"Mədəni xalq"ın barbarlığı: "Havadarları bu vəhşiliyi, əxlaqsızlığı görmürlər?" 

Aktual

18.04.2023 - 16:40

Aqil Abbas: "Paşinyanın ailəsinə bağlı bir erməni onlardan xəbərsiz belə əclaflığı edə bilərmi?! Mən inanmıram"

Aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırıldı. Bayrağımıza qarşı bu vandallığı törədən Ermənistan İctimai Televiziyanın dizayneri, stilistika studiyasının rəhbəri Aram Nikolyan olub. Bayrağın yandırılması ilə bağlı Azərbaycan tərəfi etiraz edib və yarışa qatılmaq üçün İrəvana gedən atletlərimiz çempionatda iştirakdan imtina edərək Bakıya qayıdıblar.  

Azərbaycanın Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə bəyanatında deyilir ki, buna səbəb Ermənistanın təhlükəsizliyi təmin etməməsidir.

“Ermənistanda belə bir nifrət mühitinin hökm sürdüyü, təhlükəsizliyin təmin edilmədiyi bir şəraitdə psixoloji təzyiqlərə görə Azərbaycan idmançılarının yarışlarda normal şəkildə iştirakı mümkünsüzdür. Bütün bunlar nəzərə alınaraq, Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edildi", - nazirliyin açıqlamasında qeyd olunub. 

Bəyanatda bildirilir ki, idmanın siyasiləşdirilməsi yolverilməzdir. İnsidentlə əlaqədar Azərbaycanın Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi əməlin beynəlxalq miqyasda pislənilməsinə və Avropa Ağır Atletika Federasiyasından Ermənistana qarşı sanksiya tətbiq olunmasına çağırıb.

Ermənistanda Azərbaycanın Dövlət bayrağının yandırılması faktı ilə bağlı Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin zor tətbiq edilməklə milli nifrət və düşmənçiliyin salınması, qulluq mövqeyindən istifadə etməklə milli nifrət və düşmənçiliyin salınması və Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər maddələri ilə cinayət işi başlanıb.

Ermənistan mediası isə bildirir ki, Azərbaycan bayrağını yandırdığına görə Baş nazir Nikol Paşinyanın ofisi Nikolyanı işindən azad edib.  Dizaynerin özü isə "Facebook" səhifəsində videomüraciətində deyib ki, onun hərəkəti heç vaxt heç bir siyasi qüvvənin üzvü olmayan erməninin hərəkətidir: “Mənim arzum odur ki, Ermənistanın paytaxtı İrəvanda Azərbaycan bayrağı dalğalanmasın. Əgər belə hesab edənlər varsa, mən bunu etməməliydim. O zaman evlərində Azərbaycan bayrağını assınlar".

Azərbaycan bayrağını yandıran Nikolyanın vəkili Aleksandr Koçubayev Ermənistan hüquq mühafizə orqanlarında ona qarşı hər hansı ittihamın olmadığını bildirib: "İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran dizayner Nikolyanın işdən çıxarılmasının planlaşdırıldığı barədə məlumat aldıq. Nikolyan İctimai Televiziyada dizayn studiyasının rəhbəridir. Məlumatlar mediadan da əldə edilir. Rəsmi səviyyədə heç nə deyilməsə də, Nikolyan istefa ərizəsi təqdim etməyib. Əgər bu baş verərsə, qanunsuz olacaq, məhkəmə prosesləri davam edəcək”. 

Hadisəni törədən gün erməni polisi Nikolyanı saxlasa da, bir neçə saatdan sonra sərbəst buraxıb. Eyni zamanda, dizaynerin vəkilinin açıqlaması onu göstərir ki, Paşinyanın onu vəzifəsindən azad etməklə bağlı göstərişi olmayıb. Bununla yanaşı, sözügedən şəxsin Paşinyan ailəsinə yaxın olduğu, həm də Baş nazirin həyat yoldaşı Anna Akopyanın dizayneri olduğu barədə məlumatlar var. Azərbaycan ictimaiyyət nümayəndələri hesab edirlər ki,  bu faktlar onu deməyə əsas verir ki, Azərbaycan bayrağının yandırılması əvvəlcədən hazırlanmış təxribatdır. 

Milli Məclisin deputatı Aqil Abbas AYNA-ya bildirib ki, bu hərəkətin arxasında birbaşa Paşinyan hakimiyyəti dayanır: "Paşinyanın da qatıldığı açılış mərasimində Azərbaycan bayrağı yandırılırsa, buna göz yumulursa, demək ki, hər şey aydındır. Dedilər ki, guya Paşinyan onu cəzalandırıb, sonra məlum olur ki, elə bir şey yoxdur. Ümumiyyətlə, ermənilər türkə qarşı, türkün atributuna qarşı hansı axmaqlığı edirsə, onun arxasında dayanırlar". 

"Paşinyanın ailəsinə bağlı bir erməni onlardan xəbərsiz belə əclaflığı edə bilərmi?! Mən inanmıram. Ümumiyyətlə, ermənilərin xisləti budur. Onlar sülhü istəmirlər. Nə o vaxt istəyiblər, nə də indi istəyirlər. Bayraq yandırmaq kimi cılız bir işi ancaq ermənilər törədə bilərlər. Azərbaycan əsgərinin qarşısında dizləri əsən ermənilər ancaq bayrağımızı yandıra bilərlər", - deputat vurğulayıb. 

Millət vəkili ermənilərin havadarlarına da səslənib: "Budurmu, "mədəni erməni xalqı"? İndi baxsınlar, görsünlər ki, kimdir barbar, vandal, vəhşi, mədəniyyətdən xəbərsiz xalq. Bizdə belə bir hərəkət olsaydı, indi bəyanat bəyanat dalınca idi. Amma ermənilərə "mədəni xalq" deyən avropalılar nəyə görəsə, susublar. Bu vəhşiliyi, əxlaqsızlığı görmürlər?! Əlbəttə, görürlər, amma görməzlikdən gəlirlər". 

"Bir neçə il əvvəl Bakıda yarış keçirilirdi, ermənilər də gəlmişdi. Onların qalib olan idmançısının medalını şəxsən Prezident İlham Əliyev təqdim etdi. Bunun videosu da var, istəyən "YouTube"də açıb baxa bilər. Bu, liderimizin timsalında bizim mədəniyyətimizdir. Paşinyanın oturduğu zalda Azərbaycan bayrağının yandırılması da ermənilərin mədəniyyətsizliyinin, barbarlığının göstəricisidir", - deyə A.Abbas fikrini tamamlayıb. 

Müəllif: Anar Bayramoğlu