Masadakı “status” və Bakının qəti imtinası: “İrəvana konkret vaxt verilməlidir”

Siyasət

11.05.2023 - 14:10

İlham İsmayıl: “Deyilməlidir ki, bu tarixədək silahlılar ərazilərimizi tərk etməlidirlər, əks təqdirdə, onlar üçün nəticələr ağır olacaq”

Azərbaycanla Ermənistan arasında sülh danışıqları yenidən aktiv fazaya qayıdıb. Ötən həftə hər iki ölkənin xarici işlər nazirləri ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Vaşinqtonda silsilə müzakirələr apardılar. Dörd gün davam edən danışıqlarla bağlı rəsmi açıqlamalarda sülh gündəliyinin müzakirə edildiyi, müəyyən irəliləyişlərə nail olunduğu bildirildi. Nazirlərin Vaşinqton görüşünün detalları tam açıqlanmasa da, ekspertlər müsbət nəticələrin hələ ki, əldə edilmədiyi qənaətindədirlər.

Dünən yayılan məlumata görə, XİN başçıları yaxın günlərdə Brüsseldə, daha sonra isə Moskvada sülhü müzakirə edəcəklər. Onu da xatırladaq ki, mayın 14-də Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə görüş olacaq.

Politoloqlar hesab edirlər ki, diplomatik təmasların intensivliyi ümumi prosesin xeyirinə olsa da, İrəvan hələlik yekun sülhlə bağlı zaman qazanmaq niyyətində görünür. Və qeyd edilir ki, bu, Ermənistan-Azərbaycan şərti sərhədində və Qarabağda hərbi gərginliyi artıra bilər. Baş verən proseslərlə bağlı AYNA-nın suallarını təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl cavablandırıb. Ekspert xatırladıb ki, iki il yarımdır müharibə bitib, ondan sonra sülh danışıqları müxtəlif formatlarda davam edir:

- Əsasən də qlobal güclər arasında sanki vasitəçilik uğrunda mübarizə gedir. 2022-ci ildə Brüssel formatı kifayət qədər uğur qazanmışdı. Ötən ilin avqustun sonunadək aparılan danışıqlardan sonra ümid var idi ki, ilin axırınadək sülh sazişi imzalanacaq. Amma ermənilərin sentyabrın 13-14-də sərhəddəki təxribatı, itkilər prosesi pozdu. Təbii ki, bu təxribatları Ermənsitan təkbaşına həyata keçirmir, onun havadarı olan Rusiyanın burada rolu var. Daha sonra oktyabrın əvvəlində Praqada liderlərin görüşündən sonra müəyyən razılıqlar əldə olundu, amma Rusiya Prezidentinin “Valday”dakı çıxışı, liderlərin Soçi görüşü sülhlə bağlı prosesi tormozlamış oldu. Nəinki sülh müqaviləsi imzalanmadı, Vaşinqton görüşünədək – yəni ki, 6 ay danışıqlar demək olar ki, donduruldu. Münhen Təhlükəsizlik Konfransında liderlərin təması danışıq deyildi, Blinkenin təşəbbüsü ilə sadə görüş idi.

- Nəhayət, 6 aydan sonra Vaşinqtonda XİN başçıları səviyyəsində görüş oldu. Sizcə, 4 günlük danışıqların hansısa nəticəsi oldumu?

- XİN başçılarının Vaşinqton danışıqları barədə nəinki Azərbaycan və Ermənistan mediasında, ümumiyyətlə, dünya mediasında informasiya qıtlığı var. Detallar açıqlanmır. Blinkenin də, Bakı və İrəvanın da rəsmi açıqlamalarında danışıqlarda tərəqqinin olduğu bildirilir. Amma açar məsələlərdə mövqe fərqliliyi hələ də qalır. Bu, əlbəttə, razılaşmanın tezliklə baş tutmayacağına işarədir.

- Sizcə, mövqe fərqliliyi nələrdədir?

- Təxminən bilirik ki, nələrdə razılıq əldə olunmur. Xüsusilə, fərqli mövqeni yaradan Bakı yox, İrəvandır. Əsas məsələ Qarabağın “statusu” ilə bağlıdır. Bakının bütün iddiaları beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur. Azərbaycan öz ərazisi bütövlüyünün tanınmasını tələb edir. İrəvandan isə yüksək səviyyədə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildirsələr də, Qarabağı bu məsələdən ayırırlar. Bu zaman mövqelərdə uzlaşma yaranmır. Azərbaycan Prezidenti İkinci Qarabağ müharibəsi dövründə də, Üçtərəfli Birgə Bəyanatı imzalayandan sonra da açıq və birmənalı şəkildə bildirib ki, heç bir status olmayacaq. Çünki Qarabağ Azərbaycanın daxili işidir. Lakin bütün danışıqlarda inzibati ərazi vahidi nəzərdə tuitulmaqla Qarabağda Azərbaycanın tərkibində özünüidarəetmə məsələsi qaldırılır. Vaşinqtonda da bu məsələ qaldırılıb. Azərbaycan isə bununla haqlı olaraq razı deyil. Bizə əlavə “mina” lazım deyil. Vaxtilə “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı “mina” qoyulmuşdu, sonralar biz bunun əziyyətini 30 il çəkdik, indi də çəkirik. Demək istədiyim odur ki, mövqelərdə fərqlilik buradadır. Bunlar sülhün əldə olunmasını ləngidir. Bütün hallarda, Ermənistan sülhdən uzaq davranışlar sərgiləyir.

- Bakı bundan sonra hansı addımı atmalıdır?

- İkinci Qarabağ müharibəsindən sonra bizi ən çox danışıqlara cəlb ediblər. Danışıqlarda da əsas məsələlər delimitasiya və demarkasiya, nəqliyyat-kommunikasiyaların açılması, parlamentari və ictimaiyyətin görüşü və s. bu istiqamətlər olub. Amma konkret sülh sazişi ilə bağlı, ciddi problemlərin həlli ilə əlaqədər nəsə deyilmir. Məsələn, hazırda sülhməramlıların nəzarətindəki, daha doğrusu, erməni yaraqlılarının hələ də işğalında olan ərazilərdə Azərbaycanın suverenliyinin təminindən danışmırlar. Halbuki Bakı bunu tələb edir.

Hesab edirəm ki, Azərbaycan strateji hədəflərinə doğru israrla addımlamalıdır ki, bunu da edir. Məsələn, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qoyulması idi ki, bunu artıq Bakı həll etdi.

- Növbəti addım nə olmalıdır?

- Biz diqqəti daha çox Qarabağda suverenliyin təmininə yönəltməliyik. Dövlət nəzarəti təmin edilməlidir. İlk növbədə Qarabağdakı erməni silahlıları oradan çıxarılmalıdır. Artıq bu barədə bəyanat verilməməlidir, konkret əmələ keçilməlidir. Məsələn, mayın sonunadək vaxt vermək lazımdır. Deyilməlidir ki, bu tarixədək silahlılar ərazilərimizi tərk etməlidirlər, əks təqdirdə, onlar üçün nəticələr ağır olacaq. Bu xəbərdarlıq edilməlidir. Konkret vaxt qoyulmasa, onlar Qarabağdan çıxmayacaqlar. Məsələni danışıqlar labirintinə salmamalıyıq. Çünki danışıqlar labirintə salınsa, məsələ uzanacaq. 

Müəllif: Anar Bayramoğlu