Mat qalan “dahi şahmatçı”, hıçqıran erməni revanşizmi və yeni savaş səbəbi

Siyasət

31.12.2023 - 12:15

Sarqsyan Azərbaycana növbəti müharibəyə başlamaq üçün əsas verir

Azərbaycanın şanlı qələbəsi və ölkənin ərazi bütövlüyünün çoxdan gözlənilən bərpası ilə yadda qalan ötən ilin sonunda Ermənistanın üçüncü prezidenti, separatçı hərəkatın və Azərbaycanın ərazi bütövlüyünün pozulmasının kökündə dayanan, əlləri qətlə yetirilən mülki azərbaycanlıların qanına bulanan Serj Sarqsyan özünü xatırlatmaq qərarına gəlib.

O, jurnalistlərə açıqlamasında Qarabağ xuntasının lideri Samvel Şahramanyanla görüşdüyünü bildirib: “Düşünürəm ki, Şahramanyan xalqımıza xeyir verəcək, onu əbədi olaraq rüsvay etməyəcək və istənilən şəxsin, hətta prezidentin də birtərəfli qərarla respublikanı ləğv edə bilməsi ehtimalını aradan qaldıracaq bir həll yolu tapacaq. Belə presedentlər olmayıb və ola da bilməz”.

Şahramanyan Qarabağ xuntasının özünü buraxması haqqında “sənəd” imzaladı və Ermənistana gəldikdən sonra bundan imtina etməyə başladı. Bu, çox ermənisayağı bir addımdır və heç kim Şahramanyanı buna görə qınamır, amma onun imzaladığı kağız parçasının heç bir hüquqi qüvvəsi olmadığını aktiv şəkildə müzakirə edirlər.

Erməni revanşistlər böyük həvəslə inanırlar ki, Şahramanyanın imzaladığı “sənəd”dən imtina etməsi regionda vəziyyəti kökündən Qarabağ separatçılarının xeyrinə dəyişəcək. Sarqsyan Şahramanyanın “faydalı həll” tapacağına ümid etdiyi “Artsax”ı dünyada kim tanıyıb?

Hələ 2011-ci ilin avqustunda Sarqsyan gənclərə müraciət edərək onun nəslinin Qarabağı “fəth etdiyini”, gələcək nəsillərin isə “Araratı fəth etməli” olduğunu bəyan edərək, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini və Türkiyəyə qarşı ərazi iddiaları olduğunu etiraf edib.

Dörd il sonra Sarqsyan öz sözlərinə inanaraq bildirdi ki, “Ermənistan deyəndə Qarabağın onun tərkib hissəsi olduğunu nəzərdə tutur”.

İndi isə o, məğlubiyyəti qəbul etməyərək, Azərbaycanla barışıq və dialoqa imkan verməyərək, yenidən erməni xalqını qurban verməyə hazırdır. Axı Ermənistan ərazisində separatçı strukturlar fəaliyyətini davam etdirsə, bu, Azərbaycana yeni müharibəyə başlamaq üçün əsas verəcək və bunun məsuliyyəti Şahramanyan və onun tərəfdarlarının üzərinə düşəcək.

Görünür, Sarqsyan yeni müharibəyə can atır, onun fikrincə, bu müharibədə Ermənistan qalib gəlməlidir. Məsələn, Bakının sülh müqaviləsinə revanşı istisna edən bəndin daxil edilməsi tələbini şərh edən Serjik qeyd edib ki, o, uzun illər şahmat oynayır və “qisas almaqda pis heç nə görmür”.

“Baş verənlər Azərbaycan üçün revanş idimi? Əgər belədirsə, onda niyə onlara olar, amma bizə yox? Doğrudanmı biz o yerə gəlib çatdıq ki, onlar hər şeyi edə bilərlər, amma biz heç nə edə bilmirik?”, - deyə Sarqsyan iddia edib.

Özünü görkəmli qrossmeyster kimi təsəvvür edən Serjik unudur ki, şahmat oyunlarına olan meyli 2018-ci ildə hakimiyyəti əldə saxlamağa kömək etməyib. Planlaşdırılan rokirovka uğursuz oldu, baxmayaraq ki, bunun üçün Konstitusiyanı da dəyişdirdi. İndi isə onun növbəti hərəkətlərini diqqətlə düşünərək, görürsən ki, özünü görkəmli şahmatçı kimi göstərmək cəhdləri əbəs və gülüncdür.

Həyat Sarqsyanı çoxdan mat edib. İndi o, açıq-aşkar uzaqgörməzliyinin, aşkar avantürizminin və hədsiz axmaqlığının bəhrəsini dadır. Erməni xalqını acı məğlubiyyət və uzun sürən sosial-iqtisadi böhrana, uçuruma sürükləyən Serjik hələ də qisas haqqında danışmağa cəsarət edir.

Sarqsyandan fərqli olaraq, istənilən ayıq başlı siyasətçi çox gözəl anlayır ki, Ermənistanın qisas cəhdləri bu ölkənin dünyanın siyasi xəritəsindən silinməsinə gətirib çıxara bilər. Sarqsyanın bütün siyasi fəaliyyəti göstərir ki, o, erməni xalqının maraqlarını dərindən düşünmür.

Onun Ermənistanda hakimiyyətdə olduğu illər terror, həbslər, təqiblər və irimiqyaslı korrupsiya dövrləri kimi yadda qalıb. Odur ki, “dahi şahmatçı” qisas xəyalındansa bu haqda danışsa, yaxşı olar...

Müəllif: Asif Aydınlı