətin və ya vurulmuş zərərin məbləği və ya göstərilən imtiyazlar və ya göstərilən xidmətlərin dəyəri 1000 aylıq Hesablama Göstəricisindən artıq olmayan korrupsiya hüquqpozmalarına aid edildiyi hallarda birdəfəlik pul mükafatlarının məbləğləri aşağıdakı qaydaya əsasən müəyyən edilir (Hesablabama Göstəricisi - HG; 2020-ci ildə 1 HKİ – 2 651 tengeyə, və ya 6 ABŞ dollarına bərabərdir):

1)      korrupsiya ilə əlaqədar hüquqpozmalara dair inzibati işlərə görə - 30 HG (180 ABŞ dolları)

2)      xırda korrupsiya cinayətləri ilə bağlı cinayət işləri üzrə - 40 HG (240 ABŞ dolları)

3)      orta ağırlıqda olan korrupsiya cinayətləri üzrə cinayət işləri üzrə – 50 HG (300 ABŞ dolları)

4)      ağır korrupsiya cinayətləri ilə bağlı cinayət işləri üzrə - 70 HG (420 ABŞ dolları)

5)      xüsusilə ağır korrupsiya cinayətləri ilə bağlı cinayət işləri üzrə - 100 HG (600 ABŞ dolları)

6)      Rüşvətin və ya vurulmuş zərərin məbləği və ya göstərilən imtiyazların və ya göstərilən xidmətlərin dəyəri 1000 HG-dən (6000 ABŞ dolları) çox olduqda, birdəfəlik pul mükafatı bu məbləğlərin 10 faizini, lakin 4000 HG-dən (24000 ABŞ dolları) çox olmamaqla müəyyən edilir.

Qərarda belə mükafatın alınmasının şərtləri və əsasları öz əksini tapır. Xüsusilə, yardım korrupsiya ilə bağlı hüquqpozma barədə məlumat verməyi; törədilmiş cinayətlə əlaqədar axtarışda olan şəxsin olduğu yer haqqında məlumatı əhatə etməlidir. Digər yardımlar korrupsiya hüquqpozmalarının aşkar edilməsi, qarşısının alınması, aşkarlanması və araşdırılması üçün əhəmiyyətli olmalıdır. Pul mükafatı yalnız məlumat doğru olduqda (təsdiq edildikdə) mümkündür.

Qazaxıstan hakimiyyətinin məlumatına görə, Korrupsiyaya qarşı mübarizə xidmətinin (Korrupsiyaya qarşı Mübarizə Milli Bürosu) məlumat kitabında qeydə alınmış korrupsiya hüquqpozmalarına dair məlumatların ümumi sayı 2015-ci ildə 3308, 2016-cı ildə 1623 olub. 2012-2015-ci illərdə 343 nəfər ümumilikdə 40,7 milyon tenge (91 min ABŞ dolları) məbləğində mükafatlandırılıb. 2020-ci ilin birinci rübündə Korrupsiyaya qarşı Mübarizə Milli Bürosunun Çağrı Mərkəzinə korrupsiya ilə bağlı 226 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çoxdur. Hər verilmiş 10-cu məlumat təsdiqlənib.

Görünür, əsasən bu siyasət sayəsində Qazaxıstan Respublikası Korrupsiyanı Qavrama İndeksində öz mövqeyində tədricən yaxşılaşma nümayiş etdirir. Xatırladaq ki, bu reytinq beynəlxalq qeyri-hökumət təşkilatı Transparency İnternational tərəfindən aparılır.

Bu məqalə “Məlumat verən şəxslərin müdafiəsinə dair qanunvericiliyin təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində hazırlanıb.

Müəllif: Ayna.az