"Özləri ittiham irəli sürdülər, özləri işgəncə verdilər, bidətçini özləri yandırdılar"
"Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar inkvizisiya üsullarını xatırladır". AYNA Rusiya mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş Prezident Dmitri Medvedyev deyib.
“Qərb dünyasının Rusiya dövlətinə, iqtisadiyyatına və biznesinə qarşı indiki sanksiyaları "Inquisitio Haereticae Pravitatis Sanctum Officium" metodlarını çox xatırladır. Onlar özləri ittiham irəli sürdülər, özləri işgəncə verdilər, hökmü özləri verdilər, bidətçini özləri yandırdılar", - deyə Medvedyev "Telegram" kanalında yazıb.
Qeyd edək ki, Ağ Evin mətbuat katibi Cen Psaki aprelin 6-da ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb. Onun sözlərinə görə, sanksiyalar Rusiyanın dövlət məmurlarına, onların ailələrinə, dövlət maliyyə institutlarına və dövlət müəssisələrinə qarşı yönələcək.
Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Klement Bon isə deyib ki, Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyaları aprelin 6-da da qəbul edilə bilər.