Təhlükəsizlik Şurasının sədr müavini Medvedçukdan ifadə alanlara qapıları möhkəm bağlamağı tövsiyə edib
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş Prezident Dmitri Medvedev Ukraynanın “Müxalifət Platforması - Həyat Naminə” Partiyasının Siyasi Şurasının rəhbəri Viktor Medvedçukun yaxalanmağından danışıb.
AYNA Rusiya mediasına istinadən bildirir ki, Medvedev Medvedçukun ifadə almaq istəyənlərə “ətraflarına diqqətlə baxmağı” tövsiyə edib: “Özlərini Ukrayna hakimiyyəti adlandıran ayrı-ayrı qəddarlar bildirirlər ki, Medvedçukun ifadəsini almaq, ondan Rusiya əleyhinə dəlil toplamaq, sonra onu tez və ədalətli şəkildə mühakimə etmək, sonra isə onu əsirlərlə dəyişmək istəyirlər. Ətrafa diqqətlə baxmalı və dəyişdirilənlərin özlərindən biri olmamaq üçün gecələr qapıları möhkəm bağlamalıdırlar".
Qeyd edək ki, Medvedçuk dövlətə xəyanət, müharibə qanunlarını və adətlərini pozmaq, terrora yardım, Krımda faydalı qazıntı yataqlarının mənimsənilməsi işində şübhəli bilinir. O, 2021-ci ilin may ayının ortalarından ev dustaqlığındadır.
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi başlayandan sonra siyasətçi ev dustaqlığından qaçıb. Martın 18-də Ukrayna Dövlət Təhqiqatlar Bürosu “Müxalifət Platforması - Həyat Naminə” Partiyasının liderinin qiyabi həbs edildiyini, onun beynəlxalq axtarışa verildiyini elan edib.
Aprelin 12-də Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Təhlükəsizlik Xidmətinin (SBU) Medvedçuku yaxaladığını elan edib və siyasətçinin fotosunu paylaşıb. Fotodan görünür ki, Medvedçuk Ukrayna Ordusunun geyimində olub.
Xatırladaq ki, Rusiya Dövlət Dumasında "Ukraynanın demilitarizasiyası üzrə hərbi xüsusi əməliyyatın" başlamasından sonra Moskva ilə dialoqda Zelenskiyə alternativ olaraq Medvedçukun namizədliyi təklif edilib.
Medvedçuk Ukraynada Rusiyanın "5-ci kolon"unun lideridir. İddialara görə, Rusiya Ukraynanı işğal etdikdən sonra orada hakimiyyət başına Medvedçuku gətirməyi planlaşdırırmış.
Onu da əlavə edək ki, Rusiya Prezidenti Vladimir Putin Medvedçukun övladlarının "xaç atası"dır.